525.Az

Qırğızıstan Xarici İşlər Nazirliyindən Azərbaycanın Bişkekdəki səfirliyinə təşəkkür notası


 

Qırğızıstan Xarici İşlər Nazirliyindən Azərbaycanın Bişkekdəki səfirliyinə təşəkkür notası <b style="color:red"></b> Qırğızıstanın Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfirliyinə təşəkkür notası ünvanlayıb. Notada böyük qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin Azərbaycanda təntənəli şəkildə keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub. Eyni zamanda nazirlik Azərbaycanın Xalq yazıçısı Anarın Bişkekdə yaradıcılıq gecəsinin dövlət səviyyəsində təşkili və keçirilməsində qırğız tərəfinə fəal yardım etdiyi üçün Azərbaycanın Qırğızıstandakı səfirliyinə minnətdarlığını bildirib. 

Notada o da qeyd edilib ki, belə tədbirlər ümumi tarixə, oxşar mədəniyyət və ənənələrə, dini və mənəvi dəyərlərə malik olan, həmçinin türk əcdadlarımızın vahid dilində danışan Qırğızıstan və Azərbaycan xalqları arasında mədəni-humanitar əlaqələrin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Çingiz Aytmatovun 85 illik yubileyi qeyd olunub. 04 mart 2014-cü il tarixdə isə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə  A.Maldıbayev adına Qırğız Akademik Opera və Balet Teatrında qırğız ədəbi-mədəni ictimaiyyətinin Xalq yazıçısı Anarla görüşü keçirilib.
 





01.04.2014    çap et  çap et