525.Az

Tapılmayan dərman (davamı)


 

Tapılmayan dərman <b style="color:red">(davamı)</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Əli ildırımoğlu

    

Albert İsgəndərzadə danışdıqca öz hesabımı götürürdüm. Bayaqkı ümidlərim yenə puç oldu. Naftalandan əlimi birdəfəlik üzdüm. Albert İsgəndərzadəni dinlədikcə ötən axşamkı qanqaraldıcı əhvalatların bu gecə təkrar olunacağını təsəvvür edirdim. Onun giley-güzarı, evdə arvadın vurub-qırdığı qabqacaq cingiltisi dayımın tükürpərdici naləsi kimi səsləndi. Albert İsgəndərzadə fikirli-fikirli əlini çallaşmış gur saçında gəzdirərək məni ilk dəfə görürmüş kimi diqqətlə gözümün içinə baxdı. Təzə sirr açmaq istəyirmiş kimi xısın-xısın:

Sizdən bir xahişim var, – dedi.

Buyurun.

Yüz ilin başıdır, bilirəm, məni ümid yeri bilib gəlmisən. Düz eləmisən. Sizə böyük hörmətim var. Gərək yerin dibindən olsa, Naftalan tapam. Ancaq şərtim var. Birinci, bu barədə heç yerdə danışmayın. Sizdən artıq dərəcədə rica edirəm. İkincisi məni tələsdirməyin. Beş-on gün vaxt verin.

Qapı cırıldadı. Albert İsgəndərzadə səksənib söhbətin istiqamətini dəyişdi. Gələn yox idi. Qapı öz-özünə açılmışdı. Albert Kərəmoviç ayağa qalxıb gözləmə otağına şübhəli-şübhəli göz gəzdirdi. Sonra qapını ehmalca örtüb sözünə davam etdi:

Sabah axşam bu üçün qatarla Bakıya adam göndərməliyəm. Biletini istəyirsən sən al, çətin olsa, mənə de, özüm alaram. – Sözünə düzəliş verdi: –Yoox, yoox, zəhmət çəkmə! Bilet şeydir ki, özümüz həll eliyərik. – Səsini qaldırdı: – Nazirlikdə hörmətli bir yoldaş işləyir. Uşaqlıqda bir məktəbdə oxumuşuq. Elə o vaxtdan da dostluq edirik. Canlara dəyən oğlandır. Bakıda da yaxşı hörməti var. Əli girməyən yer yoxdur. Karagələn adamdır. Kimə desə, atqaz eləməz. Onun üstünə balaca kağız yazaram. Kimə lazımdır özü bilir... Mənim xətrimə hardan olur-olsun tapmalıdır.

Bəli, – dedim, – başa düşdüm, başa düşdüm! Çox sağ olun! O ki qaldı bilet məsələsi, mən həll edərəm. Siz narahat olmayın.

Albert İsgəndərzadə:

Mədət, ancaq bu söhbət ikimizin arasında qalsın haaaa... Birdən bilməzsən, gedib orda-burda danışarsan, biabır olaram haaa... Bu vilayətdə özümə görə adım-sanım var. Hamı bilir ki, özünə-sözünə düz, halal, təmiz adamam... Naftalandan ötrü yanıma gəlib-gedən adamlar eşidib, bilib fikirləşərlər ki, Albert İsgəndərzadə bizə yox deyir, amma Mədəd Quliyevə üç şüşəni birdən verir. Mədət, məni dilə-dişə salarsan haaa. İyirmi ildən çoxdur bu idarədə külüng vururam. Gül kimi təmiz ad saxlamışam. Bu şəhərdə hamı başıma and içir. Elə adam yoxdur ki, ona yaxşılığım dəyməsin. Ağlım kəsəndən xasiyyətim belədir. Mən bu yolu tutub gedirəm. Yaxşı deyiblər:

Heç şeyə yaramayan adam, ən yaramaz adamdı. Kişi gərək əlacsıza əl tutsun, yıxılanın qolundan yapışsın. Çalışıram ki, hamıya yaxşı olum...

İsgəndərzadəyə rəğbətim artdı. Ona təşəkkürümü bildirdim. Xudahafizləşəndə yenə tapşırdı:

Bax, Mədət, bu söz-söhbət öz aramızda qalsın haaaa!

Xatircəm olun, Albert Kərəmoviç. Siz danışırsınız? Heç kəsə, heç kəsə... heç evdəki arvad-uşağa da bildirmərəm, –deyib onu arxayın saldım.

