525.Az

Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20 illiyinə dair xüsusi buraxılış nəşr olunub


 

Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20 illiyinə dair xüsusi buraxılış nəşr olunub<b style="color:red"></b>

Pakistanın nüfuzlu “Diplomatik İnsight” jurnalında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib.

525.az-ın məlumatına görə, üz qabığında Azərbaycan-Pakistan münasibətlərinin əsaslarını qoymuş  Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Pakistanın tanınmış siyasətçisi Benazir Bhuttonun şəkilləri təsvir olunmuş jurnalda Peşavar universitetinin siyasi elmlər fakültəsinin professoru Zahid Ənvər tərəfindən yazılmış “Azərbaycan-sülh şəraitində yaşamaq axtarışında” adlı  məqalə ilə başlanıb. Yazıda Azərbaycanın tarixinə ekskursiya edilib, ölkəmizin Rusiya və İranın arasında iki hissəyə bölünməsi haqqında məlumat verilmişdir. Azərbaycanın müasir tarixindən bəhs edən alim, ölkəmizin müstəqilliyinin ilk günlərindən  başlayaraq Ermənistan-Azərbaycan Dağlığ-Qarabağ münaqişəsi  ilə üzləşdiyini qeyd edib, işğalın acı nəticələrini açıqlayıb.

Daha sonra məqalədə, rəsmi İslamabadın Dağlığ-Qarabağ məsələsində ölkəmizi tam dəstəklədiyi bildirilmiş, Pakistan  senatı tərəfindən qəbul edilmiş müvafiq qətnamənin əsas müddəaları açıqlanıb. Münaqişənin həlli yolunda Azərbaycanın Prezidenti cənab İlham Əliyevin atdığı addımlar, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, danışıqlar prosesi haqqında bilgilər verən müəllif, həmçinin, Azərbaycanın artmaqda olan hərbi potensialından söz açıb.  

Zahid Ənvərin yazdığı məqalədə, eyni zamanda, ikitərəfli Azərbaycan-Pakistan münasibətlərin əsas mərhələləri barəsində məlumatlar verilib.

Pakistan Strateji araşdırmalar institutun əməkdaşı Sabah Aslamın “Mehriban Əliyeva-təhsil, sülh və inkişafın rəmzi” adlı məqaləsində Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirtdiyi layihələrdən geniş məlumatlar verilib. Fondun təhsil, səhiyyə, humanitar, idman, Azərbaycanın və dünya mədəni irsin qorunub saxlanmasında böyük işlər gördüyü vurğulanıb. Daha sonra yazar, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda səhiyyə, təhsil, humanitar və digər sahələrdə  həyata keçirilən layihələrdən geniş məlumat verib. Azərbaycanın birinci xanımının insanpərvərliyi haqqında danışan alim, məqaləsini Böyük Britaniyanın sabiq baş naziri Vinston Çerçildən gətirilən “Həyatı əldə etdiklərinlə yaşayırlar, lakin bəxş etdiklərinlə həyat qurular” sitatı ilə yekunlaşdırıb.

Pakistan televiziya assosiasiyasının redaktoru İrtaza Abbasın “Enerji ehtiyatları ilə zəngin Xəzər dənizi hövzəsinin strateji önəmi” adlı məqalədə Xəzər dənizinin zəngin hidrokarbon ehtiyatları, Azərbaycanın neft strategiyası, dənizin  5 sahilyanı  ölkələr arasında bölünməsi ətrafında gedən danışıqlar prosesi, enerji daşıyıcılarının tranziti koridorları vasitəsi ilə nəqli və  hövzənin təhlükəsizlik məsələlərinə dair geniş tədqiqat aparılıb.

Xüsusi buraxılış Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun diplomatik əlaqələrin 20-illiyinə həsr olunmuş müraciətlə yekunlaşıb.  Müraciətdə Azərbaycan-Pakistan münasibətlərinin siyasi, diplomatik, iqtisadi sosial, humanitar və hüquqi-normativ aspektlərindən söz açılmış, xalqlarımız arasındakı oxşarlıqlardan bəhs edilib. Səfir rəsmi İslamabadın Ermənistan-Azərbaycan Dağlığ-Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədiyini, Pakistan senatı tərəfindən  01.02.2012-ci il tarixdə Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyini  açıqlayaraq, bütün bunların Azərbaycan xalqı və rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Jurnalda Azərbaycanın Prezidenti, birinci xanımı, Heydər Əliyev fondunun Pakistanda həyata keçirtdiyi layihələri əks etdirən, həmçinin, Bakının gözəlliyini təsvir edən çoxsaylı fotoşəkillər yerləşdirilib.

Jurnalı aşağıdakı linkdən oxumaq mümkündür:

http://thediplomaticinsight.com/

 





18.10.2012    çap et  çap et