525.Az

Fermer təsərrüfatları kooperasiyalarda birləşəcək


 

Fermer təsərrüfatları kooperasiyalarda birləşəcək<b style="color:red"></b> Prezident Administrasiyası altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb dövlət başçısına təqdim edəcək.

525.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərmanında öz əksini tapıb.
 
Adıçəkilən fərmanda Nazirlər Kabinetinə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
 
Nazirlər Kabineti həmçinin,  "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim edəcək.
 
Hökumətə həmçinin, kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlamaq tapşırılıb.
 





16.04.2014    çap et  çap et