525.Az

Şahmat nə vaxt və harada yaranıb? - Yunis Xəlilov yazır


 

 Şahmat nə vaxt və harada yaranıb? -<b style="color:red"> Yunis Xəlilov yazır</b>

Tarixdə şahmat oyununun nə zaman və harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın meydana çıxması vaxtı və onun vətəni barədə fikirlər birmənalı qəbul edilmir. Məsələn, şahmatın yaşının Y.Neyştad, A.Linde 1000 il, Y.Roxlin, İ.M.Linder, Z.Xocayev və F.Dümmeltəxminən 1500 il, M.S.Koqan və V.Panovisə 2000 ildən çox olmasını bildirirlər. Hind tarixçisi Krişnamacar şahmatın tarixini eramızdan əvvəl VI-V əsrlərə, yəni təqribən 2500 il bundan qabaqkı dövrə aid edir. 

Tarixi ədəbiyyatda şahmatın 3000 il bundan öncə Seylonda icad edilməsi, oradan isə Misirə və Yunanıstana yayılması barədə də fərziyyələr mövcuddur.

İran tarixçisi Murtuza Rəvəndi isə "Tarixi-ictimai-İran" əsərində (I cild, Tehran, hicri 1341 (1962)1924-cü ildə Hindistanın Aşağı Sind əyalətinin qərbində aparılan qazıntı zamanı 3000-4000 il miladdan əvvəllərə aid edilən şahmat daşlarının tapılması haqqında məlumat vermişdir (M.Rəvəndi. Tarixi-ictimai-İran).

X əsrdə yaşamış dünya şöhrətli Xarəzm alimi Əl-Biruni şahmatı ilk dəfə Hindistanın Pəncab əyalətində görmüş və onu təsvir edib.

Göründüyü kimi, bu günədək şahmatın nə vaxt meydana çıxması ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.

Şahmatın harada yaranmasına gəlincə, Təbəri, Firdovsi, Qətran Təbrizi, Mirxond, Xandəmir, Amili, Rəvəndi və bir sıra digər alimlər onun vətənini Hindistan hesab etmiş, hətta bəzi müəlliflər (Biruni, Amili, Rəvəndi) şahmatı icad edən şəxsin adının Sisse-ben Daher olması ehtimalını irəli sürərək onun adının müxtəlif mənbələrdə Sassa, Sissa, Susa və Sahsana kimi yazılmasını, babasının adının gah Baher, gah da Daher olmasını, ləqəbinin isə Əl-Hindi kimi qeyd olunmasını bildirmişdir.

Görkəmli şahmat tarixçisi Herild Ceyms Ratvin Murrey 1913-cü ildə nəşr olunan "A History of Chess" ("Şahmat tarixi") adlı əsərində şahmat oyununun ortaya çıxma tarixini 570-ci ilə aid edir. Müəllif oyunun Hindistanda bir Brahman rahibi tərəfindən savaşan ordulardan ilham alaraq yaratdığını qeyd edir. Halbuki şahmat ilahəsi "Kaissa"ya şeir həsr edən məşhur ingilis şərqşünası və sanskrit dili mütəxəssisi Ulyam Cons sonralar etiraf etmişdir ki, "Hindistanda tapıldığına inandığım bu gözəl oyunla bağlı Brahmanların klassik əlyazmalarında heç bir dəlil tapa bilmədim".
Bir versiyaya görə, Hindistan padşahı (böyük ehtimala görə, Maukhari sülaləsinin şahı Kannauj - Yunis Xəlilov) tərəfindən VI əsrdə İran şahı I Xosrova şahmat hədiyyə edildikdən sonra oyun "çatranq" adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı "satranj" olaraq dəyişikliyə uğramışdır. Müasir şahmat yavaş-yavaş məhz satranj oyununun əsasında inkişaf etmişdir.
Əksər mənbələrdə qeyd olunur ki, iranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərəfindən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayılmış şahmat sonralar bütün Avropada oynanılmağa başlanılmışdır.

Maraqlıdır ki, 600-cü illərdə Hindistanın Pəncab bölgəsində şahmat oyununun qaydaları təkmilləşdirilmişdir. Bu dövrdə şahmatın Çində "Sat-RanÇu" adı ilə oynanılması da məlumdur.

X əsrdə şahmat bizanslılar və vikinqlər tərəfindən oynanılmağa başlanıb.

