525.Az

Sahilə İbrahimovanın yeni kitabının imza günü olacaq


 

Sahilə İbrahimovanın yeni kitabının imza günü olacaq<b style="color:red"></b>

Gənc yazar Sahilə İbrahimovanın ikinci kitabı işıq üzü görüb.

525.az-ın məlumatına görə, “Qanun” nəşrlər evində çap olunan kitab “Yuxarı və aşağı ətraflar” adlanır.

Sahilə İbrahimova kitaba daxil olan əsərlərdən biri - “Məhv edilmiş xilaskarlar”ın Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs etdiyini deyib. Əsgər adlı casus döyüşlərin birində ağır yaralanır. Ərini ölümün caynağından qoparıb almaq onun həyat yoldaşı üçün əsl ölüm-dirim mübarizəsinə çevrilir. Əri ölərsə, dünyanın ən yaxşı insanlarından birini, qəhrəmanını itirəcəyini düşünür qadın...

“Yuxarı və aşağı ətraflar” adlı qısa romanda təsadüfən 3 kasıb və 3 varlı dost üz-üzə gəlir. Yeni evlilər - varlı oğlan Sahiblə kasıb qız Xanzadə mənzillərində ölü tapılanda sual sual üstünə gəlir. Xanzadənin uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin səbəblərini tapmağa çalışırlar. Nə baş verib - təsadüfi qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adamöldürmə?

Gənc yazar kitabın imza gününün şənbə günü "Park Bulvar"dakı "Əli və Nino" kitab mağazasının qarşısında keçiriləcəyini bildirdi.

Tədbir saat 14:00-da başlanacaq. Maraqlananlar dəvətlidir.

 





18.10.2012    çap et  çap et