525.Az

“Əgər Təvəkkülü istəsə könlün, axtar Qarabağda, gəz Qarabağda...”


 

“Əgər Təvəkkülü istəsə könlün, axtar Qarabağda, gəz Qarabağda...”<b style="color:red"></b>

Bu günlərdə Ağcabədidə istedadlı qələm sahibi, tanınmış şair Təvəkkül Yanarın xatirəsinə həsr olunmuş mərasim keçirilib. Şairin vaxtı ilə çalışdığı Mobil Həsənov adına Rəncbərlər kənd orta məktəbində təşkil edilən sözügedən anım mərasiminə rayon ziyalıları, müəllimlər, icra hakimiyyəti və bələdiyyə nümayəndələri, təhsil işçiləri, yazarlar və media mənsubları qatılıblar.

Tədbiri giriş sözü ilə açan adıçəkilən kənd orta məktəbinin direktoru İsmayıl Həsənov qeyd edib ki, Təvəkkül Yanar xalq tərəfindən daim oxunan və sevilən sənətkarlardandır. O, sadə, səmimi və orijinal yaradıcılığı ilə çağdaş ədəbiyyatımızda özünəməxsus yer tutur. Söz ustasının sağlığında çap olunan "Yadigar", "Günlər məni gözləmir", "Axtar Qarabağda,gəz Qarabağda", "Xoşbəxtəmmi, görəsən", "Heydər poeması", "Yaddaşlarda qalan izlər" və "Sabir girdi yuxuma" kitabları sevilə-sevilə oxunub, müəllifinə şöhrət qazandırıb. Təsadüfi deyildir ki, onun həmin dövrdə bir çox şeirləri xarici dillərə tərcümə edilərək dərc olunub, məclislərdə, el şənliklərində yayılıb, sözlərinə mahnılar bəstələnib.

Təvəkkül Yanar el-obaya, torpağa möhkəm tellərlə bağlı olduğu üçün  Bakı şəhərinə edilən dəvətləri qəbul etməyib, doğma Rəncbərlər kəndində yaşayıb-yaratmağa üstünlük verib. Qarabağı canı qədər sevən şair bir an da belə, onu unutmayıb,bu müqəddəs yerlərin işğalı ilə barışmayıb, düşmənə sonsuz nifrət hissi ilə qələmə aldığı şeirlərdə vətən övladlarnı daim torpaqlarımızın xilası uğrunda mübarizəyə səsləyib.Şair öz zəngin yaradıcılığı boyu müstəqillik, azadlıq ideyalarına sadiq qalıb. 2008-ci ildə 71 yaşında dünyasını dəyişən şairin anım gününün qeyd edilməsinin artıq rayonda ənənəyə çevrildiyini vurğulayan natiq bunu respublikamızda ədəbiyyata, şeir- söz sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Rəncbərlər kənd icra nümayəndəsinin müavini İbrahim Hacıyev, bələdiyyə sədri Şakir Quliyev, rayon təhsil şöbəsinin metodisti Niyazi Zeynalov, şairin dostu Akif Quliyev, yazar Aqil İsmayılov və başqaları çıxış edərək Təvəkkül Yanar şeirlərinin ideya-bədii əhəmiyyətindən söz açıb, onları sadə xalq dilində, həqiqi vətəndaşlıq mövqeyi ilə yazılmış dəyərli poeziya nümunələri kimi səciyyələndirib, şair haqqında xoş ürək sözlərini  və xatirələrini bölüşüblər.

Şair Təvəkkül Yanara məxsus məşhur "Axtar Qarabağda, gəz Qarabağda" adlı şeirin muğam parçası kimi ifası zamanı müəllifin kimliyinin göstərilməməsi haqlı olaraq çıxışlarda irad kimi qeyd olunub.  Yerli xanəndələr, Rasim Səlimov, Elgiz Məmmədov, Elnur Nağıyev, İsa Məmmədov və Yaqub Qaravəllinin məharətlə ifa etdikləri muğam və xalq mahnıları, şairin  şagirdlər tərəfindən səsləndirdiklən şeirləri tədbirə xüsusi ahəng gətirib, hər bir iştirakçıya xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş edib. Sonda söz alan fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov şairin ailə üzvləri adından Təvəkkül Yanar yaradıcılığına verilən bu yüksək qiymətə görə tədbirin təşkilatçılarına və bütün iştirakçılara səmimi təşəkkürünü və minnətdarlığını bildirib.

Yəhya PAŞAZADƏ

 





02.04.2014    çap et  çap et