525.Az

Tapılmayan dərman (davamı)


 

Tapılmayan dərman <b style="color:red">(davamı)</b>

Son vaxtlar intizam məsələsi çox ciddiləşmişdi, Bunun üçün neçə adam cəza almışdı. Ona görə səhərisi idarəyə baş çəkməli oldum. Tələm-tələsik tabelə qol çəkib kabinetimə keçdim. Aptek xidmətçisi Sadıq kişinin dedikləri dünəndən başımda hərlənirdi. Fikirləşirdim ki, mərkəzi aptekin müdiri Albert İsgəndərzadə ilə necə dil tapım. dillə danışım ki, məndən Naftalanı əsirgəməsin. Üz ki var, ətdəndir. Hamıya hər sözü demək olmur. Albert İsgəndərzadəyə birdən-ikiyə ağız açmamışam. Kənardan-kənara tanışlığım var. Rastlaşanda salamlaşırıq. Mənə xoş üzlə salam verir. Görəsən, səxavət göstərib mənə Naftalan da verərmi?! Bax, əsas məsələ elə budur. Quru-quru salam alıb-verməyə var ki! Kişi ona deyərəm ki, xahişimi qəbul edib Naftalan versin. Xülasə, Sadıq kişi demişkən, utananın oğlu olmaz. Özümü cəmləşdirib Albert İsgəndərzadəyə zəng vurmaq üçün onun telefon nömrəsini axtardım. Düzü, dizlərim əsirdi. Elə əzəldən xasiyyətim belədir. Mənim üçün başqasının karına gəlib, əziyyətini çəkmək xoşdur. Ancaq başqa birinə əziyyət verəndə bu, mənim üçün onqat əzaba çevrilir. Lakin ayrı çarəm yox idi. Telefonu yaxına çəkib Albert İsgəndərzadənin nömrəsini yığdım.

Du... du...

Bir neçə dəqiqə gözlədim. Səbrim çatmadı. İsgəndərzadənin telefon nömrəsini bir yığdım. Bu dəfə zəng getdi. Özümdə yüngüllük duydum. Qulağıma amiranə bir səs gəldi:

Sizə kim lazımdır, ay yoldaş?!

Naftalan... Yox! Yox! Bağışlayın! Albert İsgəndərzadə. Mərkəzi aptekdi?!

Başınıza soyuq dəyib, yoxsa nədi, ay yoldaş?! Bu ayıltma məntəqəsidir! Düz zəng elə!..

Elə bil başıma bir qazan qaynar su töküldü. Bədənimdən elektrik cərəyanı keçdi. Telefonun dəstəyini, əlimi yandırırmış kimi, qeyri-ixtiyari yerə atdım. Bir neçə dəqiqə gözlədim. Albert İsgəndərzadənin nömrəsini təzədən yığdım. Özü çox ehtiyatla. Zəng getmədi. Telefon xəttinə qarmaqarışıq səslər düşmüşdü. İki nəfərin danışığı aydınca eşidilirdi. Hiss olunurdu ki, ali məktəbdə oxuyan tələbədirlər. Oğlanın adı Ramiq, qızın adı Zinaida idi. Ramiq Zinaidadan soruşdu:

Ziniçka, imtahana getmirsən? Axı bu gün imtahan var.

Çto za qluposti! Papulya komandirovkadadır. Paka on ne vernetsya, ya ne zdam ekzamen.

Ramiq bic-bic:

Ziniçka, papulya da imtahan verəcək?! – soruşdu.

Ramiq, çto, davay ne budem. Sən bilmirsən ki, papulya əvvəlcə zəng vurub müəllimlə danışmasa, imtahana getmirəm? Həkimdən üç günlük xəstəlik kağızı almışam...

Fikirləşdim ki, başqasının söhbətinə qulaq asmaq nəzakətsizlikdi. Dəstəyi yerinə qoyub, üç dəqiqədən sonra bir qaldırdım. Eyni söhbət davam edirdi.

Ramiq, deyilənə görə sizin o müəllim canıyanmış... Sultanlıdı, nədi, yaman sərt adamdı. Bilməyənə qiymət vermir. Tərs kimi sənin sabahkı imtahanını professor Sultanlı götürəcək! Vay! Vay! Sənə yazığım gəlir Ramiq! Batdın! Zavallı Ramiq!

