525.Az

"Yaşadıqlarım" kitabını oxuyarkən


 

"Yaşadıqlarım" kitabını oxuyarkən<b style="color:red"></b>

1951-ci il iyul ayının onu idi. Ümumtəhsil məktəbini bitirməyə dair attestat almağa toplaşmışdıq.

 Danışıb-gülən  vardı, fikrə-xəyala dalan da. Direktoru gözləyirdik, hələ gəlməmişdi. Çox çəkmədi  ki, o, gəldi. Mehribancasına salamlaşdıqdan sonra  bizi müəllimlər otağına dəvət etdi.  Attestatları almağa dair kitaba imza atdıq. Müstəqil həyata atılmağımız münasibətilə direktor tövsiyələrini verdi,  uğurlar arzuladı, hər birimizlə  görüşüb  bizi gülər üzlə yola saldı.

Direktorumuz Məhəmməd Qəribov müəllim orta boylu, qarabuğdayı, qara, gur saçı olan,  əvəz edilməz  kimya-biologiya müəllimi idi. Bəli, biz Qutqaşın rayonunun Qutqaşın orta məktəbini bitirib ali təhsil almaq, hər hansı bir ixtisas, peşə sahibi olmaq üçün respubilkanın müxtəlif institut universitetlərinə səpələndik. Bir neçə ildən sonra hərənin sorağı bir yerdən gəldi. Sinif   yoldaşlarımızdan ancaq bir nəfər qızıl medal almışdı. Hamımız onunla maraqlanırdıq. Bu, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yeyinti sənayesi naziri işləyən Məmmədov Kamil Səyid oğlu idi.

Orta məktəbi bitirdikdən sonra sinif yoldaşım Kamil Məmmədov Leninqrad şəhərində Texnologiya İnstitutunun Mühəndislik fakültəsinə, mən  isə indiki Pedaqoji Universitetin Filologiya fakültəsinə daxil olduq. Mən təhsilimi bitirib Qutqaşın rayonunda, Kamil Məmmədov isə  Bakı şəhərində  işə başladı. İndi artıq təqaüddəyik.

Məqsədim heç bioqrafiyamızı oxuculara tanıtmaq deyil, qarşıya qoyduğum məqsəd Qutqaşın orta məktəbinin Böyük Vətən müharibəsi sonrakı illərdə hər cür maddi çətinliklər dövründəki yetirmələri, onların bugünki gənclərə ibrət dərsi olacaq keşməkeşli həyat yolunu xatırlatmaqdır.

Kamil müəllim hərtərəfli elm adamıdır. Əslində onun profili texniki elmlərdir. Lakin onun 2010-cu ildə yazib çap etdirdiyi "Yaşadıqlarım" kitabı  bir daha sübut edir ki, bu adam həm yaradıcı insandır. Kamil müəllim 1911-ci ildə "Yaşadıqlarım" kitabını mənə hədiyyə etdi. Kitabı dəfələrlə oxudum yenə oxuyuram. Çünki bu kitab gənclik  dövrümüzün həyat çətinliklərini əks etdirir. Eyni zamanda kitabda dünya elm karifeylərindən bir epiqraf olaraq gətrilmiş fəlsəfi fikirlər, Qurani-Kərimdən iqtibas edilmiş ayələr özlüyündə xüsusən gənclər üçün böyük bir tərbiyə məktəbidir.

Məsələn: "İstedad-həmişə yeni olan xəbərdir". (Boris Dastermak) , "İnsan gördüyü yaxşı işdən iki dəfə zövq alır: birinci dəfə işə başlayanda, ikinci dəfə nəticəni gördükdə" (A. Bakıxanov). Yaxud da: "Həqiqətən, Allah insanlara zərrəcə zülüm etməz, lakin insanlar özləri-özlərinə zülüm edərlər". (Qurani-Kərim .Yunis surəsi, ayə 44) s.

Kitabdakı əksər şəkillərdən məlum olur ki, ulu öndər Heydər Əliyevin nazir Kamil Məmmədova xüsusi hörmət qayğısı var. Bu hörmət qayğını o özü qazanıb. Çünki Kamil müəllim ömrü boyu hər bir işə, vəzifəsinə, verilən tapşırıqlara vicdanla, məsuliyyətlə yanaşıb, vicdanı qarşısında hesabat verib, yoldaşları xalq qarşısında həmişə alnı açıq, üzü olub.

