525.Az

Məcburi köçkün yaşadığı evdən çıxarılır


 

Məcburi köçkün yaşadığı evdən çıxarılır<b style="color:red"></b>

Məcburi köçkün yaşadığı mənzildən çıxarılma təhlükəsiylə üz-üzə qalıb.

525.az-ın məlumatına görə, bir müddət əvvəl Laçın rayonundan məcburi köçkün Fizuli Təhməzov yaşadığı mənzildən çıxarılması ilə bağlı redaksiyamıza şikayət məktubu ilə müraciət edib. F.Təhməzovun özünün dediyi kimi Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 1993-cü ildən indiyədək Yeni Yasamal 1, bina 13, mənzil 8-də məskunlaşıb. O, indi məskunlaşdığı mənzildən çıxarılmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib. F.Təhməzovun sözlərinə görə, 5 aydan artıqdır mənzil mübahisəsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə gəlib gedir:

«Bu məsələ ilə bağlı 2 dəfə hakim dəyişilib və indi iş hakim Sərdar Mehrəliyevdədir».

Keçirilən məhkəmə prosesi zamanı iddiaçı tərəf İbrahim Əhmədov vəkili hüquqi prosedura uyğun olaraq tələb olunan sənədləri hakim S.Mehrəlieyvə təqdim edib. Hakim çıxışı zamanı qeyd edib ki, məsələnin həlli üçün Yasamal rayon İcra Hakimiyyətindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən nümayəndələr dəvət edilsələr də, adları çəkilən qurumların nümayəndələri məhkəməyə gəlməyib.

Məhkəmə prosesi zamanı cavabdeh tərəf F.Təhməzovun vəkili Yasamal rayon İcra Hakimiyyətinin və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etmədiyi üçün prosesin təxirə salınması ilə bağlı müraciət edib. Hakim S.Mehrəliyev prosesi oktyabrın 23-nə kimi təxirə salıb.        

Məhkəmə başa çatdıqdan sonra F.Təhməzov bildirib ki, 1993-cü ildən etibarən Yeni Yasamal 1, bina 13, mənzil 8-də məskunlaşdıqları dövrdə həmin evlərdə heç bir kommunikasiya və s. vasitələr olmayıb: «Biz həmin binada məskunlaşan zaman bu tikilinin yalnız bünövrəsi və divarları var idi. Bütün tikinti işlərini özümüz həyata keçirərək burada özümüzə mənzil formalaşdırmışıq. Mənzilin təmirini də özüm etmişəm. Komunal xidmətlərin–işıq, qaz, su pulunun ödənişini təsdiq edən bütün sənədlərin hamısı mənim adımadır. Lakin indi heç tanımadığım, görmədiyim bir nəfər bizi bu mənzildən çıxarmaq istəyir».

F.Təhməzov bunun yolverilməz hal olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Yasamal rayon 19 saylı Mənzil İstismar İdarəsinin  rəisi Sadiq Tağıyev bu işlərdə yaxından iştirak edir: «Bu hal artıq bir neçə dəfədir təkrar olunur. Beləki, həmin evlərdə qeydiyyat olan şəxslərlə görüşüb onlara bu mənzillərdə müvvəqəti məskunlaşan biz məcburi köçkünlərin çıxarılmasına köməklik göstərir. Əminəm ki, Sadiq Tağıyevin bu əməllərindən nə Prezident İlham Əliyevin, nə də Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin xəbəri var».    

F.Təhməzov bildirib ki, iddiaçı tərəf İbrahim Əhmədov Yasamal Rayon Məhkəməsinə etdiyi müraciətində bizim bu mənzildən çıxarılmağımızı tələb edir: « 20 il müdətində bu adam harada idi, indi gəlib deyir, «bu mənzil mənimdir və oradan çıxmalısınız». Bəs biz 7 nəfərlik ailə bu evdən çıxarılsaq, harada məskunlaşacağıq? Çünki nə evlə təmin edilmişik, nə də torpaqlarımız işğaldan azad edilib. Təbii ki, torpaqlarımız qayıtsa və ya evlə təmin edilsək bu evdə qalası deyilik.
Bir məsələ də maraqlıdır ki, biz bu mənzildə yaşayırıqsa, digər şəxsə necə order verilə bilər? Hər halda bu zaman o mənzilə baxılmalı, oradakı vəziyyət araşdırılmalı idi. Fikrimcə, 19 saylı Mənzil İstismar İdarəsinin də bu işdə əli var».

F.Təhməzov məsələ ilə bağlı Prezident İlham Əliyevə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etdiyini də diqqətə çatdırıb.

BƏXTİYAR

 





17.10.2012    çap et  çap et