Ramiq rişxəndlə mahnı oxudu:

Adın nədi?! Daşdəmir, Daşdəmir! Çox yuxarıdan getmə, yumşalarsan!! Yumşalı!! Yumşalı!!. Yumşalı!..

Ramiq yumşalı sözünü oxuduğu mah

nının nəqarəti kimi lağ-loğazla bir neçə dəfə təkrar etdi. Sonra da:

Ziniçka, bilirsən dünyada necə qəribə-qəribə əhvalatlar baş verir?! –dedi.

Yooox, bilmirəm! Necə bəgəm!

Onda danışma, mumla! Həmin Sultanlının oğlu ilişib. Özü dimdiyindən. Professor başının hayındadır. Oğlu gecə saat on ikidə Sahil restoranında keflənib, birinə iki bıçaq ilişdirib. Amma ölməyib. İndi həmin o biliyə qiymət verən professor Sultanlı papamın qabağında muma dönüb. Gündə papamın kabinetinin qapısında boynunu büküb yağlı dilini işə salır.

Dəstəyi yerinə qoyub, bir qaldırdım. Ramiq telefonda dodağını əyə-əyə professoru yamsılayırdı:

Yoldaş prokuror, pis övladın üzü qara olsun, oğlumu mənə bağışla, heç olmasa cəzasını azalt. Elə et ki, həbslə əlaqədar cəza verilməsin. Özümə görə ad-sanım var, məni yerə vurma.

Ramiq səsinin təhrifedici komik tonunu dəyişib əda ilə dedi:

Papam da deyib baaxaarıq! , professor yumşalıb quzuya dönüb. İpi bizim əlimizdədir. İstəsəm, iyirmi adama qiymət yazdıraram. Hamısına dabeş”.  Sənin  eşitdiyin o sərt, biliyə qiymət verən professor Ramiqi görəndə ikiqat olur. Bildin?!

Zinaida güldü: – Yaman bəxtin var haa... hərif... – dedi. Onlar gülüşdülər.

Dəstəyi dörd dəfə yerinə qoyub təzədən götürdüm. Zinaida ilə Ramiqin çənə söhbəti qurtarmaq bilmirdi. Mənim danışığım telefon xəttində onlarınkına qarışırdı. Dəstəyi yerinə qoyub xeyli gözlədim. Nəhayət, xətt açıldı. Mərkəzi aptekə zəng çaldım. Qadın səsi gəldi: 

Eşidirəm.

Bağışlayın, bacı, bura mərkəzi aptekdir?

Bəli.

Yoldaş İsgəndərzadəni olar?

Yanında kənar adamlar var, bir azdan zəng edin.

Gözlədim. Səbir kasam dolmuşdu. Günorta fasiləsinə az qalırdı. Bir zəng çaldım. Həmin qadın cavab verdi:

Eşidirəm.

Bayaq zəng vuran adamam, Mədət Quliyev. İsgəndərzadəni olar?!

Bakı ilə danışır, – dedi, –nazirliklə. Sonra zəng vurarsınız.

Stulumda otura bilmirdim. Tez-tez ayağa qalxıb kabineti o başbu baş var-gəl edirdim. Arabir saatıma baxırdım. İyirmi dəqiqə keçdi. Yenə dəstəyi qaldırdım. Ürəyim gup-gup döyünməyə başladı. İsgəndərzadənin telefon nömrəsini yığdım. Eyni qadın cavab verdi. İsgəndərzadəni soruşdum:

İspalkoma çağırıblar-dedi.

Bəs vaxt qayıdar?!

bilim haçan qayıdar, mənə atçot-zad vermir ki! Özündən soruşun!

Hövsələdən çıxdım. İstədim sözümü elə o qadına deyim. Tez fikrimi dəyişdim. İsgəndərzadəni gözləməkdən başqa çarəm qalmadı. Saat düz üç tamamda yenə eyni nömrəni yığdım. Bu dəfə mənimki gətirdi. Xoşbəxtlikdən Albert İsgəndərzadə özü cavab verdi:

Eşidirəm!

Yoldaş İsgəndərzadə, Mədət Quliyev sizi narahat edir. Tanıdınız?!

Albert İsgəndərzadə ani fikrə getdi sonra:

Hansı, hansı Quliyev?! Dayan... Dayan! , ! Yadıma düşdü, – dedi, –yadıma düşdü! Bildim, bildim, tanıdım! Buyurun, buyurun! Mənə görə qulluğunuz.

