525.Az

Avropanın gələcəyi: tərəqqi, yaxud tənəzzülə doğru?


 

Avropanın gələcəyi: tərəqqi, yaxud tənəzzülə doğru?<b style="color:red"></b>

Son illər Avropa İttifaqının bir təşkilat kimi perspektivinə bədbin yanaşanların sayı artıb. Bu məkanı bürüyən maliyyə böhranı ciddi narahatlıqlar yaradır. Məsələ təkcə bununla məhdudlaşmır. Aİ-nin geosiyasi nüfuzu haqqında da fərqli fikirlər irəli sürülür. Onun fövqəldövlətə transformasiya olunması şansını çox az qiymətləndirirlər. Belə şəraitdə mütəxəssislər bu təşkilatın taleyinin qeyri-müəyyən olduğundan danışırlar.

Siyasi inteqrasiya şansı

Avropa İttifaqının gələcəyi ilə əlaqədar fərqli fikirlər mövcuddur. Qərb analitik və ekspertləri sırasında iki ifrat mövqe özünü göstərir: birinci, Aİ fövqəldövlətə çevriləcək, ikinci, bu təşkilat dağılacaq. Bu cür qiymətləndirməni doğru hesab etməyənlər də az deyil (bax: Bastien Nivet. Superpower Europe or Disintegration? / International Relations and Security Network (ISN), 10 fevral 2014).

Problemin mahiyyəti dərin qatlarda yerləşən geosiyasi, siyasi, iqtisadi və mədəni amillərə bağlıdır. Mütəxəssislər vurğulayırlar ki, siyasi inteqrasiya həmişə Aİ-nin zəif cəhəti olub. Üzv dövlətlər iqtisadi əlaqələrin inkişaf etməsinə üstünlük veriblər. Siyasi məsələlərdə isə onlar bir qədər ehtiyatlı davranmağa çalışıblar. H.Bull kimi ekspertlər hesab edirlər ki, Aİ-nin fövqəldövlət olmaq şansı yoxdur. Çünki əvvəlcədən bu təşkilatın ümumi diplomatiyası və hərbi qüvvələri olmayıb. Obrazlı desək, Aİ üzv dövlətlər vasitəsi ilə mövcud olub (bax: Hedley Bull. Civilian Power Europe: A Contradiction in Terms? / "Journal of Common Market Studies". 1982, cild 21, № 2, s. 149-170).

Bu mövqe ilə razılaşmayanlar isə Avropa İttifaqının qlobal geosiyasətdə əsas rollardan birini oynaya biləcəyinə inanırlar. Onların da öz arqumentləri var. Əvvəla, Avropa dünyanın ən çox inkişaf etmiş məkanıdır. İkincisi, Aİ-nin kifayət qədər geosiyasi təcrübəsi var. Üçüncüsü, bu təşkilata daxil olan dövlətlər sırasında imperiya ambisiyaları olanlar mövcuddur. Dördüncüsü, müasir tarixi şərait Avropanın Amerikadan asılı olmayan xarici siyasət yeritməsini tələb edir.

Keçən əsrin 90-cı illərindən başlayaraq, Avropa İttifaqı qlobal miqyasda əsas geosiyasi güc olmaq istiqamətində addımlar atmağa başladı. Təşkilatın bu cəhdi iki cəbhədə müqavimətlə rastlaşdı. Birincisi, ABŞ "qoca qitə"nin nəzarətdən çıxmasına yol vermək istəmədi. Həmin dövrdə məlum oldu ki, Aİ-nin ən güclü dövlətləri olan Almaniya və Fransa belə Vaşinqtonun ciddi nəzərləri altında fəaliyyət göstərə bilərlər. Belə demək mümkündürsə, Avropa Amerikanın istədiyi qədər müstəqil ola bilərdi.

Hazırda vəziyyət Avropa üçün daha düşündürücüdür. Maliyyə böhranı, borclar və iqtisadiyyatda davam edən tənəzzül Aİ-nin geosiyasi nüfuzunu azaldıb. Maraqlıdır ki, Avropa fəlsəfi və siyasi təfəkkürü bu gedişatı təbii qarşılayır. Məsələn, tanınmış fransız filosof və siyasətçisi Alen dö Benua hazırda yaranmış vəziyyətin kökündə duran səbəbləri açıqlayıb (bax: Либерализм, кризис и будущее Европы / "Geopolitica.ru", 7 iyun 2013).

Onun fikrinə görə, indi Aİ-də müşahidə edilən bütün xoşagəlməz halların təməlində azad ticarət modelinin mütləq mənada faydalı olması haqqındakı liberal iqtisadi nəzəriyyəyə inam durur. Müəssisələrin məhdud təsir dairəsindən qlobal miqyasda fəaliyyətə keçidi və maliyyə böhranı həmin fikrin doğruluğunu alt-üst etdi. Transmilli şirkətlərin fəaliyyət prinsipləri göstərdi ki, azad ticarət heç də həmişə fayda və səmərə vermir. Təsadüfi deyil ki, müasir qərbli insan daim öz maddi maraqlarını artırmaq və təminatını yüksəltməyi düşünən eqoist fərdə çevrilib.

Digər səbəb, dö Benuaya görə, "dövlətin gücü" anlayışının düzgün dərk edilməməsindədir. Belə ki, Qərbdə güclü dövlət istehsal həcmi böyük, ordusu geniş texniki imkanlara sahib, əhalisinin sayı çox və s. maddi imkanlara malik olan dövlət hesab olunur. Əslində isə "zamanın çağırışlarına cavab verə bilən dövlət güclüdür". Bütün bunlara görə, A. dö Benua vurğulayır ki, "Avropa quruculuğu əvvəlcədən sağlam düşüncənin əleyhinə aparılıb. O, sənaye və ticarətdən başladı, əslində isə siyasət və mədəniyyətə üstünlük verməli idi" (bax: əvvəlki mənbəyə).

