525.Az

Aydın Mirzəzadənin "Müdriklik dərsləri"


 

Aydın Mirzəzadənin "Müdriklik dərsləri" <b style="color:red"></b>

Bu gün Azərbaycan gəncini internetsiz təsəvvür etmək mümkün deyil. Yaşından asılı olmayaraq övladlarımız kompüterlə daha çox ünsiyyətdə olur, gördüyü, eşitdiyi hadisələrin asanlıqla təsirinə düşür təbii ki, onun təlim tərbiyəsində virtual aləmin rolu az deyil. Sərhədsiz internet "dərya"sına qərq olan gənc zamanının çoxunu sərf etdiyi bu mühitin gələcək həyatına mənfi zərər verə biləcək amillərindən qorumaq üçün hazırlıqlı olmalıdır. Özünü, kökünü, ailəsini unutmamalı, bir sözlə  ovcundakı dünyaya şüurlu şəkildə boylanmalıdır.

Sosial şəbəkə istifadəçiləri arasında olan ziyalılar kənardan seyrçi kimi baxmamalı, gənclərə doğru söz söyləməlidirlər.

Sivil cəmiyyyətin nümayəndəsi olmaq üçün tələb olunan insani  keyfiyyətlər təkcə onun ətrafdakılarla münasibətini tənzimləmir. Ən vacibi fərdin özünüdərki  formalaşır. Mənən qüdrətli olmağı qarşısına çıxan çətinlikləri dəf etmək gücünə yiyələnməyi aşılayır. Peyğəmbərimizin insandan  üç vacib  tələbi "səbr", "səbr", yenə "səbr"dir. Hər bir insan hadisələrdən düzgün nəticə çıxartmalı, düşüncələrində şəxsiyyət olduğunu isbatlamalıdır. Bunun üçün böyüklərdən dərs almaq, ədəbi qəhrəmanlarımızın həyat yolundan ibrət götürmək, müdrik insanların deyimlərini xatırlamaq ibrətamiz nəsihətlərindən faydalanmaq lazımdır. Babaların, ataların öyüd-nəsihəti oğullara zamanında ötürülməlidir ki, onun da yetişdirdiyi övlad layiqli şəxsiyyətə çevrilsin.  

Xeyli vaxtdır ki, Facebook sosial şəbəkəsində millət vəkili Aydın Mirzəzadə "Müdriklik dərsləri" başlığı altında silsilə hekayələr yazır. Sözün təsir gücünü bir daha qabardan deputat, ali məktəb müəllimi bu yazıları paylaşmaqla ən ali kürsüdə əyləşən qanunlar müəllifi,  auditoriya qarşısında dərs deyən bir elm nümayəndəsi kimi gəncləri həyatın ibrətamiz gerçəkliklərindən hali etmək məqsədini düşünür sosial şəbəkənin geniş imkanlarından yararlanaraq təmas qurduğu insanlara həyat fəlsəfəsini aşılamağa çalışır.

Mingəçevir şəhərinin ilk qurucularından olan el ağsaqqalı, ədəbi aləmdə nəsihətləri ilə tanınan Təmkin təxəllüslü Böyükkişi Mirzəzadənin ocağında göz açan Aydın müəllim özü atasından eşitdiklərini yaddaşına əbədi həkk edib.  "Oğlum" rədifli şeirində Təmkin övladına deyir:

 

Ata nəsihətini qəbul eyləyib,

Sözlərimi nəzərə alasan oğlum.

Dünya fəlsəfədir başdan-ayağa,

İstərəm ki, hali olasan oğlum,

 

"Ata borcu" divanında yazır:

 

...Atalar övlad üçün gərəkdi,

etsin tövsiyə,

Haqq yoluna qədəm basan

gedəcəkdi irəliyə!

Əsli-zatı pak olanlar tez çatar

təlim-tərbiyə,

Yoxdursa nadürüstlük cismində

agər atanın...

 

Yaxud "Hikmətli sözlər" şeirində söyləyir:

 

...Məntiqi var hər söylənən nağılın,

Tükənməz bəhrəsi dərin ağılın.

