525.Az

"Kitabi - Dədə Qorqud"un 9-cu boyu Qaqauz Milli Teatrının səhnəsində


 

"Kitabi - Dədə Qorqud"un 9-cu boyu Qaqauz Milli Teatrının səhnəsində<b style="color:red"></b>

Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin təklifi  TÜRKSOY xətti ilə "Kitabi-Dədə Qorqud" dastanının boyları əsasında müxtəlif türkdilli ölkə teatrlarında tamaşaların qurulması nəzərdə tutulub. Bugünlərdə Türk dünyasının Mədəniyyət Paytaxtı Əskişəhərdə, İsmayıl bəy Qaspiralının vəfatının 100 illiyinə ithaf olunmuş VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində iştirak edən qaqauz şairi, dramaturqu Todor Zanet bu haqda məlumat verib. O bildirib ki, "Kitabi- Dədə Qorqud" dastanının 9-cu, "Bəkil oğlu Əmranın boyu" əsasında pyes yazıb hazırda Qaqauz Milli Teatrında bu əsərin məşqləri gedir. Todor Zanet bu boyun ümumiyyətlə dastanın ideyasını anlamağın çətinliyini vurğulayıb: "Dədə Qorqud dastanının bir yox, min dəfə oxusan azdı. Hər kəlməsində mənalar, dərin mətləblər var. Qaqauz Milli Teatrı bu təklifi edəndə mən əvvəlcə çox təlaş keçirdim. Bəlkə on dəfələrlə 9-cu boyu oxudum burada nəyi qabartmalı, nəyi deməli olduğumu müəyyənləşdirdim. Mənə görə ən vacib şərt məhz qaqauz dilində yazılması səhnəyə bu dildə qoyulmasıdır".

Dramaturq maddi çatışmazlıqlar ucbatından yaranan çətinlikləri dilə gətirib: "Qaqauz Milli Teatrının maddi vəsaitləri çox aşağı səviyyədədir. O üzdən çətinliklərlə üzləşirik. Tamaşanın rejissoru da mənəm. Ona görə heç bir güzəşt etmək fikrim yoxdur. Maddi vəsaitin ayrılmasını gözləyirik. Əgər hər şey düşündüyümüz kimi getsə, premyera 27 mart 2014- il tarixində nəzərdə tutulub".

Qeyd edək ki, Todor Zanet 1000-dən çox məqalə müəllifidir, qaqauz dilində çıxan "Ana sözü" qəzetinin baş redaktorudur.  Şeirlərindən ibarət kitabları bir çox dillərə tərcümə olunub. Onun "Salam, ata evi", "Axan ulduz", "Günəş qərbə axırdı" kitabları oxucular tərəfindən maraqla qarşılanıb.  2010-cu ildə Bakıda "Türk dünyası şairləri" seriyasından "Ana dilim" adlı şeirlər kitabı işıq üzü görüb.

Nəzrin

 





14.03.2014    çap et  çap et