525.Az

Cənubi Qafqaz: Ukrayna hadisələrinin region dövlətlərinə təsiri


 

Cənubi Qafqaz: Ukrayna hadisələrinin region dövlətlərinə təsiri<b style="color:red"></b>

Ukraynada hakimiyyət dəyişikliyinin postsovet məkanı ölkələrində necə əks-səda doğura biləcəyi aktual məsələ kimi qəbul olunur. Həmin kontekstdə Krımda Qərb-Rusiya qarşıdurmasının mümkün nəticələri maraq doğurur. O cümlədən, bunun regional münaqişələrə təsiri məsələsi müzakirə edilir. Ekspertlər bu bağlılıqda Dağlıq Qarabağ problemi ətrafında cərəyan edə biləcək geosiyasi prosesləri təhlil etməyə çalışırlar. Ermənilərin növbəti dəfə şantaj yolunu seçdikləri hiss olunur.

Ermənistanın narahatlığı: Ukrayna dalğasının yaratdığı təlaş

Krımda baş verənlər rəsmi İrəvanı həyəcanlandırıb. Ermənistan cəmiyyəti həmin hadisələri iki aspektdə qiymətləndirir. Birincisi, Ukraynadan sonra Rusiya üçün Ermənistanın geosiyasi əhəmiyyəti azalır. İkincisi, Krımdan sonra Dağlıq Qarabağın Rusiyaya birləşməsi baş tuta bilər (bax: Акоп Бадалян. Чего потребует Россия у Армении / "Lragir.am", 4 mart 2014 və Игорь Мурадян. "Запасной выход" для армянской власти / "Lragir.am", 7 mart 2014).

Ermənilərin siyasi və geosiyasi prosesləri təhrif olunmuş formada, qeyri-real qəbul etdikləri tarixi həqiqətdir. Bu dəfə də onlar ənənələrinə sadiq qalırlar. Daha geniş müstəvidə, Ukrayna proseslərinin fonunda Cənubi Qafqazın geosiyasi mənzərəsinə baxanda isə Ermənistan faktoru xeyli fərqli məzmunda özünü göstərir. Ekspertlər üçün məsələnin bu tərəfi maraqlıdır.

Moskvalı analitik Mixail Troitskinin fikrincə, Cənubi Qafqazda "Rusiyanın ən çox təsirinə məruz qalacaq ölkə Ermənistandır" (bax: Joshua Kucera. In Caucasus and Central Asia, Does Kremlin See More Ukraines? / "EurasiaNet", 24 fevral 2014). Onun qənaətinə görə, Ukraynadakı proseslərdən nəticə çıxararaq, Kreml Ermənistanın Gömrük İttifaqına üzv olmasında son dərəcə ehtiyatlı tərpənəcək. İrəvanı tələsdirməyəcəklər. Çünki burada ictimai asayişin pozulması ehtimalı yüksəkdir.

Ermənistanı həssas geosiyasi məkan edən amillər sırasında Dağlıq Qarabağ məsələsi xüsusi yer tutur. Rusiya bu münaqişədən Qərbin süni istifadə edərək, insanları küçəyə çıxara biləcəyini istisna etmir. Rəsmi İrəvanın da alternativ proqramı yoxdur. Çünki erməni millətçiləri və radikal qruplar üçün "soyqırımı" və Dağlıq Qarabağ ayrıca əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, bunları bəhanə edərək sadəlövh vətəndaşların hisslərini asanlıqla istismar edirlər.

Ermənistan KİV-də dərc edilən analitik yazıların məzmunundan bu məqam aydın görünür. Erməni ekspertlər Ukrayna məsələsinin Rusiya-Ermənistan münasibətlərinə təsirindən danışarkən mütləq "soyqırımı" və Dağlıq Qarabağ problemini kontekstə daxil edirlər. Onlar S.Sarkisyanın martın 6-da Dublində Avropa Xalq Partiyasının tədbirindəki çıxışını da həmin aspektdə təhlil edirlər (bax: Наира Айрумян. Карабах в Евразийском союзе / "Lragir.am", 6 mart 2014; Серж Саркисян говорил в Дублине о блокаде Турции и заявлениях Азербайджана / "Lragir.am", 7 mart 2014).

Belə çıxır ki, ermənilər növbəti dəfə Moskva və Brüsseli şantaj etmək yolunu seçiblər. Onlar güman edirlər ki, bu iki geosiyasi güc arasında süni arqumentlər vasitəsi ilə manevr edərək, yaxınlaşan geosiyasi uğursuzluqdan yaxa qurtara biləcəklər. Lakin bu zaman problemin real tərəfini unudurlar.

Gerçəklik ondan ibarətdir ki, Ermənistanda həqiqətən də daxili iğtişaşlar baş verə bilər. Bunun əsas səbəbi kənarda deyil, rəsmi İrəvanın yeritdiyi siyasətin yarıtmazlığındadır. Təbii ki, postsovet məkanında cərəyan edən geosiyasi proseslərin təsir dairəsi genişdir. Onun fonunda Dağlıq Qarabağ problemi də daha aktual formada geosiyasi gündəmə gələ bilər. Ancaq burada söhbət həmin bölgənin Azərbaycandan alınıb kiməsə verilməsindən gedə bilməz. Çünki beynəlxalq aləmdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbil edilib.

Ermənilərin fürsət yoxsulluğu, yoxsa yanlış geosiyasi seçimi?

