525.Az

İnana bilmirəm...


 

İnana bilmirəm...<b style="color:red"></b>

Deyirlər, həyatının son anlarında insanın gözləri qarşısından bütün ömrü ani olaraq keçib gedir. Bilmirəm, bəlkə belədir. Amma uzun illər boyu yaxından tanıdığın, ünsiyyətdə olduğun adamın qəfil ölüm xəbərini eşidəndə gözlərin qarşısında ortaq keçmişinizin çeşidli epizodları, saatları, anları bir-bir canlanır. Acıdan acı bir xəbər - Tofiq Abdinin ölüm xəbərini eşidəndə əlli illik tanışlığımızın, yaradıcılıq ünsiyyətimizin, ədəbi əlaqələrimizin, "Qobustan"da birgə çalışmağımızın müxtəlif səhnələri bir-bir yaddaşıma qayıtdı. 1967-ci ildə "Qobustan" incəsənət toplusunun baş redaktoru təyin olunanda mətbuatda yazılarını maraqla izlədiyim Tofiq Məhərrəmoğlunu dəvət edib, teatr kino şöbəsinin müdiri təyin etdim. "Qobustan"ı mərhum Vidadi Paşayevlə, mərhum Yusif Əliyevlə bu gün ağrıya-ağrıya rəhmətlik dediyim Tofiqlə birlikdə yaratdıq, məfkurəsini, amalını, dilini, üslubunu birgə əməkdaşlıq şəraitində müəyyənləşdirdik. Bu gün "Qobustan" redaksiyasının ilk tərkibindən bir mən qalmışam, bir Azər Abdulla.

Tofiq istedadlı şair idi eyni zamanda çox iti kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı müsahibələriylə mətbuatımızda geniş tanınmış hörmət qazanmış müəllif idi. "Qobustan"dan başqa radioda da çalışırdı. Yadımdadır, radioda Qara Qarayev haqqında bir söhbətindən sonra bu verilişi dinləmiş Cəfər Cəfərov məndən onun müəllifi haqqında soruşdu. Tofiqin çıxışı, üslubu, məsələyə yanaşma tərzi Cəfər müəllimin diqqətini cəlb etmişdi. - Həm çox cəsur oğlandır - dedi, - başqaları ehtiyat etdikləri məsələlərdən tam açıqlıqla danışa bilir.

Mən "Qobustan"dan gedəndən sonra yollarımız bir müddət ayrıldı. İstanbulda o vaxtkı baş konsulumuz Abbas Abdullanın timsalında qəzavü-qədər Tofiqi Türkiyəyə gətirdi. Burda da qısa müddətdən sonra türk basının məhsuldar yazarlarından oldu. "Qobustan"dan başlanan işi - irəliçi Azərbaycan sənətinin təbliğini türk qəzetlərində davam etdirdi.

Bir müddət sonra mən İstanbulda dərs dediyim zaman tez-tez görüşərdik, Tofiqgilin evində qonaq da olmuşdum. Vətənə qayıdandan sonra yenə həmişə doğma bildiyi ocağa -Yazıçılar Birliyinə gəldi. Son illər daha çox "525-ci qəzet" yazırdı bu yazıları, söhbətləri, müsahibələri, layihələri orijinallığı ilə seçilirdi. Müxtəlif qüvvələr onu öz təsiri altına almaq istəsələr , Tofiq gəncliyinin dostluq münasibətlərinə heç vaxt xilaf çıxmadı. Axı xırda bir inciklik üstündə bütün olub-keçənlərin, yaxşılıqların, xoş münasibətin üstündən qələm çəkən nankorlardan deyildi.

Yaşlansa da görkəmi ilə , ruhu ilə , döyüşkənliyi bənzərsizliyi ilə əlli il qabaq tanıdığım həmin Tofiq idi. Odur ki, yazmaq həvəsiylə, yaradıcılıq şövqüylə döyünən qəlbinin susmasına heç cür inana bilmirəm. Sədaqətli, etibarlı, məhrəm bir adamımı itirməkdən çox üzgünəm. Gördüyü işləriylə, yazılarıyla, yaddaşlarda yaşayacaq xatirəsiylə Tofiq həmişə onu tanıyanların qəlbində qalacaq. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

25 fevral 2014

 





27.02.2014    çap et  çap et