525.Az

Azərbaycanda son bir ildə vergi borclarının həcmi 15% azalıb


 

Azərbaycanda son bir ildə vergi borclarının həcmi 15% azalıb<b style="color:red"></b> Bu ilin birinci rübü ərzində Azərbaycanda vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində bu ilin aprelin 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği bu ilin yanvarın 1-i ilə müqayisədə 6,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15% azalıb.
 
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk rübü ərzində ümumilikdə 49 956 vergi ödəyicisinin  borclarının tamamilə ləğv edilməsinə nail olunub, bu ilin aprelin 1-nə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,5% təşkil edib.
 
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 14 208 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 68,9%-i borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 152 sayda 194,2 min manat məbləğində məhkəmə qətnamələri qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
 
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilib.  Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 601 vergi ödəyicisinin  541,3 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilib, 13 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 134 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
 
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 370 fiziki şəxs üzrə 99,3 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
 
19 358 borclu vergi ödəyicisinin borclarının onların milli və ya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 145 569 icra (ödəniş) sənədi olan sərəncam verilib.
 
Vergi orqanları tərəfindən 247 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 1 052 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.
 
Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 163 vergi ödəyicisi üzrə 5,3 mln. manat borc məbləğini əhatə edən  materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
 





18.04.2014    çap et  çap et