Bəd əməldən uzaq gəzən oğulun,

Anası saçını yolmaz deyiblər.

 

Var həyatda yaxşı-pisin nisbəti,

Haqdan gələr hər bir kəsin isməti,

İnsan gərək itirməsin isməti,

Tökülən qab bir dolmaz deyiblər....

Təmkinin oğluna verdiyi öyüd-nəsihətlər hədər getməyib. Millət vəkili Aydın Mirzəzadə bugünün özündə həyatda qazandığı bütün uğurlarına görə 90 yaşlı atasına borclu olduğunu səmimiyyətlə etiraf edir həyatda ən yaxın məsləkdaşı, silahdaşı, dostu hesab etdiyi bu insanın sözünə indi ehtiyacı olduğunu dilə gətirir. Danışdığı hər bir kəlməsinə görə ondan ehtiyatlanır. Atasına məhəbbətini, ondan öyrəndiklərini isə övladına, eləcə Azərbaycan gəncliyinə təlqin edir.

Aydın Mirzəzadənin "Müdriklərin dərsi" silsilə yazılarında, topladığı deyimlərin hər bir misrasında böyük məna çaları var.

Təkcə düşünmək üçün deyil, bəzən jurnalistlərin hər hansı mövzu ilə bağlı sitat gətirdiyi bu kəlamlar nəhayət kitab halında oxuculara təqdim olundu.

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin "Müdriklik dərsləri" ktabının birinci hissəsi Azərbaycan nəşriyyatında çapdan buraxılıb. 200 nəsihətin yer aldığı kitaba ön sözü, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov yazıb. Milli məfkurəmizdə ağsaqqal sözünün həyati əhəmiyyət kəsb etdiyini vurğulayan, el ağsaqqalı  Fəttah müəllim  deyir ki: "Müdriklik həyatı düzgün qurmağa, səhvləri azaltmağa, yolu düzgün seçməyə kömək etmişdir. Müdrik fikirlər nəsildən-nəsilə keçmiş, insanlara yaxşı bir həyat dərsi olmuşdur..."

Kitabın üz qabığında, çərçivədə valideynlərinin şəklini canlandıran müəllif  Aydın Mirzəzadə ata-anasına sonsuz ehtiramını nümayiş etdirir. Böyüklərindən eşitdiyi, kitablardan oxuduğu, həyatda qarşılaşdığı hər bir hadisəni bədii fonda işıqlandıraraq onu oxucunun ixtiyarına verir. Sözün qılıncdan iti olmasına diqqət çəkir, adi bir səhvdən qaynaqlanan böyük bir faciənin qurbanı olmamaqdan ötrü düzgün qərar vermək üçün müdriklərin həyatına baxmağı məsləhət görür.

Kitabdakı maraqlı məqamlardan biri budur ki, müəllif təkcə dahilərin həyatına nəzər salmır, diqqətini cəlb edən adi bir hadisənin mahiyyətini açaraq onun fəlsəfi düşüncəyə aid olduğunu önə çəkir.  Bu müdrik deyimlərin qəhrəmanları arasında dühalarla yanaşı, doğru fikir yürüdə bilən müxtəlif peşə sahibləri, həyatın sıldırımlı yollarından uğurla addımlayan zəhmətkeş insanlar da var, hələ nəyin düzgün olub-olmadığını dərk etməyən balaca uşaqlar da.

Aqillər əbəs yerə deməyiblər ki, ağıl yaşda deyil, başdadır. Bəzən düşüncəsiz hesab etdiyimiz balaca bir uşağın qeyri-adi hərəkəti  müdrik bir insanın söylədiyi düşüncəyə  tay gəlir.

"Müdriklik dərsləri" kitabının dördüncü dərsində olmuş bir hadisə nəql edilir.

"Bir nəfərin televizoru xarab olur təmir üçün evə usta çağırılır. Usta təmir üçün televizorun arxasını açdıqda qəribə bir mənzərənin şahidi olur. Televizorun arxası çörək qırıntıları ilə dolu idi nasazlıq da bu qırıntılarla bağlı idi.

