525.Az

Tapılmayan dərman (davamı)


 

Tapılmayan dərman <b style="color:red">(davamı)</b>

Gecə ikicə saat yata bilmədim. Gözlərimə yuxu getmirdi. Elə bil yorğan-döşəyimə qor dolmuşdu. Gözümü yuman kimi cürbəcür qatmaqarışıq yuxular görürdüm. Görürdüm ki, gecənin yarısı şəhərin o tərəfində tüstülü bir alov qalxıb. Bütün şəhər həmin yanğın olan tərəfə axışır. Albert İsgəndərzadənin aptekinə od düşüb. Tələsdiyimdən şalvar-pencəyimi geyə bilmədim. Alt paltarımda ayaqyalın, başıaçıq adamlara qoşuldum. Yüyürə-yüyürə fikirləşirdim ki, aptek cəhənnəmə yansın, kaş Naftalana bir şey olmasın. Yanğınsöndürən maşınlar həyəcan siqnalı verə-verə adamların arasından keçib küçə boyu aptekə tərəf  şütüyürdü. Aptekə yaxınlaşdıqca haya-küyə qoşulanların axını güclənir, maşınlar hay-haray salır, adamlar ora-bura qaçırdılar. Tüstü burulğanının arasından alovun qırmızı dili göyə dirənirdi. Yanğının üstünə su atan kim, bellə torpaq tullayan kim... Yarıçılpaq vəziyyətdə özümü izdi hamın arasına vurdum. Adamları itələyə-itələyə Albert İsgəndərzadəni axtardım. Albertin təzəcə kostyumunu od qarsımışdı, başı-gözü ütülmüşdü. Qan-tər içərisində aptekin avadanlığını ora-bura sürüyürdülər. Onun qolundan yapışıb boğula-boğula:

Bəs Naftalan? Naftalan?! – deyə qışqırdım. Bir nəfər boynumun dalından yapışıb məni geri dartdı. Qanrılıb onun ənginə birini ilişdirdim. O da mənimkinə. Əlbəyaxa olduq. Rəqibimin xirtdəyindən yapışıb onu əzişdirməyə  başladım. Elə bu anda böyrümə bir dürtmə ilişdirdilər. Sancı məni yandırıb-yaxdı. Arvadın xırıltısını eşitdim. Hövlnak yuxudan oyandım. Arvad boğulurdu... Əlimi onun boğazından çəkdim. Yazıq  arvad güclə nəfəs alırdı. Bir stəkan su verdim, birtəhər özünə gəldi. Baş yoldaşımdan acizanə üzr istədim... Xoşbəxtlikdən aptek yanmırdı mən heç kəslə əlbəyaxa olmamışdım. Eyvana çıxıb şəhərə göz gəzdirdim. Bütün küçələr səssizliyə dalmışdı. Hər tərəf sakitlik idi. Qayıdıb çarpayımda uzandım. Fikirli-fikirli yorğanı başıma çəkib gözümü yumdum, yuxuya getdim. Qulağıma telefon zəngi gəldi, dəstəyi götürdüm. Albert İsgəndərzadə idi.  Məndən üzr istəyirdi. Naftalan əldən çıxmışdı. Şəhərin polis rəisi özü işə qarışıb, Naftalanı İsgəndərzadənin əlindən almışdı. Rəisin ünvanına o ki var döşədim. Arvad yorğanın üstündən məni silkələdi:

Mədət, Mədət, sayıqlayırsan? Ağzını təmiz saxla, söymə. Nəçənnik eşidər.

Tez oyandım. Yenə gördüyüm yuxu imiş.

Mışıl-mışıl yatan uşaq bizim hənirtimizə qımıldanıb yerində zarıldayırdı. Arvad donquldanıb yuxulu-yuxulu deyinirdi:

Naftalan tapan deyil, yatmağa da qoymur. Körpənin yuxusunu haram elədi...

Yenə dəhşətli yuxular görəcəyimdən qorxub daha gözümü yummadım. İşıqlananda yerimdən qalxdım, həmin gün mənə bir ildən artıq oldu. Səbrim tükənmişdi. İş vaxtı qurtarmaq bilmirdi. İdarədə məni yuxu basırdı. Çənəm sinəmə enib-qalxdıqca işçilər altdan-altdan bir-birinə baxıb irişirdilər. Bilirdim ki, mürgülədiyimə gülürlər. Amma üstünü vurmurdum. Saatıma baxırdım. Tərs kimi bu gün saatımın batareası da qurtarmışdı. Saniyəölçən nazik əqrəb mənim kimi yorulub əldən düşdüyündən kiçik bir nöqtədə donub qalmışdı. Saatın mexanizmlərini hərəkətə gətirmək üçün onu qulağıma tutub gücüm gəldikcə bərkdən silkələdim. Heç bir çıqqıltı eşidilmirdi. Həmişə qolumda gəzdirdiyim, gündə neçə dəfə şüşəsini silib təmizlədiyim saat da belə bir məqamda namərdliyini göstərdi. Dar gündə adamı qoyub qaçan bəzi namərd dostlar kimi. Birdən stolun üstündəki köhnə radionun xırıltılı səsi eşidildi:

Bakı vaxtı ilə saat on yeddidir. Bugünkü verilişlərimizin proqramını...

