525.Az

"İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür"


 

"İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür"<b style="color:red"></b>

"İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür" MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

Martın 14- Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100  illiyinə həsr olunmuş "İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür" mövzusunda elmi-nəzəri konfrans keçirildi.

Konfransı Universitetin rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq bildirdi ki, bugünkü tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 16 yanvar 2014- il tarixli Sərəncamına əsasən keçirilir.

Professor Timuçin Əfəndiyevin giriş sözündən sonra Universitetin "Rejissor sənəti" fakültəsində hazırlanmış "Həmişəyaşar sənətkar-İlyas Əfəndiyev" adlı qısametrajlı sənədli film nümayiş etdirildi.

"İlyas Əfəndiyev teatrı milli özünüdərkin milli-mənəvi dəyərlərin güzgüsüdür" mövzusunda məruzə edən universitetin Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev  qeyd etdi ki, İlyas Əfəndiyev yaradıcılığı klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlıdır: "Bununla yanaşı onun ədəbi qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür etmək mümkün deyil".

Məruzəçi  İlyas Əfəndiyev dramaturgiyasının  bədii-psixoloji məziyyətlərini  təhlil edərək onu Azərbaycan mədəniyyəti tarixinin "İlyas Əfəndiyev mərhələsi" kimi səciyyələndirdi. Natiq qeyd etdi ki, Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda tapdı:  "Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar qızı" s. tarixi dramları ilə xalqımızın milli azadlığı müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin müstəqilliyin bədii tərənnümçüsünə çevrildi".

Məruzəçi nitqinin sonunda İlyas Əfəndiyevin dram əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə Azərbaycanın ədəbi mədəni mühitində həmişəyaşar olacağını vurğuladı.

Konfransda çıxış edən Xalq artisti, professor Bəsti Cəfərova bildirdi ki, İlyas Əfəndiyev pyeslərinin tamaşaları Akademik Milli Dram Teatrının tarixində adi tamaşalar deyildi: "Onların hər biri yeni sənət qələbəsindən, kamil möhtəşəm obrazlardan xəbər verirdi. Mən İlyas Əfəndiyev yaradıcılığını "Böyük sənət qələbəsi" adlandırardım".

Xalq artisti, rejissor  Mərahim Fərzəlibəyov dedi:

"Prezidentimizin, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illiyi ilə əlaqədar imzaladığı Sərəncamda İ. Əfəndiyev yaradıcılığına yüksək qiymət verilib. Sərəncamda deyilir: "İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur". İlyas Əfəndiyev həqiqətən qüdrətli dramaturq idi. Mən bu böyük sənətkarın "Xurşudbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Hökmüdar qızı" başqa monumental əsərlərinin quruluşçu rejissoru olmuşam. Bununla da həmişə fəxr edirəm. İlyas Əfəndiyevin əsərləri bugün aktualdır. O, bugünümüzün , sabahımızın da  əbədiyaşar sənətkarıdır".

İlyas Əfəndiyev yaradıcılığında sənətlə şəxsiyyətin vəhdətindən danışan filologiya elmləri doktoru, professor Aqşin Babayev vurğuladı ki, Azərbaycan ədəbiyyatının nəhəng siması, görkəmli yazıçı dramaturq, ictimai xadim, yaradıcılığı ilə teatr aləmində lirik-psixoloji üslubun təməlini qoymuş İlyas Əfəndiyevin qəhrəmanları mərd, mübariz, heç nədən qorxmayan, heç kəsin qarşısında əyilməyən insanlardır: "Bu qəhrəmanların hər biri İlyas Əfəndiyevin şəxsi keyfiyyətlərinin ruporudur. Sənəti ilə şəxsiyyəti vəhdət təşkil edən İlyas Əfəndiyev haqqında çox xatirələr işıq üzü görüb. Bu xatirələrin hər birində İlyas müəllimin bənzərsiz sənətkarlığından, böyük ürəyindən, səxavətindən, əyilməzliyindən, mərdliyindən, kişiliyindən, əsilzadəliyindən söz açılır".

Tədbirdə "Dramaturgiyamızda lirik-psixoloji janrın banisi" mövzusunda çıxış edən yazıçı-dramaturq, ADMİU-nun dosenti Əli Əmirli İlyas Əfəndiyevi Azərbaycan səhnəsinə yeni mövzular, yeni həyat materialı, yüksək bədii məzmuna malik yeni   insan tipləri gətirən qüdrətli dramaturq kimi səciyyələndirdi. O qeyd etdi ki, İlyas Əfəndiyevin pyesləri səhnəyə  istilik, məhəbbət, sevgi, insan nəfəsi, bir sözlə həyatın özünü gətirdi: "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mənim günahım" kimi əsərləri ilə İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasında lirik-psixoloji janrın əsasını qoydu. Sonrakı dramaturqlar artıq sahmanlanmış bu yolun davamçılarına çevrildilər. Bir dramaturq kimi mən özümü bu yolun davamçısı hesab edir, bundan şərəf duyuram".

ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülşən Qafarova ədibin "Yun şal", "Çarvadarların izi ilə", "Bircəciyim" kinofilmlərinin, "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" televiziya filmlərinin  ekran təcəssümündən, sənətkarlıq xüsusiyyətlərindən danışdı. G. Qafarova qeyd etdi ki, milli kinomuzun inkişaf mərhələləri, kinorejissor ssenaristlərin yaradıcılığı ədibin həmişə diqqət mərkəzində olub.

Xalq yazıçısı İlyas Əfəndiyevin 100  illiyinə həsr olunmuş "İlyas Əfəndiyev sənəti milli-mənəvi dəyərlərimizin güzgüsüdür" mövzusunda elmi-nəzəri konfransı yekunlaşdıran ADMİU-nun rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev  İlyas Əfəndiyev ədəbi irsinə verilən yüksək qiymətə görə konfrans iştirakçıları şəxsən öz adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.

GÜNDÜZ ƏLİYEV

 





18.03.2014    çap et  çap et