Bəzi qaynaqlarda isə qeyd olunur ki, şahmatın atası hesab edilən ona bənzər ilk oyunların təxminən 4000 il bundan əvvəl Misirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin arvadı, firon Tutankhamunun qayınanası, kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. 

Şahmat tarixinin ən önəmli araşdırmaçılarından biri olan tarix elmləri namizədi İsaak Linderin keçmiş SSRİ-də dərc olunan "Şaxmatnoe obozrenie-64" ("Şahmat icmalı-64") jurnalının 1991-ci il noyabr nömrəsində çap edilmiş "Adəm də şahmat oynayardımı?" başlıqlı yazısında müəllif arxeoloji qazıntılara istinad etməklə şahmatın tarixi ilə bağlı son dərəcə maraqlı məsələlərə toxunmuşdur. O, həmin araşdırmasında 1972-ci ildə Özbəkistan torpaqlarındakı "Dəlvərzin Təpə" adlı arxeolojik məkanda tapılan oyun daşlarının önəmini vurğulayıb.

Türk müəlliflərindən Dimes Hak Alerlinin "Satranç psikolojisi 1" kitabında (İstanbul, Scala yayıncılık, s. 215-214) da deyildiyi kimi, "bu fiqurlar elm camiasında böyük sensasiya yaradıb. Elm xadimləri bu fiqurları çaturanqadan şətrəncə keçid mərhələsi kimi qəbul edirlər".

Yeri gəlmişkən bir versiyaya görə, şahmatın ilkin forması olan "çaturanqa" ilə bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Şandraqaptanın zamanında və "Çaturanqa" adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinməkdədir. "Çaturanqa" sözü qədim sanskrit dilindən tərcümədə "çatu" dörd, "ranqa" isə yol deməkdir. Birlikdə götürdükdə, "dörd yol" mənasını ifadə edir. "Çaturanqa" "dörd qoşun bölməsi" kimi də başa düşülür. Bu qoşun isə özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını əhatə edib.

Çaturanqa ilə bağlı ilk təfərrüatlı məlumatı böyük türk alimi Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (973-1048) ərəbcə yazdığı "Hindistan" adlı əsərində vermişdir. Əl-Biruninin əsərini də tədqiq edən İsaak Linder belə bir qənaətə gəlir: "Fikrimcə, miladdan sonra II yüzilliklərdə, bəlkə də daha tez Şimali Hindistanda dördlü savaş oyunu olan çaturanqa yaradılmış, daha sonradan V-VI yüzilliklərdə isə Mərkəzi Asiyada artıq ikili savaş oyunu olan şahmatın əsası müəyyən olunmuşdur. 1977-ci ildə tarixçi Yuri Buryakovun rəhbərliyi altında Əfrasiyab (Səmərqənd) kəndində tapılan və miladdan sonra 760-cı ilə aid edilən 7 şahmat daşı da bunu təsdiq edir.

Rusiyanın müxtəlif bölgələrində türk mədəniyyətinə aid yerlərdə də şahmat dəstlərinə rast gəlinib. Ruslar həmin daşların və şahmatın Xəzər Volqa boyundan gəldiyini irəli sürürlər. Həmin bölgələrdə tapılan daşlar Əfrasiyab daşları ilə bənzərlik təşkil etməkdədirlər. 