Tez yerimdən qalxıb tələm-tələsik geyinib, keçindim. Yüngülvari nahar edib, əvvəlcə idarəyə getdim. Bəzi işlərimi qaydaya salıb, işin axırında aptekə yollandım.

Albertin kabinetində iki qadın əyləşmişdi. Kabinet fransız ətrinin rayihəsinə qərq olmuşdu. Onlar bəzi dərmanların qurtardığından, reseptlərin geri qaytarıldığından, həkimlərin, xəstələrin narazılığından bu barədə bəzi-bəzi adamların dedi-qodu salmasından danışılırdı. Albert İsgəndərzadə gözünün quyruğu ilə mənə eyham vurdu ki, qoy bu qadınlar çıxsın, sonra səni yola salaram.

İnsafən, qadınlar çox ləngimədilər. Kabinetdən çıxdılar. İçəridə ikimiz qaldıq. Albert İsgəndərzadə kabinetin şabalıdı rəngdə cilalanmış taxta qapısını açıb ətrafa göz gəzdirdi. Heç kəs yox idi. O, arxayın düşdükdən sonra qapını örtüb arxasını da vurdu. Stolun siyirməsini çəkdi:

Üç şüşə idi, – dedi. Bəxtindən biri sınıb. Neynək, canın sağ olsun. Haçan bu cür çətin tapılan dərman olsa, qulluğunda hazıram. Amma Mədət, minnət qoymaq istəmirəm, bunu çox müsibətlə... Bakıdakı dostum da birtəhər tapıb. Naftalan verənlərə yaxşı bir qonaqlıq düzəldib. – O, dərindən bir ah çəkib yırğalana-yırğalana. – Bilirsən, Mədətdedi, – gərək verəsən. Əl-əli yuyar, əl üzü. Verməyəndə aşırmaq olmur. Adamın qabağına yüz cür bəhanə qoyurlar. Bu dünya verim dünyasıdır. Bizim bu şəhərdə ya gərək karlı adamın ola, ya böyük vəzifən, ya da ki pulun.

Yoxsa...

O, Naftalan dolu şüşələri əvvəlcə yumşaq pambığın arasına qoydu. Sonra möhkəm bir iplə bərk-bərk sarıdı. Üstəlik köhnə bir qəzetə büküb qoltuğuma verdi:

Ehtiyatlı ol ha, –dedi, –əlindən düşər, güc-bəla ilə tapmışam. Amma Mədət, elə et ki, bir ins-cins bilməsin. Heç qonum-qonşu da. Çünki tapılan şey deyil. Bunu da böyük bir minnətlə... Qarşına çıxan olsa, demə ki, İsgəndərzadənin yanından gəlirəm. İndi adamlar qazdan ayıqdı. O dəqiqə şübhələnərlər... Naftalandan ötrü tay bir Bakıya adam göndərəsi deyiləm. O da bir idi. Çay həmişə qızıl gətirməz.

Albert İsgəndərzadəyə bir təşəkkür edib ondan ayrıldım. İrəlidəki tindən sola burulub dayandım. Qəddimi şax tutub, dərindən nəfəs aldım. Naftalan şüşələri bükülmüş kağıza bir diqqətlə nəzər saldım. Ürəyim indicə-indicə üstümə gəlirdi. Albert İsgəndərzadənin dedikləri qulaqlarımda cingildədi: “Çay həmişə qızıl gətirməz”,  Elə et sınmasın”, “Bir Bakıya adam göndərəsi deyiləm”. Albert İsgəndərzadənin sözlərini xatırladıqca narahat hisslər keçirirdim. “Bu şüşələri  hara qoyum ki, bir şeyə toxunub sınmasın?!” Fikirləşdim ki, əlimdə saxlasam, düşüb qırıla bilər. Ağlıma bir şey gəldi. Şalvarımı təzə tikdirmişdim. Dərzi dərin ciblər qoymuşdu. Çox ölçüb-biçdikdən sonra Naftalan şüşələrini birtəhər şalvarımın sağ cibinə dürtdüm. Arxayınca yoluma davam etdim. Qarşıma çıxanların hamısı şübhəli nəzərlərlə şalvarımı süzür, mənə baxır, bir neçə addım aralanandan sonra əllərini ağızlarına tutub, bic-bic pıqqıldayıb gülüşürdülər. Onları da qınamalı deyil. Şalvar cibim bu gün-sabah doğacaq cins inəklərin yelini kimi aşağı sallanmışdı addımladıqca yellənib buduma toxunurdu. Sağ qılçam lap keyimişdi.

