525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar -<b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Ən xəyalpərvər adamların da təsəvvür edə, təxəyyülünə gətirə bilməyəcəyi hadisələr baş verir.

Son bir ildə belə möcüzələrin çox şahidi olmuşuq.

Cənab Prezidentin Laçın rayonunun Qorçu kəndi ərazisində  Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması da məhz o nadir möcüzələrdən birinin reallığa çevrilməsidir. Dəniz səviyyəsindən bu qədər hündürlükdə, belə bir relyefdə hava limanının tikilməsi ağlasığmaz hadisədir. Dövlət başçısının öz təbirincə desək, "...indi bunu təsəvvür etmək belə çətindir, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilir". 

Dağların zirvəsində - Laçının, Kəlbəcərin, Şuşanın ortasında hava limanının tikintisini xəyal etməyin özü belə bir qəhrəmanlıqdır. Onun reallaşması isə böyük iqtisadi güc və peşəkar mütəxəssislərdən əlavə, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir. Bunu isə bütün bu keyfiyyətləri özündə cəmləşdirən tarixi şəxsiyyət bacarardı. Və necə ki bacarır...

Gözlərimizin önündə ağlımıza, xəyalımıza gəlməyən hadisələrin gerçəkləşməsinin şahidi oluruq.

Tarixin yeni salnaməsinin, möhtəşəm səhifələrinin iştirakçısına çevrilirik.

***

Ağdama və digər işğaldan azad olunmuş rayonlarımıza səfər turlarının təşkili ilə bağlı məcburi köçkünlərin mətbuatda çoxlu müraciətləri dərc olunub. Dövlət qurumları bununla bağlı neçə müddətdir ki, müzakirələr aparır. İndi belə səfərlərin reallaşacağının mümkünlüyü ilə bağlı xəbər yayılan kimi etirazçılar  və ağız büzənlər ortaya çıxıb hay-küy qaldırıblar. Niyə axı?!.

***

Dağda duman hüzn gətirir...

***

İndi hamı sözünü video-çarxla deyir.

***

Bir fərasətli növcavan özünü oda-közə vurub düşüncəsi qüsurlu, ağızdan boş adam tapır, o da ağzına gələni danışmağa başlayır. Bu tərəfdən də qarğa-quzğun kimi marıqda duranlar tökülüşürlər üstünə, leşini atıb rahat olurlar.
Bu da olur media, bu da olur gündəm yaratmaq...

***

Bu gün dünyada idarəolunmayan heç nə yoxdur. Hamısı hazır layihələrdir: Taliban da, virus da, sel də, yanğın da...

***

Mədəniyyət TV-də gürcü caz ifaçısı Nino Katamadzenin Bakıdakı konsertinə baxdım. Çox bəyəndim. Fərqli və orijinal idi.

Ülviyyə Heydərova müğənni haqda məni bilgiləndirdi və bir ifasını da göndərdi. 

Sağ olsun. Təşəkkür.

***

Yazmışam "gürcü caz ifaçısı",  bir qazaxlı dostum "caz"ı "saz" oxuyub. Deyir, axıracan baxdım videoya, görüm gürcü sazı necə çalacaq? Sonda statusa bir də baxdım. Sən demə, saz yox, caz ifaçısından söhbət gedirmiş...

***

Belə görünür ki, feysbuk əhlinin böyük hissəsinə bir qıy lazımdır. Mövzunu bildi-bilmədi, xəbərdən hali oldu-olmadı, yüyürür qıy gələn tərəfə.
...Qulaqları kəsib sonra sayırlar...

***

"Qardaş bacının başını kəsərək öldürüb".

Radio aparıcısı bu xəbəri pafosla, ürəkdən, az qala, sevinə-sevinə elə deyir ki, mat-məəttəl qalırsan.

Bu xəbəri yaymağın özü məqbul deyil, o ki qala xüsusi intonasiya ilə təqdim eləmək. Bu, qəsdə təhrik və təşviqdir.

***

Xanımların mesencerdə təbrik yazmasını anlayıram, amma kişilər niyə təbriki orada yazır, başa düşmürəm... 

Bu, səhər-səhər ərkyana zarafatdır.

