525.Az

Səsli hekayələr


 

Səsli hekayələr<b style="color:red"></b>

"Hər ürək bir simfoniyadır. Sadəcə onu sonacan dinləmək lazımdır"

Təranə Vahid

Tanınmış yazıçı-dramaturq Əli Əmirli istedadlı qələm sahibi Təranə Vahidin "Cənnətdən yuxarı..." kitabına yazdığı önsözdə hekayələri "gözəl şeir"ə bənzədərək müəllifin axıcı üslubundan bəhs edir. Mən isə bu hekayələri hələ kitab şəklinə düşməmişdən oxuyub tükləri ürpədən səslər eşitmişdim. bu səbəbdən müəllifin adıçəkilən kitabında təqdim etdiyi hekayələri "səsli hekayələr" kimi xarakterizə etmək qərarına gəldim...

Təranə Vahidi üç ilə yaxındır ədəbi nümunələri ilə yanaşı, şəxsən tanıyıram.  Belə bir nəcabətli, xanım-xatın insanla bir müddət "Mədəniyyət" qəzeti redaksiyasında çalışdığıma görə özümü xoşbəxt sayıram. Bu qənaətə gəlmişəm ki, Təranə xanımın qələmindən çıxan bədii nümunələr qəlbinin simfoniyasıdır. Mən o səsi ömrümün sonunacan eşidəcəyimə inanıram...

Düşünürəm ki, xalqımız arasında torpaq itirməyən bir kimsə yoxdur! Əgər bu inamda olmayan varsa, o kəs vətən övladı deyil! Belə bir deyim var ki, başına gələn başmaqçı olar. Məgər torpaq itkisini dərk etmək üçün mütləq didərginlik, köçkün həyatı yaşamalısan?! Yurd itkisinin mahiyyətini dərk etmək istəyənlər üçün Təranə xanımın bu kitabda yer alan "Müharibə, nənəm itən vaxt", "Tapılmayan torpaq" s. əsərlərini məsləhət görərdim.

Öncə Təranə xanıma arzum budur ki, qələmi bir belə nalə çəkməsin! Ulu Tanrı itən yurdumuzun geri qaytarılması üçün bizə sarsılmaz birlik nəsib eləsin! "Müharibə, nənəm itən vaxt" hekayəsi faciəmizin hüdudlarını göstərməklə yanaşı, milli koloritin ifadəsi baxımından da mükəmməl örnəkdir. Eyni zamanda burada müəllifin mənəvi dəyərlərə qədər həssas münasibət bəslədiyinin şahidi oluruq. Görün, isti ocağını mənfur düşmənə buraxıb getmək məcburiyyətində qalan insan o məqamda əvvəlcə hansı addımı atır: "Nənəm babamın divardan asılmış şəklinin qarşısında dayanıb dodağının altında isə mızıldandı. Bilmirəm dua edirdi, yoxsa babamla halallaşırdı, Allah bilir, bəlkə babamdan, həmişəki kimi, "a kişi, gedim-getməyim?" - deyə, icazə istəyirdi..." Çox çətin, hətta adamın içini oyan, qulağını cingildədən səs-sual deyilmi?! Fikrimcə, ömür yoldaşı bu dilemma-suala nəinki cavab verməzdi, hətta onu cəzalandırardı da. Deyərdi, a binəva, adam da yurdunu tərk edər?! Amma çarə...

Əgər biçarə Nənə qəlbində gedib-getməmək üçün "icazə istəyirsə", kəndin digər sakini Ədil kişinin hökmü isə qətidir: "Kənd maşına "köçüb" qurtarandan sonra hay-haray kəsildi. Qənimət kişinin kal səsi eşidildi: - Ədil kişi getmir!" Bu səs necə, qulağımızı yox e, başımızı partladan səs deyilmi?!

Dədə-baba yurdundan baş götürüb getmək kimi analoqu olmayan bir zülmə məhkum olunmuş sakinlər kənddən aralananda Nənəş arvadın həyəcan-harayla qışqırdığı "Ay camaat, Ədilin səsini eşidirsiz?!" cümləsinin sonuna isə min nida işarəsi qoymaq istəyirsən: "Ə, hara gedirsiz, ay evi yıxılmışlar, ölüm ölümdü qağa, ə vallah, nahaq gedirsiz!!!" Ədil kişinin uzaqdan gələn səsini nəinki öz ölkəsi, hətta dünya eşitməliydi! Görün, bu səs necə güclü oldusa, bütün bəşəriyyətin qulağını batırdı, dünya eşitməz oldu...