Sakit küçələrin birində dayanıb yönümü divara tərəf çevirdim. Naftalan şüşələrini birtəhər şalvar cibimdən çıxarıb pencəyimin yan cibinə qoydum. Şüşələri əlimdə saxlamağa ehtiyat edirdim. Xasiyyətimi nəzərə alıb düşünürdüm ki, getdiyim yerdə birdən fikrə qapılıb Naftalan şüşələrini əlimdən sala bilərəm. Əlimi tez-tez üst tərəfdən pencəyimin cibinə vururdum. Barmaqlarım cibimin donbağına toxunduqca özümdə rahatlıq, yüngüllük duyurdum. Evə tez çatıb dayımı sevindirməyə, arvadın könlünü alıb xəcalətdən çıxmağa tələsirdim. Artıq lovğalanmağa da haqqım var idi. Tər məni basmışdı. Piyada getmək fikrimi dəyişdim. Avtobus dayanacağına onsuz da az qalırdı. Yaşıl zolaqlı təzə bir avtobus irəlidə dayanıb fısıldadı. Addımımı yeyinlətdim. Çataçatda avtobus yenə ağır-ağır fısıldadı yerindən tərpənmək istəyəndə özümü yetirib birtəhər içəri soxuldum. Pencəyimin ətəyi avtobusun avtomat açılıb örtülən qapısının arasında qaldı. Qabaqlar xüsusilə, gənclik çağlarımda da belə hallar çox olub. Onda ətəyimi dartıb asanlıqla qapıların arasından çıxarda bilirdim. Bəzən ətəyim cırılırdı. Bu dəfə mümkün eləyə bilmədim. Çünki pencəyimin dərman olan donbaq cibi qapının çöl tərəfində qalmışdı. Dartsaydım, şüşələr qırıla bilərdi. Ancaq höcətlik yeri deyildi. Belə məqamlarda gərək özünü itirməyəsən, ehtiyatlı tərpənəsən. Odur ki, avtobusun balaca pilləkəninin ayağında, lap qapının ağzında dayanıb qaldım. Sərnişinlərdən bir neçəsi canyanalıq edib məni yuxarı qaldırmaq üçün əl uzatdılar. Mən isə:

Narahat olmayın, – dedim, – bura da yaxşıdır.

Onlara dil-ağız etdim yerimdən tərpənmədim. Onsuz da irəli-geri getməyə təhrim yox idi. Fikirləşdim ki, canım cəhənnəm, qoy mənə olur-olsun, amma Naftalan şüşələri salamat qalsın. Ətəyin qapı arasında qalması demək olduğunu yaxşı başa düşürəm. Birdən avtobusun təkərinə iri mismar batıbmış kimi yenə fısıldadı dayandı. Qapılar açıldı. Pencəyimin dərman olan donba cibi yanıma düşüb sallandı. Tez avtobusdan düşdüm. Sərnişinlərin tənə istehza dolu baxışlarının müşayiəti ilə yoluma piyada davam etdim. Xeyli aralandım. Evimizə az qalırdı. Əziz-əziz pambığa, sonra da  kağıza  bükülmüş Naftalan şüşələrini cibimdən çıxarıb əlimə aldım. Hava qaralmışdı. Tək-tək yağış atırdı. Addımlarımı yeyinlətdim. Evimizə bir tin qalmış göyün üzü damarlandı. İldırımın şaqqıltısı  bütün şəhəri titrədib lərzəyə gətirdi. Yalnız əlimdəki dərman  şüşələrinə bir zaval olacağından qorxurdum. İslanmaqdan o qədər ehtiyat etmirdim. Yağış getdikcə şiddətlənirdi. Evə tərəf iri addımlar atır, arabir yorturdum. Bir göz qırpımında küçələri sel-su götürdü. Bu dəfə yüyürməyə başladım. Binamıza bir neçə addım qalmış yüyürə-yüyürə başımı qaldırıb evimizin pəncərəsinə baxmaq istədim. Kaş baxmayaydım. Yaxşı deyiblər ki, tələsən təndirə düşər. Tələsdiyimdən ayağım yerin altından keçən kanalizasiyanın çalasına düşdü. Üzü üstə yıxıldım.

(Ardı var)

 





21.04.2014    çap et  çap et