525.Az

İlham Əliyev: "Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir"


 

İlham Əliyev: "Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir"<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə görüşdən sonra mətbuat üçün bəyanatla çıxış edib.

525.az-ın məlumatına görə, prezident İ. Əliyevin bəyanatında B. İzetbeqoviçin Azərbaycana gəlişinin tarixi, münasibətlərin tarixində ilk yüksək səviyyəli səfər olduğunu bildirib: “Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi var. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaq. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində...”

Dövlət başçısı siyasi dialoqun genişləndiyini deyib, Bosniya və Herseqovinaya Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı göstərdiyi dəstəyə görə minnətdarlıq edib: “Biz də öz tərəfimizdən ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik”.

Prezident İ. Əliyev B. İzetbeqoviçlə iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə etdiklərini vurğulayıb: “Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi var. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək. Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik.

Bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün əsas məsələdir. Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından əziyyət çəkir. Bu, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi ermənilərin işğalı altındadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli bütün ölkələr üçün əlverişli olacaqdır.

Bizim ölkələrin bir çox oxşarlıqları vardır. Hər iki ölkə başqa bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir sıra ciddi çağırışlar, problemlər və ölkələrimizə qarşı təcavüz ilə müşayiət olunub. Biz təcavüz, işğal və dağıntılardan əziyyət çəkmişik. Bu, həmçinin bizi birləşdirən cəhətdir. Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir. Buna görə də biz bir-birimizi çox yaxşı başa düşürük. Biz bir-birimizin problemlərini başa düşürük, bir-birimizin ağrısını duyuruq. Ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən kəşf etməkdəyik. Əminəm ki, biz regional əməkdaşlığın nümunəsi olacaq tərəfdaşlıq quracağıq.

Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələri gerçəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın inkişafında çox maraqlıdır.

Bu gün biz cənab Sədr ilə enerji, xüsusən də təbii qaz sahəsində əməkdaşlığın imkanlarını müzakirə etdik. Azərbaycanın böyük ehtiyatları və potensialı vardır. Biz mühüm boru kəmərləri layihələri icra edirik. Bir sözlə, əminəm ki, Bosniya və Herseqovina Sədrinin səfəri əlaqələrimizin tarixində ən mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Nəticədə bizim ölkələr daha da yaxın olacaq və gələcəkdə biz mühüm işlər görəcəyik”.

 





18.10.2012    çap et  çap et