Ukrayna hadisələrində də ABŞ başda olmaqla Qərbin Rusiya qarşısında qoyduğu əsas şərt ərazi bütövlüyünün təmin edilməsidir (bax: Обама предложил Путину переговоры РФ с Украиной и ввод наблюдателей / "РИА Новости", 7 mart 2014). Amerika prezidenti B.Obama V.Putinlə telefon danışığında Krımda referendumun keçirilməsinin qeyri-legitim olduğunu xüsusi vurğulayıb. Bununla o, istənilən şərt altında Ukraynanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu önə çəkib.

Ermənilər isə Rusiya parlamentinin son zamanlar qəbul etdiyi bəzi qanunları əsas tutaraq Krımdan sonra Dağlıq Qarabağın RF tərkibinə qatılması ehtimalının mövcudluğundan dəm vururlar (bax: Наира Айрумян. Göstərilən məqaləsi və Игорь Мурадян. Göstərilən məqaləsi). Belə təsəvvür yaranır ki, Ermənistan reallıqda Ukraynanın parçalanmasını arzulayır. Bunu o, Azərbaycandan torpaq qoparmaq üçün bir fürsət bilir. Lakin İrəvan Rusiyanı qabağa verir. Onun yanında isə Belarus və Qazaxıstandan istifadə etməyə çalışır. Təsadüfi deyil ki, erməni ekspertlər Gömrük İttifaqının sərhədinin haradan keçəcəyi ilə bağlı tez-tez suallar verirlər. Onlar "DQR"-in bu sərhəddən kənarda qalmasını fəlakət kimi təqdim edirlər.

Yaranmış vəziyyətə real müstəvidə baxsaq, Dağlıq Qarabağın Azərbaycansız Gömrük İttifaqına daxil olması imkansızdır. Moskva bunu etməz. Onda belə qənaətə gəlmək olar ki, ermənilər Kreml, Minsk və Astana qarşısında bu şərti qoymaqla, eyni zamanda, Avropa İttifaqına mesaj verirlər ki, bir bəhanə ilə Rusiyanın inteqrasiya təkliflərindən imtina edə bilərlər. Məsələnin bu cür qoyuluşu da regionda təxribatlara yol açır.

Müəyyən dairələr həmin faktordan istifadə edərək Cənubi Qafqazda münaqişələri alovlandıra bilərlər. Ermənistan həmin mənada "yeni Ukrayna" olar. Sabitsizliyin isə Gürcüstan və Azərbaycan ərazisinə keçməsi təhlükəsi meydana gələr. Bu da dolayısı ilə bütövlükdə regiona kənar qüvvələrin təsir etməsi imkanlarını genişləndirmək deməkdir.

Ermənistandan fərqli olaraq, Gürcüstanın Ukrayna hadisələrinə reaksiyası birmənalıdır. Rəsmi Tbilisi Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir və eyni zamanda, Krımda başqa dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinin qarşısının alınmasını tələb edir. Gürcüstan parlamentinin spikeri D.Usupaşvili bildirib ki, "tankların motorları işə salınıbsa, biz sadəcə bəyanatlar arxasında gizlənə bilmərik" (bax: Joshua Kucera. Göstərilən məqaləsi).

Rəsmi Tbilisi artıq Vaşinqtona "Rusiyanın mümkün təcavüzündən qorunmaq üçün" müraciət edib. Gürcüstanın baş naziri İ.Qaribaşvili ABŞ-a səfəri zamanı Moskvanın təzyiqlərini artıracağı və ölkədə Ukrayna ssenarisi üzrə proseslər təşkil etməyə çalışacağı haqqında danışıb (bax: Георгий Ломсадзе. Грузия просит США защитить республику от России и кризиса по украинскому сценарию / "EurasiaNet", 27 fevral 2014). Onun sözlərinə görə, Olimpiya oyunları başa çatandan sonra Rusiya Gürcüstana təzyiqini artırıb. Məsələn, Cənubi Osetiya ətrafına tikanlı məftillər çəkilməyə başlanıb (bax: əvvəlki mənbəyə).

Onu da deyək ki, Gürcüstan rəhbərliyi yaranmış vəziyyətdən ölkənin NATO-ya üzvlüyünü sürətləndirməsi üçün istifadə etməyə çalışır. Rəsmi Tbilisi Aİ-yə assosiativ üzvlükdən sonra, bu ilin sentyabrında NATO-ya üzvlüklə bağlı fəaliyyət proqramını imzalamağa ümid edir (bax: Георгий Ломсадзе. Грузия: Украинский кризис повышает шансы на членство в НАТО? / "EurasiaNet", 7 mart 2014). Şübhə yoxdur ki, bu, Kremli qıcıqlandıra biləcək ciddi faktordur.

Azərbaycana gəldikdə isə ekspertlərin rəyinə görə, burada Ukrayna ssenarisinin baş verməsi ehtimalı xəyaldan başqa bir şey deyil. Çünki Bakı Rusiya ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurub. Azərbaycanın Qərblə əlaqələri yüksək səviyyədədir. Bu səbəblərdən rəsmi Bakı Ukrayna hadisələrinə təmkinli və beynəlxalq hüququn tələb etdiyi normalar çərçivəsində qiymət verir (bax: Крымский гамбит России вызывает разнообразную реакцию на Кавказе / "EurasiaNet", 6 mart 2014).

Yuxarıda deyilənlər Ukrayna hadisələrinin Cənubi Qafqaz ölkələrinə fərqli təsir etdiyini göstərir. Hər bir dövlət indiyə qədər yeritdiyi xarici siyasətin bəhrələrini görür. Zaman hər şeyin obyektiv qiymətini verir.

Newtimes.az

 





28.03.2014    çap et  çap et