525.Az

Abbas Abbasovun oğlu: "Prezidentin siyasətini həmişə dəstəkləmişik"


 

Abbas Abbasovun oğlu: "Prezidentin siyasətini həmişə dəstəkləmişik"<b style="color:red"></b>

“Biz bir ailə olaraq həmişə ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin siyasətini dəstəkləmişik. Bundan sonra da belə olacaq. Kimsə prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə mane olmağa çalışsa, həmin insanların qarşısına çıxacaq, onlarla mübarizə aparacağıq”.

Baş nazirin sabiq birinci müavini, yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqında təmsil olunan Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov “Media forum” saytına belə deyib.

Deputat bildirib ki, mətbuatda atası barədə yazılanlara görə təəssüf hissi keçirir: “Abbas Abbasovun indiki hakimiyyətə qarşı çıxması mümkün deyil. Heç kim belə bir şey gözləməsin. Abbas müəllimin insanlara yaxşılıq etmək, kömək göstərmək, xeyir iş görmək üçün addım atdığı halda ona qarşı belə ittihamları qəbul edə bilmərəm. Abbas Abbasov mənim atamdır. Övladları onu həm də dostluğa, tutduğu yola sadiq olduğuna görə çox istəyirlər. O, dostlara sadiq insandır. Abbas Abbasov “İstiqlal” ordeni alıb, öz ərizəsi ilə istefa verib. İstefa verəndə də “cənab prezident xalqın atasıdır”, “mən sizin əsgərinizəm” deyən bir insan hakimiyyətə qarşı çıxarmı? Belə bir şey ola bilərmi? Heç bir məntiqə sığırmı bu? Biz cənab prezidentə görə həyatımızdan keçərik”.

Aydın Abbasov hesab edir ki, məsələdə bir anlaşılmazlıq var və ona görə də belə bir vəziyyət yaranıb:

“Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasında məqsəd Rusiyada yaşayan azərbaycanlıların sosial, iqtisadi, səhiyyə, təhsil, hüquqi problemlərini həll etməkdir, bu sahələrdə olan boşluqları aradan qaldırmaqdır. Azərbaycan mətbuatında bəzi yazılar dərc olunandan sonra atamla danışmışam. O dedi ki, yeni təşkilatın yaradılmasında məqsəd azərbaycanlılara kömək etməkdir. Təşkilatın Koordinasiya Şurasının ilk iclası keçirilib və orada qəbul olunan müraciətdə də yazılıb ki, diaspor siyasətini əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, biz həmin siyasətə sadiq olaraq insanların qayğısına qalmaq istəyirik”.

 





18.10.2012    çap et  çap et