525.Az

Mina Rəşidin şeirləri- "Novruz Bayramı"


 

Mina Rəşidin şeirləri- <b style="color:red">"Novruz Bayramı"</b>

 

NOVRUZ BAYRAMI

 

Novruz bayramı...

uşaqlıq illəri

Paxlava, şəkərbura naxışları kimi,

Sevimli günlər, şirin gülüşlər...

 

Novruz bayramı

Yamyaşıl bir zəmi, başımızda çələng

libaslı ağaclar bir mələk...

 

Novruz bayramı

Atamın zümzüməsi,

Anamın qonşuya pay göndərməsi

Böyük bir tonqal

Ağırlığım-uğurluğum harda qaldı?

 

Novruz bayramı

Balaca qardaşımın papaq atması,

yumurta döyüşməsi

-Xocalı uşaqlarının gülüşməsi...

 

Novruz bayramı

...Şuşanın dağları

Dumansız-çənsiz

Qızları qırmızı qoftalı,

Yaşıl şalvarlı,

Cıdır düzündə, at belində...

 

...Xanın səsi havalandı

"Qarabağın şikəstəsi"

Dünyaya səs saldı

Açın qulaqlarınızı!...

 

Novruz bayramı

Kosalı, keçəlli,

A novruz çiçəkli, göy bənövşəli...

 

...Ah...bir uşaq olarammı?

Tonqaldan atlanarammı?

 

Novruz bayramı

Məni bu həyatla barışdırarmı?...

 

CAHİLLİK ƏLİNDƏ

 

...Böcəklər dil tapa bilirlər,

Ağaclar da, quşlar da,

Suda balıqlar da,

Göydə ulduzlar da...

Təkcə adamlar dil tapa bilmirlər

Sevgi yox aralarında

Amma çoxlu təriqətləri var-

Bir qardaş şiədi, o biri sünni

sevmir biri o birini

hər an qan tökülür

cahillik əlində insanlıq çökür.

efirdə söz üstündə davadı,

hamı "ağıllı"

hər kəs imandan dəm vurur

amma çoxu şeytan quludu

 

YENƏ GÖYÜZÜNƏ BAXMIR ADAMLAR

 

...Bu qədər cahil adamların üzünə

Yenə günəş gülümsəyir,

Çiçəklər ətir saçır,

Yağış yağır...

Yenə göyüzünə baxmır adamlar

Yenə könül sınır, qəlb qırılır, ürək yanır...

Yenə milyonlar arasında

Qərib adamlar dolanır...

 

KÖRPƏLƏRİN FƏRYADI

 

...Adamlar qəsdinə durub dünyanın

Müharibələr, maşın qəzaları,

dəm qazı, qonşu davaları, qardaş qanı,

Bar, içki, qumar...

Saymaqla qurtarmaz eybəcər havalar

Bir yanda ac uşaqlar,

Bir yanda harın atalar, babalar...

Qonşusu ackən uyuyarmı müsəlman?..

Körpələrin fəryadı ərşə qalxır...

Qan su yerinə axır...

Aman, Allahım, aman!..

 

İŞIQLI ADAMLAR

BAĞIŞLAYARLAR

 

...Bilirəm çətindi kindən, qəzəbdən qurtulmaq

Çox çətindi

Amma bir az içindən çıxmağa çalış

Dünya işığından məhrum olanları anla,

Əlil insanların halını düşün

Dərd əlindən hər an üzüntü içində

çırpınanlara bax...

Bir az yüngülləşdinmi?

Bir az da cəhd elə

Səni sevməyənlərə mərhəmət eylə

Çətin olmaz, ürəyində "Allah eşqinə",

söyləsən

Bağışla səni görməyənləri, anlamayanları

Bu qədər özünə bağlanma...

 

...Adamlar fərqli, lap min cür olur, deyirlər...

Amma mənim dünyamda

İki fərqli adamlar var-

İşıqlı işıqsız

İşıqlı adamlar bağışlayarlar...

 





20.03.2014    çap et  çap et