Yanlış strategiyanın acı nəticələri

Belə görünür ki, Avropa İttifaqının hazırda üzləşdiyi tənəzzül ciddi faktorlardan qaynaqlanır. Bu, hansısa siyasətçinin yanlış proqram həyata keçirməsi ilə əlaqədar deyil. Və yaxud Almaniya kimi güclü Avropa dövlətinin geosiyasi və iqtisadi ambisiyalarından qaynaqlanmır. Həmin səbəbdən də rusiyalı alim T.Bordaçovun Aİ-nin "funksional dezinteqrasiyası" prosesinin getdiyini vurğulamasının tam əsası vardır (bax: Тимофей Бордачёв. Удар цунами. Европейский союз и функциональная дезинтеграция / "Россия в глобальной политике", 2013, cild 11, № 1, s. 82-90).

Bu cür vəziyyətdə Aİ-nin gələcəyi ilə əlaqədar konkret bir fikir söyləmək olduqca çətindir. Burada müxtəlif ssenarilərin mövcudluğunu qəbul etmək lazım gəlir. Onlardan hansının reallaşacağını isə zaman göstərəcək. Bununla yanaşı, geosiyasi aspektdə bir sıra maraqlı məqamları vurğulamaq mümkündür. Həmin kontekstdə hər şeydən əvvəl Aİ-də mərkəzdənqaçma meyllərinin artdığını demək olar. Avropa İttifaqına son dövrlərdə daxil olan ölkələrdə milliyyətçilik güclənir. Onlar müstəqil olmağı daha doğru sayırlar. Hətta Fransa kimi dövlət ildə bu ölkələrə 50 milyard ABŞ dolları həcmində borc verir. Təbii ki, bu fakt, məsələn, Macarıstan, Bolqarıstan, Rumıniya və s. kimi ölkələrdə radikal milliyyətçilərin mövqeyini möhkəmləndirir.

Digər faktor Avropa cəmiyyətlərinin ictimai şüurunda radikallığın getdikcə daha çox yer alması ilə bağlıdır. Bu tendensiya avropalılarda fərqli düşüncə sahiblərinə, başqa dinlərə mənsub olanlara qarşı mənfi münasibət formalaşdırır. Təsadüfi deyil ki, son illər Avropada terror hadisələri çoxalıb. Orada insanlar səbəbsiz yerə məktəblərdə, iş yerlərində, istirahət zonalarında qətllər törədə bilirlər. Sosial-psixoloji vəziyyəti belə olan cəmiyyətlərdə inteqrasiyaya meylliliyin üstünlük təşkil etməsi imkansızdır.

Başqa məqam Avropaya qonşu olan böyük bir ərazidə Avrasiya inteqrasiya modelinin irəli sürülməsi ilə əlaqəlidir. Bu layihənin baş tutub-tutmamasından asılı olmayaraq, artıq insanlar Aİ-yə alternativ modelin mövcud ola biləcəyini qəbul edirlər. Onun fonunda Qərb həyat tərzinin cəlbedicilik dərəcəsi azalır. Məsələn, 2013-cü ildə ABŞ vətəndaşlığından könüllü imtina edənlərin sayı 3 mini keçib. Həmin insanlar səbəb kimi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsini göstərirlər.

Eyni zamanda, bir sıra Avropa dövlətlərində miqrantlara qarşı sərt mövqe getdikcə daha çox hiss olunur. Mütəxəssislərin fikrinə görə, bu tendensiya Qərb cəmiyyətlərində əmək qabiliyyətli insanların sayının kəskin azalması ilə nəticələnə bilər. Bu da avtomatik olaraq tənəzzülə aparıb çıxarır.

Alternativ inteqrasiya modelinin mövcudluğu Aİ-ni təşkilat kimi mürəkkəb vəziyyətə sala bilər. Avropalılar Çinin güclənməsindən onsuz da çox narahatdırlar. Avrasiya məkanında yeni ittifaqın meydana gəlməsi isə həmin aspektdə mənzərəni daha da qəlizləşdirir. Belə bir rəqabətə Avropanın necə tab gətirəcəyi məlum deyil.

Yuxarıda təsvir edilən ssenarilər heç də Aİ-nin tam perspektivsiz qurum olduğu anlamına gəlməməlidir. Burada sadəcə vəziyyətin Avropa üçün sözün həqiqi mənasında qeyri-müəyyən olduğu vurğulanır.

Avropalı mütəxəssislərin özlərinin etiraf etdiyi kimi, həmin məkanı sosial, iqtisadi, maliyyə və mədəni böhran bürüyüb. Bunun nə zaman sona çatacağı haqqında dəqiq proqnozlar yoxdur. Mümkündür ki, həmin təşkilatdan bəzi dövlətlər çıxsınlar. Bu baş verməsə belə, Aİ-ni xilas edə biləcək ideya gözə dəymir.

A. dö Benuanın vurğuladığı məqamlar qaldıqca Avropa İttifaqının nəinki fövqəlgücə çevrilməsi mümkün deyil, hətta onun varlığı məsələsi risk altındadır. Bütün bunların fonunda Aİ-yə üzv olan güclü dövlətlərin təşəbbüsü ələ alması ehtimalını inkar etmək doğru olmazdı. O halda bu təşkilat fərqli mexanizmlər əsasında inkişaf edə bilər. Həmin tendensiya Avropanı yeni imperialist modelə doğru aparmayacaq ki?

Newtimes.az

 





07.03.2014    çap et  çap et