525.Az

Müharibə əlillərinə minik avtomobilli verildi (FOTO)


 

Müharibə əlillərinə minik avtomobilli verildi<b style="color:red"> (FOTO)</b>

Dünən Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailəsi üçün rayonun Xam Torpaq adlanan ərazisində salınmış yeni qəsəbənin açılışı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 525.az-a verilən məlumata görə, açılış mərasimində Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezidentin Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdir müavini Namiq Heydərov, məcburi köçkün və ətraf rayonların icra hakimiyyətlərinin başçıları və digər rəsmi şəxslər iştirak ediblər.
 
Tədbirdə Baş nazirin müavini Ə.Həsənov məcburi köçkünləri yeni qəsəbənin açılışı münasibətilə təbrik edərək, Azərbaycan Prezidentinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, yeni qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş əlavənin müvafiq bəndinə əsasən tikilib. Yeni salınmış qəsəbəyə Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə və ya 831 nəfər məcburi köçkün köçürüləcək.

Onlardan 129 ailə Laçın, 46 ailə Ağdam, 20 ailə isə Kəlbəcər rayonlarındandır. Qəsəbədə tikilmiş 195 evdən 15-i bir, 98-i iki, 72-si üç, 10-u isə dörd otaqlıdır. Qəsəbənin ərazisində 198 yerlik məktəb, 25 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, felşer-mama məntəqəsi və poçt binası da inşa olunub. Yeni qəsəbənin istifadəyə verilməsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Laçın, Kəlbəcər və Ağdam rayonlarından məcburi köçkün olan 16 nəfər müharibə əlilinə «NAZ Lifan» markalı yeni minik avtomobilləri təqdim olunub. Onlardan 13 nəfəri hazırda 97-100 yaşlarında olan Böyük Vətən müharibəsi əlilləri, 3 nəfəri isə Qarabağ əlilləridir.

BƏXTİYAR

 





19.10.2012    çap et  çap et