525.Az

Bələdiyyə sistemi: növbəti beş ilə yeni baxış


 

Bələdiyyə sistemi: növbəti beş  ilə yeni baxış <b style="color:red"></b>

Vüqar Tofiqli

"
Bələdiyyələrin fəaliyyətinin təbliği"
İctimai Birliyinin sədri  

Azərbaycan bələdiyyə sistemi dördüncü dəfədirki seçkilərə hazırlaşır. "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin bu istiqamətdə apardığı üzünmüddətli araşdırma təhlillərdən belə qənaətə gələ bilərik ki,  ötən dövr ərzində bir sıra uğurlar olsa da, ümumilikdə sistemin fəaliyyəti arzuolunan, gözlənilən səviyyəyə çatmamışdır.

1995-ci ilin noyabrında Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonrakı  beş il ərzində sistemin fəaliyyəti üçün vacib sayıla biləcək iyirmiyə yaxın qanun, iki yüzə yaxın normativ-hüquqi sənəd qəbul edilmiş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Mərkəzinin əməkdaşları tərəfindən yerli orqanların fəaliyyətinə kömək məqsədilə 50-dən artıq metodik tövsiyə hazırlanmışdır.

Araşdırmalar göstərir ki, yuxarıda qəbul edilən sənədlər ümumi fəaliyyət üçün yetərli olmamışdır.  İlbəil bələdiyyələrə  verilmiş səlahiyyətlərin bu ya digər şəkildə Milli Məclis ya yerli icra hakimiyyəti orqanı tərəfindən geri alınması, qanunların icrası ilə bağlı prezident sərəncamlarının icrasında müvafiq mərkəzi strukturlar tərəfindən ləng addımların atılması, yerli icra strukturlarının bələdiyyələrin fəaliyyətinə birbaşa müdaxiləsi sistemin bu günkü durumunu kritik həddə çatdırmışdır. Bir faktı qeyd etmək kifayətdir ki,  2007-ci ildə bələdiyyələrin ümumi büdcə gəlirləri 50 milyon manat oldugu halda, 2012-ci ildə bu rəqəm 36 milyon manata   düşmüşdür.

Daha bir fakt hərrac prosesi ilə bağlıdır. Belə ki, 2008-ci il noyabrın 23-  prezident tərəfindən imzalanmış sərəncamla torpaqların müsabiqə hərrac yolu satılması ilə bağlı prosedur sənədlərinin hazırlanması üç ay ərzində başa çatmalı olduğu halda doqquz ayadək davam etməsi nəticəsində bələdiyyə büdcəsi ciddi böhranla üz-üzə qalmalı oldu. Bir tərəfdən kadr axını, ikinci tərəfdən əhalinin problemlərinin həll edilməməsi bələdiyyələri seçiciləri ilə üz-üzə qoydu.

Bundan bir qədər əvvəl avtomobillər üzrə əmlak vergisinin dövlət büdcəsinə yönəldilməsi, reklamla bağlı gəlirlərin  şəhər büdcəsinə,  avtodayanacaqlarla bağlı gəlirin Nəqliyyat Nazirliyinə bir növ "perevod"  edilməsi onsuz da gərgin olan yerli büdcəni  daha da  çıxılmaz vəziyyətə saldı.

Bu günədək əmlak vergisindəki məhdudiyyətlərin aradan qaldırılmaması da ciddi narahatlıq doğurur. Aşağıdakı cədvələ diqqət yetirsək görərik ki, əsas  maliyyə istiqamətindən 2012-ci ildə  hər bələddiyyəyə düşən payın həcmi cəmi 178 manata bərabər olmuşdur.

Ölkə bələdiyyələrinin illik büdcə gəlirlərinə diqqət yetirək:

İllik büdcə gəlirləri əmlak vergisinin həcmi Ümumi büdcə gəlirlərində tutduğu faiz ay ərzində bir bələdiyyəyə düşən əmlak vergisinin həcmi

2002     12.828.400           840.000         6,6%    26 

2003     11.148.400           947.200         8,5%    29

2004     17.547.140        1.118.600         6,4%    34

2005     24.330.000           566.000         2,3%    18

2006     33.137.000           685.000         2,1%    21

2007     50.000.000           967.000         1,9%    30

2008     43.077.000        2.778.000         6,4%    85

2009     26.700.000        1.700.000         6,2%    52

2010     28.873.000        2.680.000         9,3%    130

2011     34.110.000        4.339.200         12,7%   211

2012     35.860.000        3.670.300         10,0%   178

 

Beləliklə,  qısa şəkildə olsa da ötən dövr ərzində bələdiyyələrin hansı durumla üzləşdiklərini gördük.

Misal olaraq Quba Qusar rayonlarında formalaşdırılmış bələdiyyələrin fəaliyyətinə bir qədər  geniş şəkildə diqqət yetirsək regionlarda olan bütün bələdiyyələrin fəaliyyəti haqqında ümumi bir mənzərə yarada bilərik.

Quba bələdiyyələrinin illik büdcə gəliri 2011-ci illə müqayisədə 19,0 %, 2002-ci illə müqayisədə  isə 8,3 dəfə artaraq 2012-ci ildə  1.294.100 manata çatmışdır. Ortalama rəqəmlə hər bələdiyyənin aylıq büdcə gəliri ötən il 2838 manat olmuşdur.  Bu rəqəm son on il  ərzində Quba bələdiyyələrinin qazandığı ən yüksək rəqəmdir.

