525.Az

“Dil və Mədəniyyət Festivalı” keçirildi (Foto)


 

 “Dil və Mədəniyyət Festivalı” keçirildi <b style="color:red">(Foto)</b>  
Heydər Əliyev Sarayında orta ümumtəhsil məktəblilərinin 7-11-ci sinif şagirdləri arasında keçirilən XI “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və XII Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan mərhələsinin mük afatlandırılma və yekun proqramı - “Dil və Mədəniyyət Festivalı” keçirilib. Qeyd edək ki, müsabiqə və olimpiadanın əsas təşkilatçısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Anadolu Dil Kültür Mərkəzi idi. Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri ilə yanaşı təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

Proqram ulu öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Bunun ardınca “Dil və Mədəniyyət Festivalı” barədə ümumi məlumat verilib. Qeyd olunub ki, festivala Azərbaycanda fəaliyyət  göstərən 930 ümumtəhsil orta məktəbindən 3000-dən çox şagird qatılıb. Onların arasından qaliblərin seçilməsi təxminən 4 ay vaxt aparıb. XII Beynəlxalq Türk Dili Olimpiadası Azərbaycan mərhələsinin qalibləri bu ilin iyun ayında 150 ölkənin iştirakı ilə Türkiyədə keçiriləcək XII Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Hə mçinin qeyd olunub ki, ötən il keçirilən XI Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan komandası 14 medal (8 qızıl və 6 gümüş) qazanıb. Ümumilikdə isə olimpiadanın tarixində azərbaycanlı şagirdlər 118 medal (42 qızıl, 56 gümüş, qalanı isə bürünc) əldə ediblər.

Festival zamanı müxtəlif mahnılar səsləndirilib. Daha sonra qaliblərə mükafatlar təqdim olunub. Üçüncü yerin qaliblərinin ümumi sayı 12 nəfər olub. Bürünc medalları onlara millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov təqdim edib. O deyib ki, bir millət, xalq üçün dünyada dildən önəmli, etibarlı heç nə yoxdur: “Bu mənada dilimiz bizim mənəvi varlığımızdır. Bu gün dünyanın 150-dən çox ölkəsində türkcənin səslənməsi olduqca böyük nailiyyətdir”. Belə bir tədbiri təşkil edənlərə təşəkkürünü bildirən millət vəkili vurğulayıb ki, bu cür yarışlar gələcəyimiz üçündür. Bu gün gənclər ifa etdikləri mahnılarla və söylədikləri şeirlərlə öz duyğularını dünyaya bəyan edirlər: dilimizin gözəllik və zənginliyini, onun sevgi, barış dili olduğunu yer kürəsinə çatdırırlar. Türkiyənin, Azərbaycanın mədəniyyətinin dünyada necə böyük bir sürətlə inkişaf etdiyini göz önünə sərgiləyirlər. Daha sonra dilçi-alim Tofiq Hacıyevin “Dildən böyük milləti təqdim edə biləcək mənəvi dəyər yoxdur” sözlərini xatırladan millət vəkili bunun bir həqiqət olduğunu bildirib.

Müxtəlif nominasiyalar üzrə ikinci yerə layiq görülmüş qaliblərə isə mükafatı  Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov təqdim edib. Onun sözlərinə görə, bu tədbirdən çox təsirləndiyini qeyd edib: “Bu gün dil və mədəniyyət tariximizin yeni səhifəsidir”. Abel Məhərrəmov qeyd edib ki, hazırda dünyada 5 min millət və xalq yaşayır ki, onlardan yalnız 200-nün dövləti var: “Dövlət qurmaq, dilini yaşatmaq hər xalqa nəsib olmur. Belə xoşbəxtlik bizə də nəsib olub. Bu gün dünyanın bir çox ölkəsində Azərbaycan dili də tədris olunur”.

Birinci yerin sahibi olan 13 şagirdə isəl medalları Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin İdarə Heyətinin sədri Xaliq Məmmədov təqdim edib. O, belə istedadlı gənclərlə fəxr etdiyini dilə gətirib. Onun sözlərinə görə, məhz belə məktəblilərin sayəsində dilimiz dünyanın hələ çox guşələrinə də yol tapacaq.

Qeyd edək ki, tədbirdə “Dil və Mədəniyyət Festivalı”nın təsis etdiyi Mahmud Kaşğarlı mükafatı Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri, dilçi-alim Tofiq Hacıyevə və Hacettəpə Universitetinin Türk dili və ədəbiyyat bölümünün müəllimi, dilçi-alim Şükrü Haluk Akalına təqdim olunub.

Tədbirin sonunda çıxış edən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Kompleksi və “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən isə deyib: “2003-cü ildə keçirilmiş ilk Beynəlxalq Türk Dili Olimpiadasında 17 ölkə iştirak edib. XII Beynəlxalq Türk Dili Olimpiadasında isə onların sayı 150-yə çatıb. Bu ümumilikdə türkdilli ölkələrin nailiyyətidir. Bu gün keçirilən tədbir ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət fikrinin bir daha əyani təzahürü oldu”. O həmçinin bu tədbirin ərsəyə gəlməsində məktəb direktorlarına, müəllimlərə, bir sözlə əməyi keçən hər kəsə minnətdarlığını da bildirib.
 





05.03.2014    çap et  çap et