525.Az

Araz çayı üzərindəki körpü istismara qəbul edilməyib


 

Araz çayı üzərindəki körpü istismara qəbul edilməyib<b style="color:red"></b>

Hesablama Palatası Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “Azəryolservis” ASC-də apardığı auditin nəticələrini açıqlayıb.

Belə ki, “Azəryolservis”də Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması, o cümlədən Siyəzən və Qusar Yol İstismar İdarələrinə ayrılan vəsaitlərlə bağlı maliyyə nöqsanları, qanunvericiliyin tələblərinə uyğun olmayan vəsait xərclənmələri aşkarlanıb.
 
APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının bu gün Milli Məclisdə qəbul olunmuş hesabatında bildirilib.
 
Hesabatda qeyd olunub ki, “Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması” obyektinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər” üçün nəzərdə tutulan vəsait görüləcək işlərin siyahısı tərtib edilmədən birbaşa podratçı təşkilata ödənilib. Eyni zamanda keyfiyyət zəmanəti üzrə son məbləğ yerinə yetirilən tikinti-quraşdırma işlərinin texniki təminat müddətinə və müqavilə şərtlərinə əməl edilmədən podratçıya ödənilib. Körpünün tikintisi başa çatdırılıb istifadə olunsa da, müvafiq qaydada sınaqdan keçirilməyib və istismara qəbul edilməyib.
 
Qusar 7 saylı və Siyəzən 4 saylı Yol İstismar İdarələri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilməyərək avtomobil yollarının saxlanılması və cari təmiri üzrə yerinə yetirilən işlərə görə tərtib olunan “İşlərin qəbulu haqqında Akt”lar müqavilə qiyməti ilə tərtib olunub, həmin aktlarda təmir aparılan obyektlərin adı və yerləşdiyi ünvanlar, həmçinin yerinə yetirilən işlərin müqavilə qiymətlərinə təsir edən göstəricilər tam göstərilməyib. Yollara və körpülərə mövsümi xidmət göstərilməsi ilə əlaqədar görülməyən bir sıra işlərin arayışa əlavə olunması nəticəsində işlərin dəyərinin artıq hesablanması hallarına yol verilib.
 
Auditin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilib, həmin qərar “Azəryolservis” ASC-yə göndərilib.

 





18.04.2014    çap et  çap et