525.Az

AMEA Milli Məclis qarşısında vəsatət qaldıracaq


 

AMEA Milli Məclis qarşısında vəsatət qaldıracaq<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barəsində Milli Məclis qarşısında vəsatət qaldıracaq.

Lent.az-ın məlumatına görə, bu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağında qəbul olunan qərarda öz əksini tapıb. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə ümumi yığıncaqda irəli sürülən təkliflər və tövsiyələri fəaliyyət zamanı nəzərə almaq, AMEA-nın 2020-ci ilədək İnkişaf Konsepsiyasını işləyib hazırlamaq və onun icrasına nəzarət etmək tapşırılıb.
 
 
Konsepsiyada elmin prioritet istiqamətləri müəyyənləşdirilməlidir. Bundan əlavə, elmi proqramların müsabiqə əsasında maliyyələşdirilməsinin təmin edilməsi, iki və daha artıq elmi sahədə aparılan tədqiqatlara həsr olunmuş proqramlara üstünlük verilməsi, AMEA-nın fəaliyyətini tənzimləyən bir sıra zəruri və vacib sənədlərin dəqiqləşdirilərək yenidən hazırlanması və müəyyən olunmuş qaydada təsdiq edilməsi qərara alınıb.
 
Qərara əsasən, gənc alimlərin akademiyaya cəlb olunması siyasətinin əsas prinsipləri işlənib hazırlanmalı, elmi fəaliyyətdə İKT-nin tətbiqi daha da genişlənməli, 2014-cü ilin sentyabrında Bakı Elm Forumunun, dekabr ayında isə Azərbaycan Alimlərinin I Qurultayının keçirilməsi ilə əlaqədar təşkilati tədbirlər həyata keçirilməli, prezidentin AMEA-nın 70 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrasının yüksək səviyyədə həyata keçirilməsi təmin edilməlidir.
 
Qərara əsasən, Azərbaycanda keçirilən fənn olimpiadalarında və ixtisaslaşmış məktəblərin qurulmasında alimlərin geniş iştirakının təmin edilməsi, elm və təhsilin inteqrasiyasının daha da gücləndirilməsi, AMEA-nın institutlarında və elmi mərkəzlərində baza kafedralarının inkişaf etdirilməsi və genişləndirilməsi, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar akademiyanın innovasiya fəaliyyətinə diqqət artırılması və bu sahədə kiçik sahibkarlıq fəaliyyətini genişləndirilməsi, AMEA-nın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi sahəsində işlərin davam etdirilməsi, müştərək laboratoriyaların təşkilinə nail olunması, Azərbaycanın elmi diasporunun imkanlarından istifadə etməklə alimlərin beynəlxalq meqa layihələrdə iştirakına nail olunması, AMEA-nın elmi müəssisələrinin maddi texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, AMEA-nın nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün xüsusi proqram hazırlanması, Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın bütün elmi müəssisələrində və ali məktəblərində aparılan elmi tədqiqat işlərini müasir prinsiplər əsasında idarə etmək məqsədi ilə elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının statusunun müəyyənləşdirilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması tapşırılıb. AMEA-nın elmi bölmə və müəssisələrinə tapşırılıb ki, elmi populyar ədəbiyyatın kütləvi nəşrinə və yayılmasına diqqət artırılsın.
.
Ümumi yığıncaqda qəbul olunan qərarın icrasına nəzarət AMEA-nın prezidenti Akif Əlizadəyə tapşırılıb.
 





18.04.2014    çap et  çap et