525.Az

AYB Gənclər Şurasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər- FOTOLAR


 

AYB Gənclər Şurasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər- <b style="color:red">FOTOLAR</b>

Mart ayının 31- Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Abidə önünə qərənfillər düzən gənc yazarlar soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra komplekslə tanış olublar.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair Xəyal Rza ziyarətlə bağlı reportaj hazırlayan region qəzetinə müsahibə verib: "Xalqımızın tarixində qara hərflərlə yazılmış bu soyqırımı təkcə Qubada deyil, eyni zamanda azərbaycanlılara qarşı İrəvanda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Lənkəranda həyata keçirilib. Üstündən illər keçsə tarixi həqiqətlərin üzə çıxması, erməni vəhşiliyinin artıq dünya ictimaiyyəti tərəfindən tanınması onu deməyə əsas verir ki, bu gün başımıza gətirilən faciələrin, soyqırımların, deportasiyaların dünyada təbliği üçün dövlətimiz tərəfindən mühüm işlər görülür, dünyanın hansı ölkəsində yaşamasından, siyasi əqidəsindən  asılı olmayaraq hər bir azərbaycanlı bu haqq işimizə əməli dəstək verir".

Gənclər Şurasının üzvləri səfərlə bağlı təəssüratlarını bölüşərək zaman -zaman erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımların heç bir zaman unudulmayacağını bildiriblər. 

Daxili İşlər Nazirliyinin (DİN)  mətbuat xidmətinin əməkdaşı, Gənclər Şurasının üzvü Hafiz Təmirov gənclərə vətənpərvərlik duyğularının daha da möhkəmləndirilməsi məqsədilə belə səfərlərin vacibliyini vurğulayıb. DİN əməkdaşı həmçinin AYB Gənclər Şurasının üzvlərinin kompleksi ziyarətindən xəbər tutan  Quba Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə Şöbənin  bir qrup əməkdaşı da Memorialı Gənclər Şurasının üzvləri ilə birlikdə ziyarət etməsini təqdir edib, onlara isti münasibətə görə minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





01.04.2014    çap et  çap et