525.Az

Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış (Teatr və musiqi )


 

Çağdaş teatr prosesləri: zaman müstəvisində baxış<b style="color:red"> (Teatr və musiqi  )</b>

İkinci yazı: Teatr musiqi     

Canlı orqanizmə bənzər teatr sənətində musiqi, heç şübhəsiz ki, onun əsas elementlərindən birini təşkil edir. Bu sənət növü yaranandan musiqi ifadə vasitələri heç vaxt yalnız təsviredici funksiyalar yerinə yetirməmişdir. Əksinə, teatr sənətinin ilkin formalarında, daha dəqiq desək, prototeatr nümunələrində musiqi, quruluşun əsas vasitələrindən biri kimi çıxış etmişdir.

Türk teatr düşüncəsinin qaynaqlarına nəzər saldıqda, aydın görmək olar ki, ritual-mifoloji kompleksdə qədim mərasimlərdə musiqi önəmli təlqinedici funksiya yerinə yetirmişdir. Mifoloji simvolika ilə zəngin olan ayinlərdə hətta bir sözdən ibarət olan oxumalar da müəyyən rəmzi məna daşıyırdı. Türk bədii təfəkkürünün parlaq təzahür forması olan yuğ mərasimlərində, oğuznamə dastanların ifasında musiqidən geniş istifadə olunurdu. Qədim insanların dünyagörüşünə görə, musiqinin sədaları, qədim çalğı alətlərinin özünəməxsus tembri həm ifaçını, həm dinləyiciləri sanki zaman məkandan qopararaq, onları bədii obrazlarla zəngin sehrli dünyaya aparırdı. 

Teatr sənətinin erkən inkişaf tarixi mərhələlərini nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, artıq o dövrün tamaşaları ayrı-ayrı sənət növlərinin bəsit şəkildə uzlaşması əsasında deyil, bədii sintezin zəngin təzahür formaları üzərində qurulurdu.

Artıq XVIII əsrin sonundan başlayaraq teatr musiqisinin özünəməxsusluğu nəzəri  şəkildə təsbit edilmişdur. Alman nəzəriyyəçiləri İ. Şeynbe Q. Lessinq tərəfindən işlənilmiş bu bədii-estetik prinsiplər indiyədək öz aktuallığını qorumaqdadır.

Təbii ki, teatr musiqisi digər musiqi janrlarından bir sıra cəhətləri ilə fərqlənir. Teatr musiqisi tamaşada önəmli dramaturji funksiyalar yerinə yetirir. O, tamaşanın ümumi ideyasını ifadə etməklə yanaşı, onun emosional ovqatını formalaşdırır, sürət-ritmini təyin edir, dramatik inkişafın mühüm məqamlarına diqqət yönəldir, müəyyən tarixi dövrün ya mühitin ab-havasını səciyyələndirir,  təbiət hadisələrini təsvir edir s. Ümumi şəkildə desək, tamaşaya yazılmış musiqi sırf teatral xarakter daşımalıdır, yəni bilavasitə pyesin məzmunu ilə bağlı olmalı rejissor konsepsiyasını ifadə etməlidir.

XX əsr teatr musiqisi tarixinə gərgin bədii axtarışlar cəsarətli eksperimentlər dövrü kimi daxil olmuşdur. Həmin dönəmdə yaşamış teatr xadimlərini düşündürən problemlərdən biri bu sənət növünə xas olan sintetizmin tamamilə yeni səpkidə təfsiri ilə bağlı idi. Məsələn, keçən əsrin teatr sənətinin ən görkəmli simalarından biri olan V.Meyerxold  musiqi ilə teatrın daxili əlaqələri probleminə öz münasibətini aşağıdakı kimi bildirmişdir: "Musiqi ən kamil sənət növüdür. Simfoniyanı teatr sənəti ilə müqayisə etmək olar. Ritm, temp, təzadların mübarizəsi, əsas köməkçi mövzuların vəhdəti - bu anlayışlar musiqidə olduğu kimi, teatrda da mövcuddur. Musiqi əsərlərinin kompozisiya özəllikləri tamaşanın quruluş prinsiplərinin dərk edilməsində sizə yardım göstərə bilər".   

Qeyd edək ki, keçən əsrin sonunda teatr məkanında müxtəlif incəsənət növlərinin çarpazlaşması nəticəsində bədii sintezin yeni-yeni formaları meydana gəlmişdir.