Layksız qalan dostlar  inciməsin. Deyəsən, feysbukda layka da kvota var. Dünən günortadan sonra təbrikləri bəyənə bilmədim.
Gözəl arzulara və xoş sözlərə görə hamınıza dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Təbriklərini ürəyinin gizlinində saxlayanlara da ayrıca təşəkkürlər. 

Var olun!

***

Zaman klassikləri unudulmağa qoymur.

Gəlmişəm məclisə mən könlünüzü 
şad eliyim
Nəki bihudə yerə naleyi fəryad eliyim?
Kimsə yox sakit otursun qulaq assın 
sözümə, 
Qalmışam matu-məəttəl kimə irad eliyim?
Tutalım əsrimizin həzrəti İsası mənəm
Bu soxa-soxda necə möcüzə icad eliyim?

(Əliağa Vahid)

***

"İti atın quyruğuna bağlamaq" deyilir, yoxsa "Atı itin quyruğuna bağlamaq"?
Niyə?

***

Teatrların açılması ilə bağlı sənət adamlarının arzusu anlaşılandır. 

Bu istəyin cəmiyyətdə reaksiya doğurmaması, biganə qarşılanması da təbiidir. 

İndi insanlar teatr ovqatında, tamaşa hayında deyil. Hamı pandemiyanın yaratdığı qorxu, vahimə, səksəkə içərisindədir. Hamı canıyla əlləşir. 

İndi ən təsirli tamaşalar ətrafda baş verənlər, ən maraqlı səhnələr ovcundakı telefonun manitorunda görünənlərdir.

***

Rəngdən rəngə girsə də, yalan elə yalandır. 

Ağına, qırmızısına gülsən də, sarısına, bozuna inanırsan...

***

İndi feysbukda ən çox rast gəlinən "Allah rəhmət eləsin" sözləridir...

***

Sevindirən "Qarabağ"...

***

Bütün dağlara qar yağıb...

***

Testdən neqativ çıxanlar...

***

Din təskinlikdir...

***

İçinin  xıltını gizləyə bilməyənlər...

***

Çərçivə marağı azaldır...

***

İstanbuldan şəkillər paylaşır, deyir, Şuşaya məni niyə aparmayıblar?

***

Pulu qazanmaq üçün qabiliyyət və bəxt şərtdirsə, onu qorumaq xasiyyət və xislət məsələsidir.

***

Heyvanları da cipləyəcəklər...

***

Bütün uzun çəkən bəlalar kimi korona da adiləşəcək...

***

Keçmiş həyatındakı təcrübə karına gəlmirdi...

***

Düşünür ki, mən boyda adamı görmürlər...

***

Hər addımda erməni dır-dırı...

***

Bəlkə də düz eləyirlər. Yer çox balacadır. 7 milyardlıq deyil.

***

Düşük adama sərhəd yoxdu ki. Hər sahədə peyda ola bilər.

***

Artıq feysbukda da reklamlar statusları yeyir...

***

Korona azadlığın məhdudlaşdırılmasının fərqli formasıdır. Bütün dünya girova çevrilib. Bu zəhrimarın varlığını bir anlıq unudan kimi həyat gülümsəyir.

***

Bütün təzələr köhnəlir...

***

Onsuz da dəyərlər çoxdan itib...

***

Saqqalı da var, amma sözü keçmir...

***

Belə səhərlərə görə dünya gözəldir...

***

Telefonu əlinə alan kimi Bakıdasan...

***

Yağışın yuduğu yarpaqların, otların günəş işığında bərq vuran yaşıllığının gətirdiyi rahatlıq...

***

Ha su tök, xeyri yoxdur...

***

Gözümün önündə Beşqardaş dağı...

***

Ukraynanın qələbəsinə sevinmək...

***

Caynaqları 
torpağımdan güc alan
Azərbaycan qartalının
indi köksü Qarabağda,
Füzulidə döyünür.
Bir qanadı Zəngilanda,
bir qanadı Laçında, Qorçudadır...
Gözləri hədəfində,
Dimdiyi düşmən başı deşməyə
hazır
Azərbaycan qartalının...

***

Çoxlu layk ictimai dəstək sayılırmı?

***

Dağlar görünməyəndə nizam-ölçü itir...
 

 





08.09.2021    çap et  çap et