525.Az

“Avtoş”lara bəd xəbər


 

“Avtoş”lara bəd xəbər<b style="color:red"></b>

 Parlamentin növbəti iclaslarından birində “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliyin edilməsi gözlənilir. Bununla bağlı artıq parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə müvafiq qanun layihəsi də daxil olub.

Bu haqda “525”-ə Milli Məclisdən (MM) adının çəkilməsini istəməyən  mənbə məlumat verib.  Mənbə bildirib ki, həmin qanun 85-ci maddəsində bir qeyd var.

“Həmin qeyd də ondan ibarətdir ki, yol hərəkəti qaydasını pozmuş avtomobili yol polisinə təqib etməyə ixtiyarı yoxdur. Yəni, onu zorla dayandırmağa ixtiyarı yoxdur. İndi isə belə bir təklif olunur ki, əgər avtomobilin qaçırılması barədə məlumat varsa, ondan sonra avtomobili idarə edən şəxsin cinayət törətməsi haqqında məlumat varsa və yaxud da avtomobili idarə edən şəxs kənardakıların  sağlamlığı üçün təhlükə formada avtomobili idarə edirsə, onda yol polisi bu avtomobili təqib etməyə və zorla dayandırmağa ixtiyarı var.

 Amma bu da iki halda. Birincisi, təhlükəsizlik qaydalarına riayət etməklə, ikincisi də təqib edən özündən yuxarı vəzifəli şəxsə radio-cihaz vasitəsilə məlumat verir ki, filan avtomobili  təqib edirəm və onu  zorla dayandıracağam. Məsələn, “avtoş” dediyiniz adamlar, avtoxuliqanlar müəyyən “oyun”lar çıxaranda yol polisi bəzən seyrçi mövqedə dayanırdı.  Fit verirdi, “avtoş” saxlamayanda, onu qovmağa icazəsi yox idi. İndi isə buna belə bir hüquq veriləcək”-deyə, mənbə daha sonra bildirib.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” qüvvədə olan qanunun 85-ci maddəsində əksini tapan Qeyddə göstərilir ki,  “nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir”.

Qeyddə həmçinin bildirilir ki, “nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir.

Nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir”.

K.Həmidov

 





09.04.2014    çap et  çap et