Ötən əsrin Azərbaycan teatr musiqisi son dərəcə maraqlı zəngin ənənələrə malikdir. Ayin marasimlərdən, xalq oyun tamaşalarından, aşıq dastanları şəbihlərdən qaynaqlanan Azərbaycan teatr musiqisi bir əsr ərzində möhtəşəm inkişaf yolu keçmişdir.

Azərbaycan teatr musiqisinin təşəkkül dövrü XX əsrin 20-30-cu illərinə təsadüf edir. Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı o dövrdə fəaliyyət göstərən Tənqid-təbliğ teatrının tamaşalarına musiqi bəstələməklə Azərbaycan teatr musiqisinin bünövrəsini qoymuşdur. Respublikada bu sahənin inkişaf tarixinin ilk mərhələlərində Müslüm Maqomayev Əfrasiyab Bədəlbəylinin böyük xidmətləri olmuşdur. Bu bəstəkarların dram tamaşalarına yazdıqları musiqi örnəklərində Azərbaycan incəsənətində ilk dəfə olaraq teatr musiqisinin özünəməxsus xüsusiyyətləri öz ifadəsini tapmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin sonrakı nəsillərinə aid nümayəndələrin yaradıcılığında bu ənənələr uğurla davam etdirilmişdir.

Ötən əsrin 50-60- illərində teatr musiqisi sahəsində fəaliyyət göstərən bəstəkarlardan Niyazi, Səid Rüstəmov, Soltan Hacıbəyovun yaradıcılığına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, artıq o dövrün dram tamaşalarında musiqi önəmli dramaturji funksiyalar yerinə yetirirdi. Məsələn, Səid Rüstəmovun Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Cəfər Cabbarlının "Od gəlini", Səməd Vurğunun "Vaqif", Sabit Rəhmanın "Toy", "Nişanlı qız" tamaşalarına yazdığı teatr musiqisi obrazların konkretliyi, parlaq melodizmi, milli musiqinin səciyyəvi xüsusiyyətlərinin özünəməxsus şəkildə təfsiri ilə seçilirdi.

Azərbaycan teatr musiqisinin inkişafının keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcı Qara Qarayevin adı ilə bağlıdır. Tam cəsarətlə demək olar ki, bəstəkarın teatr musiqisi sahəsində yazdığı əsərlər bu janrın ən parlaq  nümunələri sırasına daxildir.

Qara Qarayevin  teatr musiqisi XX əsrin 60- illərində Azərbaycan incəsənətində baş verən mühüm bədii-estetik prosesləri əks etdirirdi. Onun Şekspirin "Antoni Kleopatra", "Hamlet", Cəlil Məmmədquluzadənin "Ölülər", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" dram əsərlərinə yazdığı musiqi dərin psixologizmi, gərgin dramatizmi, intellektual zənginliyi, əsl simfonik vüsəti ilə seçilir. Xatırladaq ki, "Antoni Kleopatra" tamaşasına yazdığı musiqisinə görə bəstəkar Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmüşdür. Bəstəkarın SSRİ-nin digər teatr kollektivləri üçün, o cümlədən A.S.Puşkin adına Leninqrad Dram Tearında səhnəyə qoyulmuş V.Vişnevskinin "Nikbin faciə", M.Yermolova adına Moskva Dram Teatrında səhnələşdirilmiş Nazim Hikmətin "Qəribə adam" s. əsərlərə yazdığı musiqi  böyük əks-səda doğurmuşdu.

Keçən əsrin 60-70-ci illərində Azərbaycan teatr musiqisinin inkişaf tarixinə parlaq səhifələr əlavə edilmişdir. O dövrün tamaşaları üçün Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov, Aqşin Əlizadə, Emin Sabitoğlu digər bəstəkarlar musiqi bəstələmişlər. Bütün bunlara nəzər saldıqda bu nəticəyə gəlmək olar ki, o dövrdə Azərbaycan teatr musiqisi püxtələşərək bir sıra yeni keyfiyyətlər əldə etmiş, musiqi sənətimizin müstəqil qollarından birinə çevrilmişdir.

Səciyyəvi haldır ki, həmin dövrdə  Azərbaycan dramaturgiyasında  parlaq şəkildə təzahür etmiş lirik-psixoloji üslub teatr sənətinin bütün sahələrində, o cümlədən  teatr musiqisinin  inkişafında yeni üfüqlər açmışdır. Azərbaycan teatr tarixində bu üslubun yaradıcısı olan İlyas Əfəndiyevin əsərləri, bir sıra tədqiqatçıların fikrincə, "təkcə bədii ədəbiyyatımızı, o cümlədən dramaturgiyanı zənginləşdirməklə kifayətlənməmiş, bütövlükdə teatr sənətinin mədəniyyətimizin müxtəlif sahələrinin inkişafına təsir göstərmişdir".

