525.Az

Qorxmaz Şıxalıoğlunun şeirləri


 

Qorxmaz Şıxalıoğlunun <b style="color:red">şeirləri</b>

 

Vaxt vardı,

eşqimiz dünyaya sığmırdı...

Vaxt vardı,

Üfüqlərdən yelləncək asıb

yellənmək istəyirdik...

İndi kimsə, pəncərə arxasında

qəmli- qəmli oxuyur:

“...əvvəl bir- birimizi itirdik,

sonra da üfüqləri”.

14.02.2014

 

Səndən sonra yaz gələ,

badam ağacları çiçəkləyə...

Sən onları görməyəsən.

Həyətdəki gömgöy dirrikdən

şanapipiyin səsi gələ,

o səsdən yeddi arxadönəninin

nəfəsini duymayasan...

Səndən sonra yaz gələ,

bir may səhəri

ayılıb görələr ki,

evdə, sən yatan yerdə

lalələr bitib başdan- başa.

Kimsə deyə ki,

yəqin, ürəyində qalan arzularıdır...

Yox, ola bilməz,

Allah razı olmaz

bu haqsızlığa...

Yəqin, mən vaxtsa,

dünyanın harasındasa,

təzədən doğulacağam.

         20.01.2014

 

məni tanıyırsan,

yerimi.

Ancaq bilirəm,

tez- tez olmasa da,

yadına düşürəm hərdən.

Bilirəm, mənə

kömək əlini uzatmaq istəyirsən.

Bəlkə , ara- sıra, xəyalında

mənimlə çörək yeyirsən.

Bilirəm, heç vaxt

üz- üzə gələn deyilik.

Narahat olma, elə bil ki,

 mənə kömək etmisən yüz kərə.

Sağ ol, var ol,

mənə yaxşılıq etmək istədiyinə görə.

25.01.2014

 

Gözəl bir yaz günü ola,

İçərişəhərin yanından

trolleybusa minib,

üzüyuxarı qalxasan.

Yolun hər iki tərəfi

sıra- sıra yasəmən ağacı ola.

Görəsən ki, trolleybusda

yanaşı əyləşiblər

Nigar xanımla Rəsul Rza.

Başlarına da

bir dəstə məktəbli yığılıb.

Yol boyu yasəmən ətri vura

onların şirin söhbətini...

Gözəl bir yaz günü ola,

gül- çiçəkli bir çəməndə,

görəsən ki,

iki cavan gəlir köynəkdə.

Baxasan ki,

biri Mikayıl Müşfiqdi,

biri Əli Kərim...

Gözəl bir yaz günü ola,

qırmızıİkarusda

Şuşanın dolama yollarını qalxasan,

radiodan da Səxavətin səsi gələ...

Gözəl bir yaz günü ola,

balalarını götürüb kəndə gedəsən.

Həyətdəki tut ağacının altında

samovar qaynaya.

Birdən darvaza açıla,

görəsən ki, gələn atandır.

Oğlun tez soruşa səndən:

Ata, o gələn kişi kimdi?

Babandı, deyib kövrələsən.

Gözəl bir yaz günü ola...

Ay dadi- bidad!

Birdən fikirdən ayılasan.

Görəsən ki,

kənddəki həyətdə, oğlunla dayanıb,

işıq məftilinə qonub oxuyan

qaranquşlara baxırsan bayaqdan.

                20.01.2014

 

Tofiq Abdini xatırlarkən

 

Sentyabrın tən ortasında,

həyətimizdəki dörd şam ağacını

elə, mən yaşda olardılar-

kəsib uzatdılar yerə.

Hərəsinin budağında

üç- dörd quş yuvası.

Dedim, o quşların başına

hava gələr yəqin o axşam...

Yadımdadı, bir şənbə günü,

Sarının kafesinə tərəf gedirdik-

sən, mən, Adilxan.

Necə oldusa,

bunları danışdım sənə...

Birinci badədən sonra,

gördüm, gözlərin yaşarıb.

Qayıtdın ki, Qorxmaz,

gərək  o ağac söhbətini

deməyəydin mənə...

O gün sevdim səni,

o gün köçdün ürəyimə,

yaşarmış gözlərinlə.

      13.03.2014

 

Bu yağmurlu payız günü,

gövdəsi düyün- düyün,

bu tənha, qoca qarağac

qədər xoşbəxt görünür,İlahi!  