Qapıya tərəf yönələndə Albert İsgəndərzadə ayağa qalxıb həyəcanla:

Dayan, dayan! – dedi sağ tərəfdəki şkafı açıb səliqə ilə düzülmüş qalın cildli tibb kitablarının arasından vərəqləri əzilib saralmış bir kitabça çıxartdı:

Qədim kitabdı, –dedi. – Bu şəhərdə bircə məndə var. Əslində, atamdan qalmadı. Vaxtilə ona da Tiflisdə yaxın bir dostu bağışlayıb. İndi heç kimdə yoxdur. Çoxdan yazılıb. – O, kitabçanı tələsik vərəqləyib, qıyılmış gözünü, altından cızıq çəkilmiş cümlələrə zillədi. Vəd etdiyi dərmanın qədər böyük müalicəvi əhəmiyyəti olduğunu çətinliklə düzəldəcəyini mənə dərindən izah edib başa salmaq üçün barmağını sərrast atıcılar kimi düz sinəmə tərəf tuşladı:

Bilirsən, Mədət, –dedi, –özünə götürmə haaa, sənin üçün demirəm eee. Əlini cibinə qoyub lovğa-lovğa kənardan baxanlara asan gəlir. Bəzi-bəzi ağzıgöyçəklər Naftalan! Naftalan! – deyir. Amma başa düşmürlər ki, bu zəhrimar Naftalan nədir?! Necə hasil olur?! Hardan gəlir?! Bunun kimi əzab-əziyyətləri var?! Baax, bunu qanıb-başa düşən yoxdur. Heç həkimlərin . Köhnələri demirəm, təzə yumurtadan çıxan aptek işçilərinin çoxunun bundan başı çıxmır.

O, çox bilən hər şeydən hali olan müdrik adamlara məxsus görkəm alaraq gözlərini geniş açıb alnını qırışdırdı:

Naftalanın tapılma tarixi hələ bu günəcən məlum deyil. Bundan ötrü çox alimlər baş sındırıb. Bu kitabda yazıldığına görə, Naftalandan hələ XII əsrdə müalicə məqsədilə istifadə olunurmuş. Naftalan neftini tədqiq edən alman mütəxəssisi Yeger! – O, içini arıtlayıb üzümə baxdı səsini bir qədər qaldırdı: – , Yeger! 1892-ci ildə çar hökumətindən patent alaraq ondan məlhəm hazırlayırmış. Yegerdən sonra Kvel adlı alman sahibkarıKoramal-naftalanfirmasını təsis edib. Naftalan nefti bazasında AlmaniyadaMatde­burqDrezdensəhmdar cəmiyyətləri fəaliyyət göstərirmiş. Naftalan neftindən cürbəcür məlhəmlər, kremlər hazırlanıb, dünyanın müxtəlif ölkələrinə, hətta Rusiyanın özünə ixrac olunurmuş. Rus yapon birinci dünya müharibələrində əsgərlərin döyüş çantalarında yaralara sürtmək üçün Naftalan neftindən hazırlanan məlhəm bankaları olarmış...

Albert İsgəndərzadə gözünü əlindəki kitabçadan ayırıb üzümə baxdı. Mat-məəttəl qaldığımı görüb sinəsini irəli verdi:

  Bəli! Bəli! Bəli! – dedi. – Naftalan hələm-hələm tapılan şey deyil.

Doğrudan da, indicə ayılıb başa düşürdüm ki, Naftalan necə nadir dərmanmış. Bu cür dərmanı əldə etmək Ağalətifin hünəridir, ki, Hacıhəsənin. Mən nahaq yerə darımı kola töküb onların barəsində bəd­güman olmuşam. Birinci dəfə getdiyim aptekdəki sayğac çəkən kişi doğru deyirmiş ki, bu tapılan zibil deyil. Sadıq kişinin işlədiyi aptekin müdirini qınamıram. O, belə bir ağır yükü aşıra bilməzmiş. yaxşı ki, bu şəhərdə Albert İsgəndərzadə varmış. Yoxsa bütün kürreyiərzi qarış-qarış gəzib dolaşsaydım, Naftalan tapa bilməzdim.

Albert İsgəndərzadəyə heyrətlə baxdım:

Albert Kərəmoviç, –dedim, – əşşi bu təhər çətin məsələymiş!! Dayımın həkimi abadanlıqdan danışır. Yekə-yekə qırıldadır ki, guya qiyməti bir neçə köpükdür, bütün apteklərdə satılır, elə bir maliyyəti yoxdur. O həkim lap dünyadan bixəbər adammış!..

Albert İsgəndərzadə istehza ilə gülüb, gözünü qıydı soruşdu:

Sən  onun dediyi boş sözlərə inandın?

Yoxdemək mənasında başımı buladım.

Albert  İsgəndərzadə xoşhal olub sözünə davam etdi:

Ay pir olmuş, ay pir olmuş! Məgər indiki həkimlərin dərmandan başı çıxır?! Onlar qanırlar ki, Naftalan nədir?! Heç Allahın bir barmaq reseptini doğru-düzgün yaza bilmirlər! Sən şeytanın qılçını sındırıb, dayına yönlü həkim tapmısan. Ay-hay!

