525.Az

Ukraynanın geosiyasi reallıqları: Qərblə Rusiya arasında


 

Ukraynanın geosiyasi reallıqları: Qərblə Rusiya arasında<b style="color:red"></b>

Son aylar ərzində Ukraynada baş verən dramatik hadisələr Birinci və İkinci Dünya müharibələrində olduğu kimi yenə də bu böyük Şərqi Avropa ölkəsinin geosiyasi rolunu aktuallaşdırdı. Zbiqnev Bjezinskinin fikrincə, Azərbaycan Cənubi Qafqazın, Özbəkistan Mərkəzi Asiyanın, Ukrayna isə Avrasiyanın mühüm geosiyasi nöqtəsidir. Rusiyanın hərbi-siyasi dairələrində düşünürlər ki, ''''suveren Ukrayna'' anlayışının mövcudluğu faktı özlüyündə geosiyası mərhələdə Rusiyaya qarşı geosiyasi müharibənin elan edilməsi deməkdir'' (bax: Ирина Богачевская. Европейский выбор Украины: геополитическая цена вопроса / ''Перекрестки'' № 3-4/2013, s.17). Ukrayna özü də postsovet dövrü ərzində Avropaya, yoxsa coğrafi və etnik cəhətdən yaxın olduğu Rusiyaya birləşmək kimi çətin yollar arasında seçim etməyə çalışmışdır.

Nəhayət, iqtisadi və demokratik dövlətin qurulması, qlobal beynəlxalq əlaqələr sistemində ölkənin mövqeyinin gücləndirilməsi kimi milli maraqların həyata keçirilməsində ən yaxşı yol olduğu düşünülərək Avropa İttifaqına inteqrasiya strategiyası seçilmişdir. Kiyevdə hesab edirdilər ki, beynəlxalq arenada Ukrayna üçün ən effektiv rol Avropa və Rusiya arasında bufer rolu oynamaqdır, Avropaya inteqrasiya isə iqtisadiyyatın müasirləşməsinə, xarici sərmayələrin və yeni texnologiyaların əldə edilməsinə, ukraynalı istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına, Aİ bazarına, oradan isə dünya bazarına çıxış əldə etməyə kömək edəcəkdir.

Amma bütün bu xoş niyyətlər sonda bu buferin Qərblə Rusiya arasında geosiyasi rəqabətin ''döyüş zonasına'' çevrilməsinə səbəb oldu. Xüsusilə də son on il ərzində zəif Şərqi Avropa ölkələri sayəsində daha da artan ciddi maliyyə və daxili siyasi problemlər arasında boğulan Aİ faktiki olaraq özünün geosiyasi ambisiyalarını şərqə doğru genişləndirmək iqtidarında olmadı. Bu isə açıq-aşkar Aİ-nin dəstəyinin yalnız siyasi bəyanatlarla məhdudlaşdığını və ''maydan inqilabı'' nəticəsində daha da zəifləyən Ukraynanı ən azı iqtisadi cəhətdən dəstəkləmək iqtidarında olmadığını açıq-aşkar göstərdi. Bundan əlavə, tədricən daha da ''maviləşən'' və ''çəhrayılaşan'' tolerant Qərbi Avropa postsovet məkanının, o cümlədən Şərqi Ukraynanın yetərincə mühafizəkar icmaları, ənənəçilər qarşısında nüfuzunu getdikcə itirdi. Ümumilikdə, ölkə qərb-modernist və şərq-ənənəçi sivilizasiya yolları arasında seçim etmək məcburiyyətində qaldı.

Öz növbəsində son on il ərzində əhəmiyyətli dərəcədə artan iqtisadi və hərbi potensialı Rusiyaya qətiyyət və əzmlə Ukraynanı Putinin Avrasiya layihəsinə cəlb etməyə imkan verir. Cənub-şərq bölgələrinə qarşı açıq rusiyafobiyasından istifadə edən və ''maydan'' tərzində idarə olunan rəsmi Kiyevə qarşı Rusiya Krımın və Sevastopolun qaytarılması istiqamətində bütün Qara dəniz bölgəsində özünün hərbi-siyasi iştirakını əhəmiyyətli dərəcədə gücləndirərək kəskin addımlar atdı. Rusiya Qərblə yanaşı, Ukraynaya da başa saldı ki, bütün cənub-şərq regionunu öz geosiyasi təsir dairəsinə salmaq üçün bütün yollardan, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə etməyə hazırdır. ABŞ-ın ''Foreign Policy'' jurnalında da qeyd olunduğu kimi, ''konstitusiyasını yenidən yazmağa başlayan Ukraynada çox güman ki, daha yumşaq federal sistem yaranacaqdır. Şərq ərazilər muxtariyyət əldə edəcək ki, bu da onlara Kiyevdən uzaqlaşmağa və Moskva ilə yaxınlaşmağa imkan verəcəkdir'' (bax: Американская пресса признала триумф Путина / ''Взгляд'', 19 апреля 2014). Bununla yanaşı, Dnestryanı ərazilər üçün də yol açılacaqdır.

NATO və Aİ ilə maksimum yaxınlaşmağa çalışan digər postsovet ölkələri, xüsusilə Gürcüstana qarşı Rusiyanın göstərdiyi sərt mövqe 2008-ci ildə bu ölkənin ərazi bütövlüyünün dağılmasına səbəb oldu. Müasir Ukrayna hadisələrində olduğu kimi, bu da ''Qərb bizə kömək edəcək'' düşüncəsinə ümid edən digər postsovet ölkələri üçün ciddi xəbərdarlıq rolunu oynadı.

Pərvin Darabadi, Tarix elmləri doktoru, professor

 





22.04.2014    çap et  çap et