525.Az

Mərkəzi Asiya: orada "yeni Ukrayna" varmı?


 

Mərkəzi Asiya: orada "yeni Ukrayna" varmı?<b style="color:red"></b>

Krımla bağlı baş verən hadisələr çoxlu sayda geosiyasi suallar yaradıb. Ekspertlər analoji proseslərin digər keçmiş sovet respublikalarında təkrar oluna biləcəyi ehtimalını müzakirə edirlər. Bu sırada Gömrük İttifaqına üzv dövlətlər və Mərkəzi Asiya ölkələri ilk yada düşür. Bu məsələnin özlüyündə mürəkkəb olduğu etiraf edilir. Eyni zamanda, həmin regionda "Maydan"a bənzər olayların ortaya çıxa bilməsi istisna olunmur. Bu halda bütövlükdə bölgədə prosesləri proqnozlaşdırmaq mümkündürmü?

Krım qarşıdurması: təsir dalğasının sərhədi haradan keçir?

Mərkəzi Asiya narahatdır. "Maydan sindromu"nun sərt küləklərinin bu məkanı da vura biləcəyi istisna edilmir. Ekspertlər bu məsələyə Rusiyanın region dövlətləri ilə münasibətlərinin gələcəyi aspektində nəzər salırlar. Obrazlı olaraq, keçmiş sovet respublikaları içərisində "yeni Ukrayna"nın meydana gəlməsi ehtimalından danışırlar. Artıq bir sıra maraqlı analizlər aparılıb və proqnozlar verilib.

Hər şeydən əvvəl onu deyək ki, analitiklər Ukrayna məsələsinə son 25 ildə Qərb-Rusiya münasibətlərində baş verən proseslər prizmasından baxırlar. "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru F.Lukyanovun qənaətinə görə, bu müddət ərzində dünyanın aparıcı dövlətləri beynəlxalq münasibətlər sistemini yeniləşdirə bilmədilər. Nəticədə, Ukrayna kimi ciddi böhran meydana gəldi (bax: Федор Лукьянов. Принуждение к новому миру / "Globalaffairs.ru", 4 mart 2014).

Hazırda Ukrayna ətrafında yaranmış vəziyyətə F.Lukyanovun irəli sürdüyü prinsip müstəvisində diqqət yetirsək, onda avtomatik olaraq keçmiş SSRİ məkanının digər ölkələrinə ola biləcək təsirlər göz önünə gəlir. Bu bağlılıqda Mərkəzi Asiya məsələsi daha aktual görünür. Bunun iki səbəbinin olduğunu düşünürük. Birincisi, Rusiyanın irəli sürdüyü Avrasiya inteqrasiya modelinin əsas dayaqlarından biri Qazaxıstandır. İkincisi, Mərkəzi Asiya son zamanlar böyük geosiyasi güclərin aktiv mübarizə meydanına çevrilib.

Məhz buna görədir ki, V.Putin martın 5-də Moskvada Belarus və Qazaxıstan prezidentləri ilə görüşüb və əməkdaşlıqla bağlı aktual hesab etdiyi məsələləri müzakirə edib. Ekspertlər bunu "Rusiyanın Krım hadisələri fonunda Avrasiya İttifaqındakı tərəfdaşlarını sınaması" kimi qiymətləndirirlər (bax: Joanna Lillis. Putin Turns Attention to Eurasian Union / "EurasiaNet", 5 mart 2014).

Rusiya prezidenti həmin görüşdə Gömrük İttifaqında bəzi çətinliklərin yarana biləcəyindən danışıb. Krımla əlaqədar Qərbin tətbiq edə biləcəyi sanksiyaların mümkün nəticələrindən söhbət açılıb. Bununla Kreml müəyyən mənada müttəfiqlərinin "nəbzini yoxlayıb". Şübhəsiz ki, V.Putin təcrübəli siyasətçi kimi vacib bir addım atıb. Bunun üç əsas faktorla əlaqəsinin olduğunu demək olar.

Əvvəla, Mərkəzi Asiya dövlətləri Krımda baş verənlərdən sonra "eyni hal burada təkrar oluna bilərmi?" sualı üzərində düşünürlər. Açığı, onlar xeyli dərəcədə ehtiyatlanıblar. Çünki Moskva Ukraynaya "rusdilli əhalinin maraqlarını qoruyuruq" səbəbi ilə hərbi qüvvə göndərirsə, analoji vəziyyət Mərkəzi Asiyada yarana bilər. Burada rusdillilər kifayət qədərdir. Qazaxıstanlı analitik N.Kasenova "EurasiaNet.org"-a deyib ki, "Rusiya bu dövlətləri (postsovet məkanı ölkələri nəzərdə tutulur – Newtimes.az) tam suveren hesab etmədiyini və... öz maraqlarını beynəlxalq hüququn müəyyənləşdirdiyi ərazi bütövlüyü prinsipindən üstün tutduğunu göstərdi" (bax: əvvəlki mənbəyə).

Bununla yanaşı, ekspertlər başqa bir məqama daha çox diqqət yönəldirlər. Belə ki, Rusiya postsovet məkanında xaosun yayılmasından ehtiyatlanır. F.Lukyanov bununla bağlı açıq yazır: "Rusiyanın Ukrayna siyasətinin əsas mahiyyəti xaosun ölkə ərazisinə yayılması riskini azaltmaqdan ibarətdir" (bax: Федор Лукьянов. Göstərilən məqaləsi). Bunun fonunda Moskva inteqrasiya proseslərini sürətləndirə bilər. Mərkəzi Asiya dövlətləri isə məhz bu intensivlikdən çəkinə bilərlər. O halda Kreml daha sərt tədbirlərə əl atarmı?