Evdə isə ata-anadan başqa 4 yaşlı qız yaşayırdı valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu işi qızcığazdan başqa heç kim edə bilməzdi. Uşağın valideynləri usta yanında heç demirlər. Televizor çörək qırıntılarından təmizlənir usta televizoru sazlayaraq təhvil verir.

Haqqını alan televizor ustası gedəndən sonra valideynlər qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna almaq istəmir, sonra isə hönkür-hönkür ağlamağa başlayır.

Məlum olur ki, uşaq ekranda xarici ölkələrdəki ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirir televizorun arxasındakı dəliklərdən içəri atırmış".

Bu 4 yaşındakı uşağın hərəkəti onun hansı ürəyə sahib olduğuna işarədir etiraf edək ki, bu hekayənin sonundakı misradan hər bir oxucunun qəlbi sızlayır, atalar demiş elə bil mizrab "sarı sim"ə dəyir, kövrəlirsən. O balacanın qəlbindən nələr keçdiyini biləndə, ürəyində kaş ki, "böyüklərin hamısı belə düşünəydi" deyə təəssüf hissi keçirirsən.

Uşaqlar doğulanda saf, təmiz olur, ancaq xasiyyəti, onun yaxşı-pis əməlləri real aləmdə gördükləri hadisələrdən yoğrulur. Pedaqoqların dediyi kimi onu gələcəkdə istənilən səmtə yönəltmək valideynlərin, müəllimlərin, bir sözlə cəmiyyətin üzərinə düşür.

"Müdriklik dərsləri" kitabı da gənc nəslin təlim-tərbiyəsində müəllimlərin stolüstü kitablarından biri olmalıdır.

Hazırda isə Aydın Mirzəzadə  "Müdriklik dərsləri" kitabının ikinci hissəsi üzərində çalışır. Yeni-yeni fikirləri toplamaqla məşğuldur. Hər həftə sosial şəbəkədə,  öz Facebook səhifəsində "Müdriklərin dərsi" silsiləsini davam etdirir. Onun seçdiyi söz incilərinə isə diqqət get-gedə artmaqdadır. Həmin fikirlər qısa bir vaxtda neçə-neçə insan tərəfindən paylaşılır. 400 hekayənin toplanacağı kitabın növbəti hissəsinin 2 ildən sonra çap edilməsi nəzərdə tutulur.

Müdriklik dərslərikitabının oxucular tərəfindən maraqla qarşılandığı isə göz önündədir. Çünki müəllifin  şəxsi səhifəsində yazılan bir həyat dərsinə anındaca münasibət bildirilir yüzlərlə istifadəçi tərəfindən həmin yazılar bir-birlərinə ötürülür.  Elə son günlər yüzlərlə insanın paylaşdığı bu fikirlər həminMüdriklik dərslərindən birinə aiddir.

"Üç məsələ heç zaman geri qayıtmır: zaman, söz, imkan.

 

Üç məsələ həyatda ən etibarsızdır:

hakimiyyət, uğur, var-dövlət.

Üç məsələ insanı məhv edir:

alkoqol, təkəbbür, kin.

Üç məsələni demək çətindir:

səni sevirəm, bağışla, mənə kömək elə.

Üç məsələni heç zaman itirməyə dəyməz: səbir, ümid, şərəf.

Üç məsələ ən qiymətlidir:

məhəbbət, əqidə, inam.

Üç məsələ insana qiymət verir:

zəhmət, düzgünlük, nailiyyət".

 

İnsanın həyatdan ən böyük istəyi xoşbəxt bir ömrə sahib olmaqdır. Gəlin biz övladlarımızın xoşbəxtliyi üçün onlara müdriklərin həyatını misal çəkək. Onlar üçün verə biləcəyimiz varsa, çalışaq ki, əldə edə bilsinlər.  Gələcəyimiz naminə, milli əqidəmiz naminə...

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun əməkdaşı                              
 





08.04.2014    çap et  çap et