Albert İsgəndərzadə danışdıqca, belə bir çətin işin düzəlməsini boynuna çəkən adamın mərdliyinə qarşı qəlbimdə yaranan minnətdarlıq hissi getdikcə dərinləşirdi. Düşünürdüm ki, ömrümün axırına qədər onun bu yaxşılığından çıxa bilmərəm. Özümdən asılı olmayaraq qəddimi əyib Albert Kərəmoviçin əlini bərk-bərk sıxdım. Qarşısında acizanə təzim etdim:

Çox sağ olun, Albert Kərəmoviç! Bizim şəhər üçün qənimətsiniz! Bu yaxşılığını ömrüm boyu unutmaram. Heç övladlarım da, nəvələrim , nəticəm , kötücəm yaddan çıxartmaz. Təşəkkür! Təşəkkür! – deyib nəzakət xatirinə arxamı bu mötəbər, qayğıkeş insana çevirmədən dalıdalı geri çəkilib qapıdan çıxdım.

lll

İsgəndərzadənin sabah Bakıya göndərəcəyi adam üçün yumşaq vaqona, özü kupenin alt yerinə bilet aldım. Onun Bakıda Naftalan düzəldəcək tələbəlik dostuna bir zənbil əməlli başlı bazarlıq elədim.

İki gündən sonra İsgəndərzadəyə zəng vurub üstüörtülü soruşdum:

Albert Kərəmoviç, dərmandan  xəbər?!

Mənimlə tez-tez əlaqə saxlayın. – dedi. –İşıq ucu var. O adamın telefonda ağzını aradım. Danışığından belə çıxdı ki, düzəlməlidi.

Dörd gündən sonra yenə soruşdum:

Albert  Kərəmoviç, Bakıdan bir xəbərətər  yoxdur?

Albert  Kərəmoviç Qarsın qalasını fəth edibmiş kimi qalib bir səslə:

Tapıb! Tapıb!-dedi. –Sabah istirahət günüdür. O birisi gün Bakıdan çıxacaq. Malades! Halal olsun! O nazirlikdəki dostum barədə demişdim , gördün necə düz çıxdı! Əşşi, onun əlində Naftalan şeydi ki!..

Çox sağ olun! Çox sağ olun! Sizə minnətdaram, yoldaş İsgəndərzadə. O Bakıdakı dostunuzun da ömrü uzun olsun.

Düzü, sevindiyimdən gözüm yaşardı. Üç gündən sonra Albert İsgəndərzadə özü mənə zəng çaldı:

Məni təbrik edə bilərsən, – dedi. –Üç şüşə Naftalan bu saat stolumun siyirməsindədir. Amma işdən sonra... İşdən sonra gəl. Bilirsən , niyə deyirəm?.. Elə et ki, eşidib görən olmasın. İşdi-şayət, soruşsalar, de ki, başqa üçün gəlmişəm.

Baş  üstə, Albert Kərəmoviç, çox sağ olun! Təşəkkür! Təşəkkür!... O, təvazökarlıqla:

Dəyməz, – dedi, – borcumuzdu. Bizim vəzifəmiz vətəndaşlara xidmət etməkdir. O ki qaldı hörmətli dost ola...

İşin axırında mərkəzi aptekə varid oldum. Albert İsgəndərzadə yanında da bir nəfər abırlı adam barədəsə söhbət edə-edə kabinetinin qapısını bağlayıb çıxırdı. Məni görcək həmin adama nəzakətlə:

Xahiş edirəm, bir dəqiqəliyə məni bağışlayın, – deyib ondan aralandı. Qolumdan yapışıb aptekin tininə çəkdi xısın-xısın:

Mənim yanımdakı adam qormilisə rəisinin yaxın qohumudu, – dedi. – Hərifin qulağı çalıb, nədirsə, əl çəkmir. Bayaqdan bəri böyür-başımda fırlanır. Qırsaqqız olub yapışıb boğazıma. Ona da Naftalan lazımdı. Ölsə , vermərəm. Lap nəçənniyin qohumu yox, dədəsi olsa, vermərəm. Üççəcə şüşədi, onu da əzab-əziyyətlə tapmışam. Səninkidi, vəssalam. Dünya od tutub yansa da, vermərəm. –Xəlvət onu işarə edərək: – Bir ona bax, bir ona bax, – dedi. – Duyuq düşüb, nədisə, qulağını bizə tərəf yaman şəkləyib. Əskik oğlu, əskik! Ölsən vermərəm! Lap nəçənniyin özü gəlsə, vermərəm. – Qəddini mənə tərəf əyib ağzını qulağıma yapışdırdı. –Burda durma, get sabah düz bu vədə yanımda ol. Kişinin sözü bir olar. Bütün şəhər əhli bilir ki, Albert İsgəndərzadə tüpürdüyünü yalayan adam deyil. Ağlına başqa şey gəlməsin. Sözümüz sözdü.

Dillənmədim. Başqa çarəm yox idi. Onun dediyi kimi razılaşıb ayrıldıq...

 

(Ardı var)

 





14.04.2014    çap et  çap et