Teatr tariximizdən bəlli olduğu kimi, İlyas Əfəndiyevin pyeslərinə Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Süleyman Ələsgərov, Arif Məlikov, Vasif Adıgözəlov,  Emin Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarlar musiqi bəstələmişlər. Qeyd etmək lazımdır ki, lirik-psixoloji üslubda yazılmış pyeslərin səhnə təcəssümündə musiqi son dərəcə önəmli dramaturji funksiyalar yerinə yetirərək əsərin emosional ab-havasının, rəngarəng psixoloji çalarlarının yaradılmasında böyük rol oynayır. Bu baxımdan təsadüfi deyil ki, əsərin məna yükünü özündə əks etdirən musiqi parçaları teatr səhnələrindən qaynaqlanaraq müstəqil əsərlər kimi ifa olunurdu. Misal üçün, Emin Sabitoğlunun teatr musiqisi nümunələri kimi bəstələdiyi "Dayan zaman, dayan" "Bəlkə " əsərləri qısa zamanda estrada mahnıları kimi məşhurlaşdı.

Ötən əsrin sonu - yaşadığımız əsrin əvvəlində teatr tamaşaları üçün bəstələnmiş   musiqidə o dövrdə cərəyan edən  mürəkkəb bədii proseslər yaradıcılıq axtarışları öz əksini tapmışdır. Bu illərdə teatr musiqisi janrına Aydın Əzimov, Sevda İbrahimova, Polad Bülbüloğlu, Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar müraciət etmişlər.

Həmin dövrdə teatr musiqisi sahəsində bədii sintezin yeni formaları üzərində qurulan novator səciyyəli nümunələr meydana gəlmişdir. Bəstəkar Rəhilə Həsənovanın C. Cabbarlı adına İrəvan Dram Teatrının hazırladığı Hüseyn Cavidin "Maral" pyesinə yazdığı musiqi buna misal ola bilər. Həmin tamaşada musiqinin rolu o dərəcədə  önəmli idi ki, əsərin quruluşçu rejissoru E. Məlikova onun janrını "birhissəli faciəvi oratoriya" kimi müəyyən etdi. Özündə çağdaş avanqard yazı üslubu ilə milli musiqimizin klassik xüsusiyyətlərini uzlaşdıran tamaşa Cavid fəlsəfəsinin, Cavid poetikasının orijinal musiqi təcəssümüdür.

Təəssüflə qeyd etmək lazımdır ki, son dövrdə səhnəyə qoyulmuş bəzi tamaşalarda  musiqi tərtibatı heç bir dramaturji funksiya yerinə yetirmir, çox vaxt səthi təsviredici xarakter daşıyır.

Teatr musiqisi öz daxili qanunauyğunluqlarına, özünəməxsus ifadə vasitələr sisteminə janr özəlliklərinə malik olan yaradıcılıq sahəsidir. Bu qanunauyğunluqlara bələd olmadan, teatr sənətinin sintetik təbiətini dərk etmədən teatr musiqisi sahəsində dəyərli əsər yaratmaq çətindir. Ona görə bəstəkarlıq sinfində təhsil alan tələbələrə teatr musiqisi haqqında dolğun məlumat vermək son dərəcə vacibdir. Digər tərəfdən, müasir rejissor musiqi sənətinin incəliklərini dərindən duymalı musiqi sahəsində müəyyən nəzəri biliklərə malik olmalıdır. Təsadüfi deyil ki, Azərbaycan  Dövlət Mədəniyyət İncəsənət Universitetində rejissor sənəti üzrə təhsil alan tələbələrin tədris proqramında "Tamaşanın musiqi tərtibatı", "Rejissorun bəstəkarla işi"  kimi fənlər önəmli yer tutur.

Azərbaycan teatr musiqisi tarixinə saldığımız nəzər bir daha göstərir ki, yaradıcılığın bu sahəsində uzun illər ərzində zəngin ənənələr toplanmışdır. Mübaliğəsiz demək olar ki, milli teatr sənətimizin özünəməxsus, bənzərsiz simasının formalaşmasında Azərbaycan bəstəkarları tərəfindən yazılmış musiqi az rol oynamayıbdır. Gəlin bu ənənələri qoruyaq onların gələcək inkişafı barədə düşünək.

 





07.03.2014    çap et  çap et