525.Az

Nazir məşğulluq orqanlarının fəaliyyətindən narazıdır


 

Nazir məşğulluq orqanlarının fəaliyyətindən narazıdır<b style="color:red"></b>

"Məşğulluq orqanlarının fəaliyyətinin nəticəsi qənaətbəxş deyil".

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məşğulluq xidməti orqanlarının rəhbərləri ilə keçirdiyi iclasda deyib. Onun sözlərinə görə, dövlət məşğulluq xidməti orqanlarının fəaliyyəti çox pərakəndə şəkildə qurulub: "Nazirliyin digər qollarından fərqli olaraq burada passiv mövqe sərgilənir. Bütün bunlara son qoyulmalıdır. Bu gün sizinlə bağlı radikal qərar vermirəm, sizə vaxt verirəm, dövlət məşğulluq xidməti orqanlarının işi 6 ay ərzində tamamilə yenidən qurulsun".
 
S. Müslümov rayon məşğulluq mərkəzlərinin direktorlarına tapşırıq verərək 10 gün ərzində bütün təkliflərini dövlət məşğulluq xidməti aparatına təqdim etmələrini tələb edib: "Bu təkliflərdə qanunvericiliyə dəyişiklik, maddi-texniki təminat, əmək haqları ilə bağlı məsələlər öz əksini tapmalı və 5 gün ərzində məşğulluq xidməti aparatına təqdim edilməlidir. Onlar isə öz növbəsində bunu məşğulluq siyasəti şöbəsinə təqdim etməlidirlər".
 
Nazir həmçinin qurumdan yaxın 1 ay ərzində “Məşğulluq haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və digər normativ hüquqi aktlara dəyişiklik edilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim edilməsini tələb edib. Səlim Müslümovun sözlərinə görə, bu təkliflərə kollegiyada baxılmalı və hökumət qarşısında bu dəyişikliklərin edilməsi ilə bağlı məsələ qaldırılmalıdır.

 





18.04.2014    çap et  çap et