525.Az

Gülər Əhmədovanın oğlu məhkəməyə gəlmədi


 

Gülər Əhmədovanın oğlu məhkəməyə gəlmədi<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hakim Ramella Allahverdiyeva bildirib ki, şahidlərdən Tənzilə Rüstəmxanlı Azərbaycanda deyil, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov isə xəstə olduğu üçün prosesə gələ bilməyib: “Mən özüm Tənzilə xanımla danışdım. O, bildirdi ki, hazırda Yesuntiki şəhərində müalicə alır. Növbəti həftə Azərbaycana qayıdacaq və gəlib məhkəmədə ifadə verəcək. Digər şahid Toğrul Əhmədov isə bu gün prosesə gəlməli idi. Lakin bildirdilər ki, qızdırması olduğu üçün gələ bilmir” .

Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev isə bildirib ki, bəzi mətbuat orqanları onun fikirlərini ictimaiyyətə düzgün şəkildə çatdırmırlar: “Biz prosesi obyektiv şəkildə aparmağa çalışırıq. Lakin ötən prosesi işıqlandıran qəzetlərdən biri yazıb ki, guya mən Gülər Əhmədovanı müdafiə edirəm. Bu düzgün fikir deyil. Xahiş edirəm jurnalistlər prosesi düzgün işıqlandırsınlar”.

Proses oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 





18.10.2012    çap et  çap et