Qeyd edək ki, ötən il əsas  vergilər üzrə gəlirlər  502.400 manat olmuşdur ki, bu da  ümumi  gəlirin 38,8%-i deməkdir. Bələdiyyə əmlakının özəlləşdirilməsi icarəsindən isə daxil olan vəsaitlərin həcmi  622.400 manata bərabərdir. Bu isə büdcə gəlirinin  48,1% deməkdir. Əmlak vergisi 77.100 manat, turizm, sanatoriya kurort xidmətlərindən daxil olan ödənişlərin həcmi isə 2100 manata bərabər olmuşdur. Turizm xidmətləri ilə bağlı gəlirlərin səviyyəsi isə  aşağı həddədir. Belə ki, 38 bələdiyyənin aylıq turizm xidmətləri ilə bağlı gəliri 5 manata çatmamışdır. İlkin arardırmalar göstərir ki, rayon ərazisində olan sənədsiz  mənzillərə hüquqi status verilməsi yerli gəlirlərin həcminin 2-3 dəfə artmasına səbəb ola bilər.

Qusar bələdiyyələrinin illik büdcə gəliri isə 2011-ci  illə müqayisədə 62,2% azalsada, 2002-ci illə müqayisədə  5 dəfə artaraq, 2012-ci ildə,  581.200 manata olmuşdur.  Ortalama rəqəmlə hər bələdiyyənin aylıq büdcə gəliri ötən il 1670 manat,  ən yüksək rəqəm isə 2011-ci ildə 2687 manata çatmışdır.

Qeyd edək ki, ötən il əsas  vergilər üzrə gəlirlər  174.100 manat olmuşdur ki, bu da  ümumi  gəlirin 30,0%-i deməkdir.  Bələdiyyə əmlakının özəlləşdirilməsi icarəsindən isə daxil olan vəsaitlərin həcmi  402.800 manat, yəni büdcə gəlirinin  69,3 % deməkdir. Qusar bələdiyyələrinin əsas büdcə gəliri digər bələdiyyələrdə olduğu kimi  əmlakın özəlləşdirilməsindən, icarəsindən əsas vergi növü olan torpaq vergisindən daxil olmuşdur. Təhlillər göstərir ki,  8.700 manat  əmlak vergisi yığıldığı halda, turizm, sanatoriya kurort xidmətlərindən on il əzində heç bir ödəniş  olmamışdır.  Qusarın 29 bələdiyyəsinin aylıq  əmlak vergisinin həcmi isə orta hesabla  25 manat olmuşdur...

Sonuncu bələdiyyə seçkilərindən sonra çıxış yolu kimi birləşdirmə prosesi həyata keçirilərək bələdiyyələrin sayı 2736-dan 1718 endirildi.

Misallardan da belə qənaətə gələ bilərik ki, atılan addımlar   bələdiyyə sisteminin inkişafına ciddi şəkildə təsir etməmiş, sadəcə simvolik xarakter daşımışdır.

Əgər 2008-ci ildə 2736 bələdiyyə ay ərzində 1522 manat qazana bilirdisə, birləşdirmədən sonra bu rəqəm 1739 çatıb. Söz yox ki, buna irəliləyiş demək olmaz. Göründüyü  kimi, bu  addım bələdiyyə sisteminin fəaliyyətinə elədə müsbət təsir etmədi.

Beləliklə, yuxarıda deyilənlərdən irəli gələrək "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin  bələdiyyə sistemin    fəaliyyətinin canlandırılması onların cəmiyyət üçün lazımlı bir orqana çevrilməsi üçün  aşağıdakı təklifləri irəli sürür:

1. Bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, idarəçilikdə mövcud paralelliyi aradan qaldırmaq bu  istiqamətdə dövlət  siyasətinin vahid mərkəzdən idarə olunması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılması məqsədəuyğun hesab edilir.  Yaradılacaq qurumun nazirlik, komitə ya dövlət agentliyi  qismində Ədliyyə  Nazirliyinin Bələdiyyələrə Mərkəzinin bazasında olması daha böyük səmərə verə bilər.  Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünüidarəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasını həyata keçirər, həm dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçirilməsinə, həmçinin bələdiyyələrin fəaliyyətinə müdaxilələrin aradan qaldırılmasına yardımçı olar.

2. Yaradılacaq qurum vasitəsilə qanunverici orqan  qarşısında daha təkmil qanun layihələrin təqdim edilməsinə,  ilk növbədə  icra hakimiyyətləri bələdiyyələrin səlahiyyət bölgüsünü özündə əxz edən qanun layihəsinin hazırlanmasını  həyata keçirə bilər.

3. Bu qurum yanında  QHT təmsilçilərinin iştirakı ilə yaradılan ictimai şura mütəmadi olaraq təkliflər verməklə mövcud problemlərin daha sürətli aradan qaldırılmasına kömək etmiş olacaq.

4. Məhz bu orqanın  təklifi ilə yaradılacaq xüsusi  ekspert qrupu qanunların  ekspertizasını həyata keçirməklə mövcud boşluqların aradan qaldırılması üçün addımlar  atar.

5. Habelə qarşıdan gələn seçkilərdə yenidən bələdiyyələrin sayının azaldılması məsələsinin gündəmə gətirilməsi ümumi sistemin xeyrinə atılan addım kimi sayıla  bilər.

6. Bundan əlavə sənədsiz mənzillərin rəsmiləşdirilməsinin həyata keçirilməsi bu işdə yerli orqanların üzərinə məsuliyyət yükünün qoyulması sistemin maliyyə durumuna təsir edə bilər.

 





28.03.2014    çap et  çap et