525.Az

Əli bəy Hüseynzadənin 150 illik yubileyi Salyanda qeyd olunub


 

Əli bəy Hüseynzadənin 150 illik yubileyi Salyanda qeyd olunub<b style="color:red"></b>

Salyan rayon icra hakimiyyətinin, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan və digər Türk Xalqları Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə "Əli bəy Hüseynzadə - türk dünyasının siyasi-ideoloji fikir adamı" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Əli bəy Hüseynzadənin də abidəsi önünə gül dəstələri düzüblər. Böyük mütəfəkkirin adını daşıyan Salyan rayon tarix-diyarşünaslıq muzeyində ona aid eksponatlar, rəsm əsərləri, "Füyuzat" mətbu orqanının ilk nömrəsi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Elmi-praktik konfransda rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov ən yeni tariximizə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinə ümummilli lider Heydər Əliyevin daim böyük diqqət göstərməsindən danışıb, Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr, eləcə də "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli sərəncamlarını bu sahədə varislik xəttinin davamı kimi səciyyələndirib.

Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətlərindən danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev bildirib ki, tarix qarşısında hər kəsin xidməti layiqincə qiymətləndirilir. Böyük maarifçinin 150 illik yubileyinin qeyd olunması da bunun əyani təzahürüdür.

ATXƏM-in rəhbəri İlham İsmayıl Əli bəy Hüseynzadənin Azərbaycan tarixinə görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas kimi yazıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbi-elmi fikir tarixində Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələnin başlanğıcını qoyub, "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaradıb. Görkəmli ictimai xadimin bu gün də aktuallığını itirməyən fikriləri tədbirdə xüsusi qeyd edilib.
Çıxışlarda tariximizə, mədəni irsimizə göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Azərbaycan Milli Elmlər Akademiyasında da akademiyanın  (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Akademiyanın əsas binasında keçirilən sessiyada institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini bildirib: "Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadəni təkcə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarından biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. O, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərib. Bu görkəmli mütəfəkkir XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olub. Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələn nəsillərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirib. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır.

Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərib. Bu tarixi şəxsiyyət xalqımıza, türklərə və islam mənəviyyatına qarşı olan basqılara həmişə öz haqq səsini ucaldıb, daim bu hücumların qarşısını almağa çalışaraq dünyada bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olub. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə insanlığı, humanizm fəlsəfəsini əsas götürüb. Bu görkəmli mütəfəkkirin düşüncələri daim aktual olub. Ə.Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, rənglərinin formalaşmasında bu tarixi şəxsiyyətin böyük rolu olub".
İnstitutun direktoru Əli bəy Hüseynzadənin "Türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" həyat devizini xatırladıb.

Bu görkəmli şəxsiyyəti rəssam kimi də xarakterizə edən Yaqub Mahmudov onun bu sahədə böyük şöhrət qazandığını bildirib. Əli bəy Hüseynzadənin "Bibiheybət məscidi" tablosunu xüsusilə vurğulayıb.
Tədbirdə tarix üzrə elmlər doktoru İradə Bağırovanın "Əli bəy Hüseynzadənin yaradıcılığında türkçülük və ümumislam birliyi məsələləri", tarix üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın "Əli bəy Hüseynzadə türkçülüyün görkəmli ideoloqu kimi" mövzularında məruzələri dinlənilib.

S.ABDULLAYEVA

 





27.02.2014    çap et  çap et