     "Yaşadıqlarım" kitabının 102-105-ci səhifəsindəki yazıya diqqət edək: Naxçıvan Mineral Sular Qablaşdırılması Zavodu tikilməli "Badamlı" "Vayxır" qaynaqlarından su Naxçıvana borularla 36 18 km. uzaqdan gətirilməli idi. 1978-ci ilin noyabr ayı idi. Heydər Əliyev Muxtar Respublikada olarkən tikintinin qızğın çağında zavoda gəldi, təbii ki, zavodun texniki iqtisadi göstəriciləri ilə peşəkar mühəndis kimi maraqlandı: "Badamlı" "Vayxır" qaynaqlarından gələn suyu hansı borularla gətirməyi nəzərdə  tutursunuz? Mən cavab verdim ki, çuqun! O, xırdalıqlara varmadan qətiyyətlə mənə bildirdi: "Borular ya paslanmayan poladdan olmalıdır, ya da heç nədən! " Bunun demək olduğunu mən sonradan başa düşdüm. Əvvəlki söhbətimdə xatırlatmışdım ki, belə boruların 20 faizi  Azərbaycanda istehsal olunur. Başqa xarici ölkələrdən almağa bir milyon rubl lazımdır, o da bizdə yoxdur. Heydər  Əliyev dedi ki, necə nazirsən ki, bir milyon rubl tapa bilmirsən?! Mən o gecə Moskvaya uçdum. Demək olar ki, 1979-cu ilin ilk iki ayını mən müavinim yatmadıq. SSRİ yeyinti sənayesi nazirindən götürdüyüm pula 56 km.  borunu İtaliyadan alıb Naxçıvana gətirdik. Həmin ilin noyabrında Heydər Əliyev 1978 -ci ililn yayında verdiyi tapşırıqların yerinə yetirilməsi haqqında nazirlərin məruzəsini dinləyirdi. İlk olaraq sözü mənə verdilər. Mən məruzə etdim ki, nazirliyin qarşısında qoyulan məsələnin həddən artıq mürəkkəb olmasına baxmayaraq, Naxçıvan Mineral Sular Qablaşdırılması zavodunun tikintisi üçün lazım olan paslanmayan polatdan 56 km. boru artıq yerinə çatdırılıb .

Heydər Əliyev isə yekun sözündə bildirdi  ki, "Yeyinti sənaye naziri Kamil Məmmədov tapşırıqların yerinə yetirilməsi  haqqında məruzə etdi: Mən bilirdim ki, bu çox mürəkkəb, demək olar ki, həll olunmaz məsələ idi. Lakin həll olundu".

Deməli, işə məsuliyyətlə yanaşanda həlli mümkün olmayan problem yoxdur, nəticələri sevindirici olur. Kitabdan belə misalları çox çəkmək olar .

 "Yaşadıqlarım" kitabının 154-dən 159-cu səhifəsinə kimi verilən şəkillər Kamil müəllimin kim olduğunu güzgü kimi əks etdirir. 154- səhifədəki şəkildə Heydər Əliyevin ona Qırmızı Əmək Bayrağı ordenini təqdim etməsi təsvir olunur. Qalan şəkillərdə ulu öndər Heydər Əliyevin, Sov. İKP-MK katibi Kulator başqa rəhbərlərin ona, belə demək mümkünsə, həsədlə baxışı insana, onu tanıyanlara fərəh hissi  verir,  başını uca edir .

  Bəli memuar  ədəbiyyatımızın ən gözəl nümunələrindən olan bu kitabı oxumaq hər birimizin borcu şərəf işidir. Çünki hər şeydən əvvəl, bu bizim həyatımızın, eləcə rayonumuzun fəxridir.