"ЦентрАзия" informasiya saytının redaktoru V.Xlyupin bu aspektdə apardığı təhlildə vurğulayır ki, Mərkəzi Asiya dövlətləri "böyük oyunun piyadalarıdırlar, onların fikrinə kimsə diqqət yetirmir, onlar geosiyasi güclər üçün "yem"dirlər" (bax: В.Хлюпин. Уроки Майдана для Центральной Азии. Часть 1. Герои нашего времени / "Centrasia.ru", 22 fevral 2014). Təbii ki, bu cür təhqiramiz məzmunlu qiymətləndirmələr region ölkələrini ehtiyatlandırmaya bilməz.

Rusiyanın Asiya siyasəti: Moskvadan ehtiyatlananlar

İkincisi, unutmaq olmaz ki, Mərkəzi Asiya Kremlin, ümumiyyətlə, Asiya siyasətinin bir parçasıdır. Burada isə onun əsas tərəfdaşı və rəqibi Çindir. Yaponiyanın "The Diplomat" jurnalı bu bağlılıqda "Rusiyanın Asiyada ciddi imkanlarının olduğunu ABŞ etiraf etməlidir" fikrini önə çəkir (bax: Richard Weitz. Sochi Showcases Moscow’s Asian Influence / "Thediplomat.com", 20 fevral 2014).

Həmin nəşr daha sonra yazır: "Mərkəzi Asiyada Rusiyanın iqtisadi hökmranlığını Çinin dağıtmasına baxmayaraq, Çin sərmayələri və ticarəti regionda sabitliyi təmin etməyə yardım göstərir. Əgər burada "Ərəb baharı"na oxşar bir proses başlasa, qonşu Rusiya və Çin üçün ciddi təhlükə yaranar" (bax: əvvəlki mənbəyə). Belə görünür ki, Moskva həmin bölgədə onun maraqları baxımından arzuolunmaz hadisələrin baş qaldıra biləcəyini istisna etmir. Bunu önləmək üçün Kremlin Krım ssenarisini təkrarlaya bilməsi nə dərəcədə realdır?

Üçüncüsü, ABŞ Əfqanıstandan qoşunlarını çəkəndən sonra Mərkəzi Asiyada terror qruplarının fəallaşması gözlənilir. Artıq talibançıların Türkmənistan ərazisinə hücumlar təşkil etdiyi haqqında informasiyalar yayılır. Bu hələlik epizodik xarakter daşısa da, təhlükəli tendensiyadan xəbər verir. Bəzi ekspertlər hesab edirlər ki, 2014-cü ildən başlayaraq "əl-Qaidə" Rusiya və Çin istiqamətlərində fəallaşacaq. Şübhəsiz ki, bu məqamlar Moskvaya cavab tədbirləri görmək şansı yaradır.

Məsələn, 2014-cü ildə Rusiyanın Xəzərdə hərbi gücünü artıracağı haqqında informasiyalar mövcuddur (bax: Joshua Kucera. Russia Plans Ambitious Year For Caspian Flotilla / "EurasiaNet", 14 yanvar 2014). Moskva müasir hərbi texnika ilə təchiz edilmiş gəmilərini bu regiona göndərir. Ekspertlər Kremlin bu cür addımlarını normal hal sayırlar.

O cümlədən, regionda Rusiyanın rəqiblərindən olan İran analitikləri bu mövqedədirlər. Məsələn, Q.Osuli yazır: "Rusiya Mərkəzi Asiyanı öz geosiyasi maraqlarının açar regionu hesab edir. Bu məkanın sabitliyindən Rusiyanın milli təhlükəsizliyi asılıdır. Mərkəzi Asiya ölkələrinə olan köhnə və yeni təhlükələr qabarıq surətdə Rusiyaya da təsir edir..." (bax: Касем Осули. Цели и интересы России в Центральной Азии: настоящее и будущее / "İnosmi.ru", 5 mart 2014).

Bunlar Rusiyanın Mərkəzi Asiyaya böyük geosiyasi əhəmiyyət verdiyini ifadə etməklə yanaşı, Kremlin müəyyən proseslərdən ehtiyatlandığını da sübut edir. Həmin əsasda bu bölgədə "yeni Ukrayna"nın meydana gələ bilməsi ehtimalını istisna etmək riskli görünür. Eyni zamanda, Gömrük İttifaqı ilə əlaqədar gözlənilməz proseslər başlaya bilər. Burada çoxlu sayda geosiyasi faktoru nəzərə almaq gərəkdir. Qazaxıstan amilinin geosiyasi əhəmiyyətinin daha da artdığını düşünürük. Astananın Moskva ilə münasibətlərini hansı müstəvidə inkişaf etdirməyindən ümumən regionun vəziyyəti asılı ola bilər.

Lakin Mərkəzi Asiya ölkələrinin daxilində "Maydan"a oxşar hadisələrin başlaması halında mürəkkəb vəziyyət yarana bilər. Belə halda Kremlin sakinliyini saxlaması çətin olacaq. Onu nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya böyük məkandır və orada Krımdakı taktikanı tətbiq etmək xeyli maneələrlə qarşılaşa bilər. Gözləmək olar ki, bəzi dairələr Mərkəzi Asiyada prosesləri məhz xaos yaratmaq istiqamətinə yönəltsinlər. O halda bütün region üçün təhlükəli geosiyasi-hərbi vəziyyət formalaşar. Burada Çin faktorunu yaddan çıxarmaq olmaz. Hər bir halda Pekin sərhədləri yaxınlığında baş verənlərə laqeyd qalmaz. Bu, qlobal miqyasda yeni mübarizənin başlanğıcı ola bilər. Mərkəzi Asiya çox həssas bir mərhələyə qədəm qoyur.

Newtimes.az

 





28.03.2014    çap et  çap et