525.Az

Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim olundu


 

Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim olundu<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunmuş Asif Hacıyev təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov A. Hacıyevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir universitetin Elmi Şurasının üzvlərini salamlayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. BSU-nun rektorunun təyin olunması ilə bağlı ölkə prezidentinin sərəncamını nəzərə çatdıran nazir dövlət rəhbəri tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş tələblərin milli şüurun və vətəndaşlıq mövqeyinin inkişafından, peşəkar biliklərin verilməsi və rəqabətə davamlı kadr hazırlığı məsələsindən ibarət olduğunu bildirib. Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın mühüm rolunu vurğulayan təhsil naziri BSU-nun zəngin ənənələrə malik olduğunu qeyd edib: “Sevindirici haldır ki, Təhsil Nazirliyinin pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetlərin tələbələri arasında keçirdiyi müsabiqədə bu ali məktəbin təmsilçiləri dördüncü yerdə qərarlaşıb. Statistik məlumata görə, BSU məzunlarının 51 faizi müəllim kimi çalışır”.

Nazir bildirib ki, ali məktəblərin ən böyük uğur faktorlarından biri də onu idarəedənlərin tədris prosesinə yanaşmasından asılıdır. Bu baxımdan BSU-da yaxşı idarəetmə ənənəsi təşəkkül tapıb.

BSU-nun rektoru A. Hacıyev ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib. A. Hacıyev BSU-da formalaşmış sağlam ənənələri davam etdirəcəyini nəzərə çatdırıb.

BSU-nun keçmiş rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri K. Abdullayev ilk növbədə ölkə prezidentinə təşəkkürünü bildirərək yeni təyin olunmuş rektorun universitetin kollektivi arasından seçilməsinin ümumilikdə ali məktəb kollektivinə etimad kimi qəbul edildiyini söyləyib. K. Abdullayev ali məktəbdə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu nəzərə çatdırıb.

Təqdimat mərasiminə yekun vuran təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, ali məktəblərin maliyyə resurslarının optimallaşdırılması, dövlət tərəfindən sistemli və məqsədyönlü mexanizmlərin hazırlanması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xüsusilə də pedaqoji ixtisasları seçmiş tələbələrin təşviq olunması ali təhsildə yeni yanaşmaların əsas tərkib hissələrindən biridir.

 





18.03.2014    çap et  çap et