525.Az

Ombudsmanın müraciəti əsasında 25 polis cəzalandırılıb


 

Ombudsmanın müraciəti əsasında 25 polis cəzalandırılıb<b style="color:red"></b>

 Azərbaycanda 2013-cü ildə Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı kobud rəftara, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlama və istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 əməkdaş daxili işlər orqanından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə intizam tənbehi tətbiq edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə hesabatında bildirilir.
 
Hesabatda deyilir ki, Ombudsmanın müraciəti əsasında ötən il insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş və təsdiq olunmuş 252 fakt üzrə 341 əməkdaş intizam məsuliyyətinə cəlb edilib (onlardan 8-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 118-i vətəndaşlarla kobud rəftar, 63-ü polisə əsassız gətirmə və saxlama, 43-ü sürücülərin hüquqlarının pozulması, 5-i əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 15-i isə digər faktlar). Onlardan 33 nəfəri daxili işlər orqanlarından xidmətdən xaric edilib, 21 əməkdaş tutduğu vəzifədən azad edilib, 287 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.
 
Azərbaycanda 2013-cü ildə dövlət yol polisinin əməkdaşları ilə bağlı Ombudsmana daxil olan 134 müraciətdə bir sıra əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb.
 
Müvəkkil tərəfindən bu müraciətlər üzrə müvafiq tədbirlər görülüb. Hesabatda deyilir ki, qeyd edilən müraciətlərin təhlili bu sahədə mövcud olan bir sıra ciddi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

 





27.02.2014    çap et  çap et