525.Az

Fikrət Qocanın şeirləri- "Krıma bahar gəlməyə qorxur"


 

Fikrət Qocanın şeirləri- <b style="color:red">"Krıma bahar gəlməyə qorxur"</b>

Fikrət QOCA

 

   ALLAHIM...

 

Baxçasaray güzarım,

Həm sevib, həm bəzərim.

Səndən ayrı düşərsəm,

Atəş olsun məzarım.

                      Qədim Krım mahnısı

 

Ey bizi yaradan,

Səmavi kitablarn hər fəslində

Deyirsən: Mənsiz olmayın!

Dinsiz, imansız olmayın!

Əslində kainat sənsən.

Sənin qurduğun oyundayıq biz,

Sənin qoynundayıq biz.

Bir planetdi hər zərrəniz,

Biz o zərrədə zərrəyiz.

Səndən özgə kainatda var ki,

Duyuruq hər yanda sənsən.

Zaman da, məkan da sənsən.

Bizi yaradan da sənsən.

Bizi yandıran da sənsən,

Bizə yanan da sənsən.

Yandıranda bir az

Özün yanırsan, deyəsən.

Qaralı, sarılı, ağlı

Yaratdığın insanların

Çoxunun hələ çox körpədi ağlı.

Odla oynayırlar bu qan hərisləri.

Qan içməkdən doymayırlar,

Gözlərini kor eyləyib hirsləri.

Mutantlar artır,

Yarı canavar, yarı adam var.

Elə bilirlər doğulan, doğan özləridir.

Unudublar hamımızı

Bir yaradan var.

Allahım, yaradan sənsən,

Sənə qalır əlac.

İnsan ağlının gözünü !

İnsana məhəbbət, mərhəmət ver,

Sənsiz qoyma bizi.

İnsan insana əl qaldıranda

              tut əlimizi.

Qoy insan insana əl tutsun,

Hər kəs hikkəsini udsun.

Kini, nifrəti unutsun,

Şəfqətlə gülsün insan gözü.

Körpənin bir damla göz yaşında

             boğula bilər yer üzü.

Allahım, yaradanların ən güclüsü sənsən.

Yaratdıqlarının ən gözəli insandır!

Rəngləri fərqli olsa da

Ürəklərində axan eyni qandır.

Allahım, bu qolu zorlu,

         ağlı azları,

bu qanmazları

         Özün qandır!

                          10.03.2014

KRIMA QAR YAĞIB

 

(Şeir F.Qocanın 1988-ci ildə "Azərnəşr" tərəfindən çap olunmuş "Seçilmiş əsərləri"kitabından götürülüb)

 

İyirmi ildən çoxdur

        qayıdıb müharibədən

Ayaqsız bir bədən -

bir evin dirəyi,

dörd oğlun atası.

Zərəfşanın əri.

Zərəfşanın müharibədən qayıtmış

            ayaqsız günləri.

Krımda bir cüt uşaq qəbri kimi

           dəfn eləyib ayaqlarını.

Arzularını qoltuq ağacı eləyib

dişləyib dodağını.

ağlayıb, off!- deyib.

İndi soyuq dəyib,

       qızdırma salıb onu yaman hala,

sayıqlayır yavaş-yavaş:

-Ay arvad, ayaqlarım üşüyür,

       ayaq barmaqlarımı ovxala, -

Gilələnir gözlərində yaş...

Zərəfşan çaşıb əl atır

          yorğanın ayaq tərəfinə,

Bir an danışa bilir, dinə.

Çəngəsində boş yorğan

           hönkürüb keçir yan otağa:

- Görəsən neyləmişdik Allaha.

Yəqin Krımdı, nədi,

            ora qar yağıb.

Allah, istini əsirgəmə ordan,

Çöldə payız havası,

Yanında dörd oğul -

             dörd çinar kimi.

Ayaq tərəfində Zərəfşan xala.

Kişi arada sayıqlayır:

- Ay arvad, ayağımı, ayağımı...

ovxala-ovxala...

 

KRIMA BAHAR GƏLMƏYƏ QORXUR

 

Bahar Krıma gəlməyə qorxur,

Havasında barıt qoxusu var.

Torpağın canında qorxusu var.

Zəhərli baxışlarından

Güllər gülməyə qorxur.

Vahiməli ruzgarlar əsir.

Bu dəfə kimlərsə

Zərəfşanın ərinin ayaqların

Krımdan kəsir.

O ayaqlar Krım uğrunda döyüşmüşdü.

Krımda şəhid düşmüşdü.

İndi yad ayaqlar

          altında tapdalanır.

İndi Krımda insanlar arasında olan

mehribanlıq, məhəbbət talanır.

Bəs deyirdilər Fürerin övladı yoxdu?

Zaman gərginliyindən burda

İçdiyimiz suyun, yediyimiz çörəyin

                                      dadı yoxdu.

Dünyanın gözü görə-görə

Ağbirçək bir ananın əlini kəsirlər.

Qədim Ukraynanın əlini kəsirlər.

Allahım, havasızlıqdan

        boğuluram, ölürəm,

çünki mən yaxşı bilirəm

                     bu necə ağrıdı.

Allahım, mən susuram,

            ürəyim səni imdada çağırdı.

11.03.2014

 





12.03.2014    çap et  çap et