Qəbələ haqda Qəbələ ilə bağlı yazılan yazıları sevə-sevə oxuyuram, çünki bu torpaq tariximizin bünövrəsi olmuşdur. Bu günün özündə bu məkan diqqət mərkəzindədir. Ancaq məni təssüfləndirən odur ki, biz keçmişimizi, həyat tərzimizi, vətən canlı insanlarımızın fəaliyyətini öyrənmirik, ibrət dərsi almırıq. Heç olmasa XIX əsrdə yaşayıb-yaratmış Qutqaşın ziyalıları İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy Səadət xanım", "Səfərnamə", İbrahim bəy Musabəyovun "Neft milyonlar səltənəti" s. əsərləri ətraflı öyrənməlı, geniş şəkildə orta məktəb proqramına salınmalı təbliğ edilməlidir. Mən bu gün Qəbələ ziyalılarına müraciət edərək deyirəm: Əziz qəbələlilər, Azərbaycan xalqının tarixi keçmişi olan Qəbələnin adını öz əməlimizlə qaldıraq, Qəbələ haqqında yazıya alınmış xatirəni, bədii əsəri oxuyaq, tariximizi dəqiq öyrənməklə onu geniş şəkldə təbliğ edək. Bu müraciətimlə bağlı bildirirəm ki, uzun illər Azərbaycan Respublkasının nazirlərindən biri olmuş Kamil Məmmədovun "Yaşadıqlarım" adlı kitabı mənim stolumun üstündədir. Həm üslub, həm ifadələrin dolğunluğu, dürüstlüyü cəhətdən onbir başlıq, çoxlu şəkil 180 səhifəlik bu kitab çox qiymətli əsərdir. Bu yazıda Kamil müəllim xalqla münasibətinin xeyirxahlığının təsvirini işıqlandırmağa çalışır. Kitabın ilk səhifələrində Kamil müəllim öz uşaqlıq illərindən, kiçik yaşlarından məktəbi buraxmaq məcburiyyətində qalır, kolxozda işləməsindən, ailəni dolandırmaq üçün hər cür çətinliyə dözməsindən söhbət açır bütün çətinliklərə baxmayaraq o, insanlara daima qayğı ilə yanaşır. Vəzifəsi artdıqca, imkanları  da genişlənən Kamil müəllim  iclaslarda səmərəli qərarların verilməsinə, kollegiya, konfrans müxtəlif yığıncaqların saatlarla, bəzən günlərlə keçirilməsinə səmərəsizliyinə öz ciddi münasibətini bildirmişdir.

Kitabda həlledici məqam başlıqlı yazıda müəllif orta məktəb illərini, fənn müəllimlərini xatırlayır, dərs keyfiyyətinin yüksək səviyyədə olmasından ağızdolusu danışır. Məktəbin direktoru Məhəmməd müəllim haqqında  geniş söhbət açır.

Fərəhləndirici haldır  ki, Kamil müəllim ali məktəbdə oxuduğu illərdə heç kimə əziyyət verməmiş, əlaçı tələbə olmuş, eyni zamanda  Leninqradda təhsil aldığı illərdə özünün maddi imkanlarını qaydaya salmaq məqsədi ilə gecələr yük vuran fəhlə kimi Badayev anbarında, Yeyinti Konsentratları Kombinatında işləmişdir.

Kitabda Kamil müəllimin idarəçilik təcrübəsi ilə bağlı  geniş faydalı məsləhətlər, məlumatlar verilmişdir. Rəhbər işçinin özündən aşağı tabeçilərə xeyirxah  münasibəti, inzibatçılıq deyil, insani cəhətdən kömək etməsi daha düzgün qəbul olunur. Onun fikrincə qəbula gələn hər hansı bir şəxs rəhbər işçi tərəfindən səmimiyyətlə qarşılanmalı, diqqətlə dinlənildikdən sonra ümidvericiliklə yola salınmalıdır. Kamil müəllim hansı vəzifəyə irəli çəkilibsə, orada yüksək fəallıqla işləyib, səmərələşdirici, faydalı təkliflər hazırlayıb.

1994- ildə əhalinin çörəklə təminatında çox böyük problem yaşanmışdır. Bu 1993- ilin ortalarında hakimiyyətə gələn Heydər Əliyevi ciddi düşündürürdü. Bu illərdə Prezident , yeyinti sənaye naziri Kamil Məmmədov da çox gərgin hal keçirirdi. Çünki aclıq keçirən xalq qiyam qaldıra bilərdi. Ona görə Prezident 1994- ilin oktyabrın 10-da öz işgüzarlığı ilə tanınmış Kamil Məmmədovu çörək məmulatları üzrə dövlət şirkətinin rəhbəri təyin etmiş, həmçinin  xarici ölkə rəhbərlərinə müraciət etməklə ölkədə çörək çatışmazlığının qarşısı alınmışdır.

Son vaxtlar bəzi insanlar əllərinə kitab almaq istəmir. Bu oxuyan yaşlı nəsildə təəssüf hissi doğurur. Ona görə ki, kitab insanın şüurunun formalaşmasında böyük rol oynayır.

 Biz hər bir Azərbaycan vətəndaşına  uzun illərin sınağından çıxmış hörmətli Kamil müəllimin yazmış olduğu "Yaşadıqlarım" adlı kitabını oxumağı lazımi nəticələr çıxarmağı məsləhət  görərdik.

Feyruz Səddinov, metodist müəllim

Ənvər  Rəhimov,  ali dərəcəli müəllim

Qəbələ rayonu

 





17.04.2014    çap et  çap et