Qeyd edək ki, şahmatın inkişafında Azərbaycan xüsusi rol oynayıb. Faktlara istinad etsək, deyə bilərik ki, Şahmat oyunu Azərbaycana VI əsrin sonlarında məlum olub. Lakin təəssüf ki, həmin dövrə aid yazılı mənbə olmadığına görə ölkəmizdə konkret şəkildə bu oyunu ilk dəfə kimlərin oynaması haqqında məlumat yoxdur. Şahmat tarixi haqqında maraqlı araşdırmalar aparan azərbaycanlı müəllif Şəhriyar Quliyev "Azərbaycanda şahmatın tarixi (ədəbi və tarixi qaynaqlar əsasında araşdırma)" kitabında (Bakı, 2012, s. 57-58) sözügedən məsələ ilə bağlı maraqlı məlumatlar verərək yazır: "Azərbaycan ilə Sasani İranının digər əyalətləri arasında o dövrdə mövcud olan ümumi əlaqəni nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan xalqının şahmatla tanışlığı ola bilsin ki, aşağıdakı yollarla olmuşdur: əvvəla, burası aydındır ki, Azərbaycan alimləri və digər görkəmli şəxslər, yerli hakimlər və dövlət idarəçiliyində işləyən qulluqçular bu oyunu ilk dəfə öyrənib öz məişətlərində tətbiq ediblər. Digər tərəfdən Sasani ordusunda xidmətdə olan azərbaycanlılar bu oyunu ilk dəfə görmüş və onu öyrənərək öz vətənlərinə qayıtdıqdan sonra tətbiq etməyə başlayıblar. Başqa mülahizələr də yürütmək mümkündür. Belə ki, ərəblər İranda öyrəndikləri şahmatı özləri ilə birlikdə İspaniyaya apardıqları kimi (məlumdur ki, Qərbi Avropaya şahmat İspaniyadan keçib - Ş.Quliyev), Sasanilərin Azərbaycana köçürdükləri və Beyləqan, Şabran, Mil düzü və qeyri yerlərdə sakin etdikləri əhali özləri ilə birlikdə şahmatı da gətiriblər. Şahmatın Azərbaycan xalqına VI əsrdə məlum olmasını təsdiq edən dəlillərdən ən əhəmiyyətlisi qədim pəhləvi povesti və şahmatın VI əsrdə Sasani dövlətində məlum olmasıdırsa, ikinci mühüm dəlil Mingəçevirdə tapılmış zərlərdir.

Arxeoloji qazıntılar nəticəsində tapılan bu zərlər gildən düzəldilmiş və özləri də VI-VIII əsrlərə aiddir. Bu zərlərdən ikisi indiki nərd oyunundakı zərlərin eynidir, üçüncüsünün xalları isə 1, 2, 3, 4 və 11-dir. Burada 11 xal 5 və 6 xalların cəmidir. Bu zərin altıncı üzündə heç bir xal yazılmamışdır. Burada cəmisi 5 (1, 2, 3, 4, 11) xal vardır. Çətrəng oyununda da cəmisi 5 (şah, top, at, fil, piyada) fiquru olmuşdur. Məlumdur ki, Hindistandan Şərqin bir çox ölkələrinə yayılan çətrəng zər atmaqla davam edirdi: 1 xal piyada, 2 - fil, 3 - top, 4 - at, 5 isə şahdır. Zərin xalları ilə çətrəng fiqurlarının sayı bərabər olduğundan güman etmək olur ki, VI əsrdə İranda və Azərbaycanda məlum olan çətrəng oyunu bu cür zəri atmaqla davam etmişdir. Digər iki zərlər isə nərd oyununda tətbiq edilmişdir ki, bu oyunun da düzəldilməsi şahmatın İrana gətirilməsi ilə əlaqədardır".
Deyilənlərdən o nəticəyə gəlmək olar ki, pəhləvi dilində yazılmış "Çatrak-namak" ("Çətrəng haqqında kitab") adlı İran povestinin meydana çıxmasında və ən əsası şahmatın inkişafında Azərbaycan xalqının böyük zəhməti və payı olmuşdur.

Müxtəlif dövrlərdə tanınmış Azərbaycan şairləri Q.Təbrizinin, M.Gəncəvinin, X.Şirvaninin, N.Gəncəvi, Ə.Təbrizi, M.Əvhədi, İ.Nəsimi, C.Həqiqi, M.Füzuli, M.F.Axundzadə, S.Ə.Şirvani, Q.Zakir, M.İ.Qasiri, M.M.Müsəvvəri, M.R.Fəna, Z.Ərdəbili, M.Ə.Cənnəti, B.Qarabaği, M.Nəvvab, M.Ə.Sabir, M.Hadi, C.Məmmədquluzadə, M.S.Ordubadi və başqalarının əsərlərində şahmat oyunundan bəhs edilməsi, yaxud onun tərənnüm edilməsi bu müdrik oyunun qədim dövrlərdən etibarən ölkəmizdə geniş yayılmasını təsdiq edir.

Dediklərimizi yekunlaşdırsaq belə nəticəyə gələ bilərik ki, şahmat oyunu tarixdə uzun bir inkişaf yolu keçmiş və onun inkişafında Azərbaycan xalqının böyük payı olub.
 

 





01.09.2021    çap et  çap et