525.Az

Gənc şairələrin ikinci Beynəlxalq Forumunun iştirakçıları Yazıçılar Birliyində olublar (Fotolar)


 

Gənc şairələrin ikinci Beynəlxalq Forumunun iştirakçıları Yazıçılar Birliyində olublar <b style="color:red">(Fotolar)</b>

Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci Beynəlxalq Forumu işə başlayıb.

Forum çərçivəsində gənc şairələr ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB)  olublar. "Natəvan" klubunda keçirilən görüşü AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev açaraq şairə xanımları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid qonaqları salamlayaraq bu il 80 yaşı tamam olan Yazıçılar Birliyi haqqında ətraflı danışıb: "Azərbaycan Yazıçılar Birliyinə hazırda xalq şairlərinin oğlu, Xalq yazıçısı Anar rəhbərlik edir. Yazıçılar Birliyi uzunillik ənənəsi olan sanballı bir qurumdur. Bu il təşkilatımızın 80 yaşını qeyd edəcəyik. Yazıçılar Birliyinin 1 qəzeti, 4 aylıq ədəbiyyat dərgisi var, onlardan biri rus dilində çap olunur. Bunların hər biri dövlət tərəfindən maliyyələşir.

Azərbaycan tarixən xanım şairlər yetirmiş bir məkandır. Bu yaxınlarda dünya şöhrətli şairə Məhsəti Gəncəvinin yubileyi keçiriləcək, bununla bağlı hazırlıq işləri görülür. Son 70 ildə Azərbaycan ədəbiyyatında xanım yazarlar çox olub. Onlardan Nigar Rəfibəyli, Mirvarid Dilbazi Xalq şairi adına layiq görülüblər". Rəşad Məcid çıxışında Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsindən söz açıb.

AYB-nin katibi son illərdə ədəbiyyata marağın artmasından, yaradıcı gənclərə dövlət qayğısından da danışıb: "2004- ildə Yazıçılar Birliyində ayrıca gənclər üzrə katiblik yaranıb. Mən bu sahə üzrə katib seçilmişəm. 2007-ci ildən Azərbaycanda 20 gənc yazıçıya fərdi təqaüd verilir. Bu fakt dövlətin gənclərə stimul verməsinin göstəricisidir.  Biz hər ay ustad yazıçılarla gənclərin görüşlərini təşkil edirik. Gənclər İdman Nazirliyi hər il istedadı ilə fərqlənən gənclərə Gənclər Mükafatı təqdim edir. Bu ildən Prezidentin Gənclər üzrə 10 min manat məbləğində mükafatı da təsis edilib. Bu il ədəbiyyat üzrə həmin mükafat Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyevaya təqdim edilib. Başqa ölkələrin yazıçıları müraciət etsələr biz onları fəxri üzv seçərik. İnanıram ki, Bakıdan xoş təəssüratla ayrılacaqsınız. Bakı qədimliklə modernliyin birləşdiyi unikal bir şəhərdir. Azərbaycanla bağlı gözəl şeirlər qələmə alacağınıza inanıram".

Sonra görüş AYB sədri, Xalq yazıçısı Anarın otağında davam edib. Sədr qonaqların təəssüratlarını dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, forumda Lisiana Demiraj (Albaniya), Savsan Dhneen (Bəhreyn), Ashita Chovdury (Banqladeş),  Cristina Feduic (Belçika), Esra Mohamed (Misir), Namaa Yudah (İordaniya), Anna Laura Seifermann( Almaniya),Yekaterini Avgeri (Yunanıstan), Jamra Mumtaz Yahya (İraq), Marina Carbone (İtaliya), Cholpan Nurtazina (Qazaxıstan), Nasiba Nurmatova (Qırğızıstan), Zakia El Yamani, Amna Chaudhry( Pakistan), İoana Stefania Nikulesku (Rumıniya), Ekaterina Shishkina (Finlandiya), Shin Younq Kyu (Cənubi Koreya), Sahar Ammar (Tunis), Muesser Yeniay (Türkiyə), Mariana Lovych (Ukrayna) təmsil olunur.

Yazıçılar Birliyindəki görüşdən sonra forum iştirakçılarının da qatıldıqları mətbuat konfransı keçirilib.

S.ABDULLAYEVA

 





14.03.2014    çap et  çap et