525.Az

“Razılaşdırılmamış aksiyaların qarşısı alınacaq”


 

“Razılaşdırılmamış aksiyaların qarşısı alınacaq”<b style="color:red"></b>

Oktyabrın 20-də “Parlament buraxılsın” kampaniyasının təşkilatçıları paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası keçirəcək.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun APA-ya verdiyi məlumata görə, aksiya qərara alındığı tarixdə - oktyabrın 20-də saat 15.00-da keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqbul hesab etməsə də, onlar aksiyanın keçirilməsində israrlıdırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov isə APA-ya açıqlamasında bildirib ki, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərlərsə, qarşısı alınacaq”.

Qeyd edək ki, “Parlament buraxılsın” aksiyası əvvəlcə sosial şəbəkələrdə yer alıb, sonradan isə bu səhifənin təsisçiləri olan 50-yə yaxın ictimai təşkilat rəhbəri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənc hərəkat şəklində aksiya keçirilməsi qərarına gəlib.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiya təşkilatçılarına Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.

 





19.10.2012    çap et  çap et