Qulluq sahibi olasınız. – Dedim. – Bir... bir dərman lazımdır! Dərman! Dərman deyəndə, belədi , dayımın beli... Naftalan olsa...

Albert İsgəndərzadə fikrimi tamamlamağa macal vermədi. Hiss olunurdu ki, vacib bir işlə məşğuldur. Ancaq insafən, məni telefonda pis qarşılamadı. Dedi, günün axırında mənə dəyərsən.

Pəncərəni açıb bayıra boylandım. İçəri sərin təmiz hava doldu, dərindən nəfəs aldım. Elə bil çiynimdən ağır bir yük götürüldü. Qəddimi düzəltdim. Özümü şax tutdum. Bəli, yaxşı deyiblər ki, axtaran tapar. Nəhayət, kələfin ucundan yapışdım. Albert İşgəndərzadə aptek  müdiri olmasına baxmayaraq, bütün vilayətdə məşhurdur. Əlinin üstündə əl yoxdur. Hamının ona işi düşür. Deyilənə görə, istər vəzifəli olsun, istər vəzifəsiz, heç kəsi naümid qaytarmır. Bir az da əhlikef, zarafatcıl adamdır. Araz aşığındandı, Kür topuğundan. Ona Əhmədi-biqəm Albert deyirlər. Ürəyiyumşaqlığı da var. Kimin əli dara düşsə, İsgəndərzadənin üstünə qaçır. Albertlə bu cür telefon danışığından sonra, Naftalanı alacağıma heç bir şəkk-şübhəm qalmadı.

 

lll

İşin axırına saat yarım qalmış qoyulmuş qayda üzrə tabel dəftərində ad-familiyamı tapıb qabağından əyri-üyrü qol çəkdim. İdarəni tərk edib iti addımlarla mərkəzi aptekə tərəf götürüldüm. Qabağında iri hərflərləVilayət rayonlararası apteklər idarəsisözləri yazılmış binaya daxil oldum. Gözləmə otağındakı makinanın arxasında əyləşən qadın başını qaldırıb üzümə baxdı:

Sizə kim lazımdır? – deyə soruşdu.

Yoldaş  İsgəndərzadə ilə  işim  var, – dedim, – Albert Kərəmoviçlə. Bayaq telefonla danışmışıq.

Makinaçı.

Yanında radio televiziya işçiləri var, – dedi, –məşğuldurlar. bilim, səsini yazırlar, şəklini çəkirlər, televiziyada göstəriləcək. Bir dəqiqə əyləşin, indi qurtararlar.

Narahat hisslər keçirirdim. Səbrim tükənmişdi, otura bilmirdim. Ayaq üstə dayanmışdım. Makinaçı qadın mənə ehtiramla tez-tez Əyləşindeyirdi. Bu səs mənim qulağıma dəyir, ancaq dərrakəmə çatmırdı. Nəhayət, kabinetdəki çəkiliş-filan qurtardı. Televiziya studiyasından gəlmiş işçilər aptek müdiri ilə xudahafizləşdilər. Makinaçı başını qaldırıb laqeyd nəzərləri ilə onları gözləmə otağından çıxana qədər müşayiət etdi sonra mənə baxıb,–  buyurun, İsgəndərzadənin yanına girmək olar, – demək mənasında başı ilə işarə etdi.

Qapını açıb kabinetə daxil oldum. Albert İsgəndərzadə məni görcək  tez yerindən qalxıb:

Privet! – dedi xoş əhval-ruhiyyə ilə əl verdi. Barmaqlarımın ucunu bərkdən sıxdı, göz-qaşla qarşısında əyləşən adama hiss etdirmədən işarə vurdu. Bildirmək istəyirdi ki, nədən ötrü gəldiyini hələ demə. Qoy bu adam burdan əkilsin, sonra. Sakitcə əyləşdim. Onlar barədəsə söhbətlərini qurtardılar. Albert İsgəndərzadə tək qaldı. Doğrudan da deyib-gülən, zarafatcıl, şən adama oxşayırdı. O, əllərini sevinc hissi ilə bir-birinə sürtərək:

Görürsən , –dedi, müsbət təcrübəmizi yayırlar. Bütün qəzet, jurnallar bizdən yazır. İndicə televiziyadan gəlmişdilər. Bizim apteklərdən qırx dəqiqəlik veriliş olacaq. Vilayət qəzetinin ötən bazar günkü nömrəsində şəklim çıxmışdı, gördün?! – Albert İsgəndərzadə əl-qolunu ölçə-ölçə öz əmək fəaliyyətindən razı halda:

Hansı vəzifədə olursan-ol, gərək yaxşı işləyəsən! Nizami Gəncəvi bilirsən deyib?