Neçə belə

yağmurlu payız günü,

durna səsinə diksinib, yerindən olub

bu tənha qarağac.

Amma yazığı gəlib

bu kimsəsiz çölə-

tək qoymaq istəməyib onu.

İndi, bu yağmurlu payız günü,

bu tənha, qoca qarağac

Sevincindən, az qala,

qucaqlamaq istəyir Yeri, Göyü.

Sevinir ki, yaxşı, bir vaxtlar ,

qoşulub durnalara, uçub getməyib.

01.11.2013

                                             

Anatoli Banişevskinin

xatirəsinə

 

O günGənclikdən,

stadionun yanından keçirdim.

Qulağıma səs gəldi,

tribunalar qışqırırdı:

Tolik! Tolik!”

Gördüm top səndədir,

yel kimi gedirsən

rəqib qapısına doğru,

ürəyimiz arxanca,

gözlərimiz sənin

işıqda bərq vuran

qızıl başında...

13.02.2014

 

Şamxal Rüstəmə

 

Dünən gecə,

Yesenin gəlmişdi yuxuma

Sevincimdən bilmədim neynim.

Düşündüm ki, “525- ci qəzetin

sonuncu şənbə sayında

şeirlərimi oxuyub yəqin.

Bir xeyli susdu,

sonra başdan- ayağa süzüb məni

kədərli- kədərli dilləndi:

O zəhrimarXanarağını içmə,

Vallah, öldürəcək səni”.

                         20.01.2014

 

Yadımdadı, səhər tezdən

bacı-qardaşlarımla

düzülərdik əsgərlər kimi

ocağın qırağında.

Hərəmizin əlində

içi  doğranmış çörəklə dolu

sarı çuqun qab.

Qara mis qazandakı

süd qaynayan kimi,

qablarımız uzanardı

anama sarı.

Qaynar süd hopanda

quru çörəyin canına,

daha da çox istəyərdik

anamızı...

Hərdən kəndə gedirəm,

heyf ki, indi anam var,

qara mis qazan,

o süd...

18.02.2014

 

Balaca olanda,

Novruz bayramı gecəsi,

eyvanda təkcə durub,

kəndimizin yamacındakı

qəbristanlığa baxardım.

Elə bilərdim ki, o gecə,

babam qalxıb məzarından

evimizə sarı boylanır.

Görəndə ki,

işıq yanır eyvanımızda,

üzü gülür, rahat olur,

sonra  da qayıdır ...

20.02.2014

 

Alimadlı bəndən var,  İlahi!

Onu yaxşı tanıyırsan.

Səni çox sevir,

Səninlə nəfəs alır,bilirsən.

Amma muğam oxuyanda,

səsi zilə qalxanda,

səninlə bizim aramızdakı

nəhəng, qalın pərdə tərpənir.

H

ərdən qorxuram ki,

o pərdə aralana-

dünyanın sehri itib-gedə,

yaşamaq zülm ola...

İlahi, rəhm sal onun ürəyinə,

qoy daha oxumasın.

22.02.2014

 

Uralda-əsgərlikdə olaydım.

Bir gün evdən, içi kəndlə dolu,

kök  bir məktub alaydım.

Kövrələydim, mənsiz keçən

Aqilin toyuna.

O gecə yuxu görəydim yenə.

Görəydim ki,

Aqilin toyunda oynayıram

əsgər paltarında.

03.02.2014

 

Kənddəki evimizdəyəm...

Həmin köhnə həyət, kirəmitli ev...

Bir vaxtlar anamın çörək bişirdiyi,

şirəsi tökülmüş ocaq...

Çəpərin dibində pas atan sacayaq...

Sütuna vurulmuş

üçhaçalı maral buynuzu-

babamdan qalan son yadigar.

Dalanın böyründən boylanan,

anamın böyük sacı...

Kauçuk qablar arasında

sıxılan mis qazan...

Samana həsrət samanlıqda

atılıb qalmış əlcəksiz dəryaz.

Bir , həyəti dolaşan

ata-anamın nigaran ruhu...

Bir ...doqqazın ağzındakı mağazadan

qayıdan qardaşımın səsi:

Təzə çörəklə sosiska almışam,

yol gəlmisən, gəl, bir tikə çörək ye”...

Sonra... sonra da qonşu oğlanın

əl telefonundan gələn meyxana səsi...

16.09. 2013

 





31.03.2014    çap et  çap et