Böyük mətləbləri ehtiva edən bu hekayəsində Təranə Vahidin yazıçı kimi məharəti ondadır ki, oxucuya yurd nisgilini, qaçqınlıq əzabını ustalıqla yaşada bilir. Mətni yardımçı ifadələrlə yükləyib oxu prosesini ağırlaşdırmır. Burada hər bir detalın uyğun məqamda təqdimi mətnin bütövlüyünü (total mətni) şərtləndirir bu situasiyada heç bir fakt boşluqda qalmır.

Müəllifin "Tapılmayan torpaq" hekayəsində Yusif kişinin ürəyində dediyi sözləri Qəribin isti ocağını tərk etdiyi vaxt özü ilə gətirdiyi müqəddəs bir əmanəti - bir ovuc torpağı axtaran hər kəs eşidir: "...Qərib gedir, biz gedəjəyik. Bu boyda dərdlə yaşamaq olar? Vallah, olmaz. Allahın altında ölüf öz dağlarımızda qalaydıx". Əslində Qoca Müslüm , Güləvətin, Yusif kişi, Alış da... hamısı bilir ki, "bu boyda dərdlə yaşamaq" olmaz. Çünki "neçə illərdir bir milyon adam Qəribin son arzusunu axtarır. Neçə illərdi ki, yağışın altında Qəribin cənazəsi gözləyir... Lap üzə durub. Torpaq tapılmır ki, tapılmır..." Çünki şair Hüseyn Bağıroğlunun yazdığı kimi

...Kölgəsi gözünə düşən qəriblər

Gözünü yummağa Vətən istəyir.

Necə ki, ana yurdumuzu itirəndən sonra bu qərara gəlmişik ki, gəzməyə, elə ölməyə Vətən yaxşı!

Məgər "Vağzaldakı qarı"da müəllifin təsvir etdiyi Nənənin ürəkləri titrədən intizarı ona ağılsız damğası vurdurmayıbmı?! Bəs Vətən dərdi adamı dəli etməsin, etsin?! "Yuvasından düşən quşun qəbahətinin olmadığını" bilən kəslər hər gün böyük ümidlə vağzala üz tutan Nənənin düşdüyü vəziyyətə acımalıdır. Yazıçı böyük nəvənin dili ilə Nənənin nisgil boğçasını açaraq oxucunun qəlbini əsir edir: "Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir. Atam deyir, arvadla işiniz yoxdu, özü bilər, qoyun gözləsin. Bilsə ki, Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar.

Qoyun ümidlə yaşasın, axır-əvvəl bir gün bu qatar gəlib çıxacaq, ya yox?" 

Təranə xanım, inanmaq bacarmağın yarısıdır, deyiblər. Bu qatarın gəlməyinə yox, onu gətirməyimizə inanmalıyıq. Axı həm insanı yaşadan inamdır...

"Qırmızı quyu" hekayəsində Səlimənin timsalında maddi sıxıntılar girdabında qovurulan ananın cüzi məbləğ naminə həyatını riskə ataraq ailəsinin güzəranına yardımçı olmaq istəyinin onun məhvə aparması inandırıcı boyalarla təqdim olunur: "Bir , bir   cəhd elədi, bədəni dartıldı vahiməli bir səs yerə qədər uzandı. Yol boyu əvvəlcə anasını, sonra uşaqlarını, ərini çağırdı. Bu gün marketə gedəcəyini, bazarlıq edəcəyini, evlərinə ilk dəfə belə böyük məbləğdə pul  aparacağını söylədi..."

Təranə Vahidin "İsrafilin suru" sədalı fikirləri digər bədii nümunələrində kifayət qədərdir. Bunların hamısı mükəmməl yazıçılıq qabiliyyətindən əvvəl, əsl vətəndaşlığın, özünüdərkin göstəricisidir. Təranə xanımda güclü söz duyumu ilə yanaşı, milli nəfəs var. Bu isə hər yönü ilə var olmaq deməkdir.

Fariz YUNİSLİ

 





01.04.2014    çap et  çap et