Mən dillənmədim. O, ayağa qalxıb Nizaminin kəlamını dedi:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Gözlərini süzdürüb əlavə etdi:

Nizami gözəl deyib. Yaxşı palançı nəinki pis papaqçıdan, fərsiz idarə başçısından da yaxşıdı. – Şən əhvalla yenə əlini-əlinə sürtərək: –

, –dedi, indi de görüm mənə görə qulluq?!

Elə bir qulluğum yoxdur, Albert Kərəmoviç. Dayım bel ağrısı tapıb. Onun da övladı-zadı yoxdur, sonsuzdur. Arvadı da çoxdan rəhmətə gedib, elə mənim ümidimdədir. Həkim Naftalan buyurub, onu da tapa bilmirəm.

Albert İsgəndərzadə bayaqkı nikbin səmimi görkəmini dəyişdi. Bir andaca sanki ali məktəbə çətin fəndən qəbul imtahanı verən zəif tələbənin vəziyyətinə düşdü:

Yoldaş Quliyev, – dedi, –siz telefonda danışanda yanımda çoxlu adam var idi. Onlar da Naftalan dərmanından ötrü gəlmişdilər. Danışığımızı eşitməsinlər deyə, telefonda söhbəti uzatmadım. Sizə nahaq yerə demədim ki, mənə işin axırında dəyərsiz. Niyə işin axırında dəyin dedim?! – verdiyi sualı özü izah etdi. –Ona görə ki, bu vaxtlar aptekə gəlib-gedən az olur. Qoy söhbətimizi eşitməsinlər. Çünki bu Naftalan son vaxtlar çox çətin tapılır. Bax, indicə yanımda olan hörmətli adamı gördün ?! Məsul bir işçinin yeznəsidir. O da Naftalandan ötrü gəlmişdi. Bu gün düz on üçüncü adamdır ki, mənə Naftalan üçün ağız açır.

O, aciz bir görkəm alıb çiyinlərini çəkdi: – Yoxdu,  atam balası, yoxdu! Yoxdan Allah da bezardı, bəndə . Özümü Naftalan qayırım?! Bakı göndərsin, mən verim!  Səndən gizlədim, bu il Naftalan barədə nazirliyə yüz dəfə zəng çalmışam! Doqquz kərə teleqram vurmuşam. Həmin teleqramların hərəsinə on-on beş manat xərc çəkmişəm. Hamısı da özcə cibimdən. Düz yeddi dəfə rəsmi surətdə ştamplı peçatlı tələbnamə göndərmişəm. Nazirlik respublikanın baş apteklər idarəsinə tapşırır. Ordakı ağzıgöyçəklər deyir ki, olanda verərik.

Albert Kərəmoviç məndən imdad gözləyirmiş kimi:

Bax, – dedi, –  indi mən deyiləm, sənsən, etməlisən?! De , de! Mənim yerimə sən ol, başıma çarə qılım? Camaatın ağzını yummaq olmur. Gələn deyir dərman ver! Gələn deyir dərman ver!  Balam, hardan verim?! Yenə tapılan dərman ola, dərd yarıdır. Birdən elə dərman istəyirlər ki, heç  adını özüm eşitməmişəm. bilim, qəzetdə, jurnalda oxuyurlar ki, filan yerdə filan zavodda belə bir dərman icad olunub. Səhər açılan kimi kəsirlər aptekin qapısını. Başlayırlar ki, həmin təzə çıxan dərmandan bizə verin. A balam, qoy o təzə dərman bir Bakıya gəlsin, Bakı bizə göndərsin, biz apteklərə bölək, siz gedin alın. Vilayətdən başqa respublikanın düz on beş rayonunun apteki bizə baxır. Hamısını dərmanla təmin etməliyik. Kənardan baxana asan gəlir. Vallah, billah, buna dağ da dözməz. Mənəm ki, tab gətirirəm. Hərəni bir dillə yola salıram...

(Ardı var)

 





07.04.2014    çap et  çap et