Ötən gün Yazıçılar Birliyində (AYB) şairə Nurəngiz Günün 75 illik yubileyi ilə bağlı geniş tədbir keçirilib.
Tədbiri giriş sözüylə açan AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarın yaradıcılığı haqqında ətraflı danışıb: "Nurəngiz Gün ədəbiyyata nəsr əsəri ilə, o vaxtlar "Ulduz" jurnalında çap olunmuş povesti ilə gəlib. Nurəngiz xanım həm də uzun illər radioda və televiziyada aparıcı-diktor işləyib. Uzun illər İncəsənət İnstitutunda nitq mədəniyyətindən dərs deyib. Unutmayaq ki, bütün bunlardan əlavə, "Var olun, qızlar" filmində də çəkilib. Bütün bunlar bir yerdə onun Azərbaycan ədəbiyyatında və mədəniyyətində nə qədər unikal bir yer tutduğunu göstərir. Bir cəhəti də qeyd etmək istəyirəm ki, Nurəngiz xanım ictimai və siyasi həyata Jalə xanım kimi ağıllı bir qız bəxş edib. Jalənin anasına diqqətli və qayğıkeş münasibəti bütün cavanlara ibrət olmalıdır". Sonra sədr Yazıçılar Birliyi adından yubilyara hədiyyə təqdim edib.
"Dünya ədəbiyyatı" və "Kitabçı" jurnallarının baş redaktoru, şair Səlim Babullaoğlu tədbirin aparıcılığının ona həvalə olunmasından məmnunluq duyduğunu önə çəkib: "İş elə gətirib ki, Nurəngiz xanımın yaradıcılığı ilə zaman-zaman məşğul olmuşam. Anar müəllim çıxışında Nurəngiz xanımın bioqrafiyasının əsas məqamlarını dedi. Buna görə Anar müəllimə təşəkkür edirəm. Çünki mən bioqrafik məlumat hazırlamışdım ki, yaddaşları təzələyək. Görünür, buna ehtiyac olmayacaq. Anar müəllim tamamilə doğru buyurdu ki, Nurəngiz xanım ədəbiyyata nasir kimi gəlib. 1981-ci ildə "Ulduz" jurnalında onun "Tanrı bəşər övladıdır" povesti çap olunub. Sonradan bu əsər və Nurəngiz xanımın yaradıcılığı haqqında görkəmli yazıçımız Mirzə İbrahimov bu sözləri deyirdi: "Bir əsərdə ki, ürək döyüntüləri eşidilir, dəruni arzuların, həsrətlərin acısı, şirini duyulur, oxucu o əsərə biganə qala bilməz. Nurəngiz xanımın yazıçı üçün çox mühüm keyfiyyət sayılan səmimiyyətə söz ola bilməz. Bu gözəl və zəruri keyfiyyətin sayəsində adama elə gəlir ki, müəlliflə üz-üzə oturub danışırsan".
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Nurəngiz Günü sənətdə parlaq obraz kimi səciyyələndirib: "Yadıma gəlir, biz ilk dəfə televiziyaya çıxışlara gedəndə televiziyada sevilən, ekranın yaraşığı olan gözəl bir xanım vardı. Onunla bir yerdə efirdə görünməyə can atırdıq həmişə. O səsi ilə, rəftarı ilə doğrudan da Azərbaycan tamaşaçısının sevgisini qazanmışdı. Onun "Tanrı" povesti hələ o vaxtlar çap olunanda bizim nəsrimizdə yeni nəfəs oldu. Poetik, əslində şeir kimi yazılmış gözəl bir povest idi. Sonra Nurəngiz xanımın şeir həyatı başladı. Bu şeirlər üslubuna və bütün yaşantılarına görə o dəqiqə təzə nəfəs kimi diqqəti cəlb elədi. Nurəngiz Günün poeziyasında tənhalıq və azadlıq var, bu, öz evindən çıxmadan vətənin dərdlərini, Güney Azərbaycanı düşünən bir poeziyadır".
Millət vəkili Nizami Cəfərov Nurəngiz Günün sevilən şairə olduğunu vurğulayıb: "Nurəngiz Gün minillik Azərbaycan qadın poeziyasında yeri olan şairədir. Qadının nə düşündüyünü bilmək üçün Nurəngiz xanımın yaradıcılığı obyektiv mənbədir. O, yalnız şair kimi yox, insan kimi də çox səmimidir. Bu səmimiyyət ədəbiyyatın əsasıdır. Nurəngiz xanımın Azərbaycan dili sahəsindəki xidmətlərini də ayrıca qeyd etmək lazımdır".
"Nurəngiz Gün "Var olun, qızlar" filmində Zeynəb rolunda çəkilib. Bir neçə dəfə həmin filmə baxmışam və Nurəngiz xanımı o filmlə də sözün həqiqi mənasında sevmişəm". Bu fikirləri tədbirdə millət vəkili Hüseynbala Mirələmov səsləndirib.
Millət vəkili Qənirə Paşayeva Nurəngiz Günün yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyindən, onun poeziyasının məziyyətlərindən bəhs edib.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Nurəngiz Günün öz poeziyasında həm də vətəndaş kimi mövqeyini ortaya qoyduğunu, Güney Azərbaycan məsələsini qabartdığını önə çəkib.
Millət vəkili Rəbiyyət Aslanova bildirib ki, Nurəngiz Günün şeirlərini oxuyarkən orada hər bir sözün ürəyi olduğunu hiss edirsən: "Sizin sözlərinizin tutumu o qədər böyükdür ki, oraya sevinc də, kədər də, qüssə də, iztirab da, sabaha inam da sığışıb. Sizin bütün poeziyanız həyat fəlsəfəsidir".
Professor Hamlet İsaxanlı Nurəngiz Günün poeziyasındakı səmimiyyət haqqında danışıb: "Nurəngiz xanımın poeziyası da, nəsri də, diktorluğu da, kino fəaliyyəti də səmimiyyətlə yoğrulan şəxsiyyətində cəmləşib".
"Biz ruh doğmasıyıq, bizim düşüncələrimiz doğmadır Nurəngiz xanımla. Ümumiyyətlə, Nurəngiz xanım insanları yaşamağa səsləyən, insanın içində insanlıq duyğularını oyadan bir şairədir". Bu fikirlər isə professor Nizaməddin Şəmsizadənin çıxışında səslənib.
Millət vəkili Elmira Axundovanın fikrincə, Nurəngiz Günün xarakterindəki ən mühüm cəhətlərdən biri onun müstəqilliyi, azadlığıdır: "Bu azadlıq ona heç də ucuz başa gəlməyib. Ancaq məhz azad olması baxımından Nurəngiz xanım çox xoşbəxt bir insandır. Onun ikinci cəhəti isə çox təvazökar olmasıdır. Həm də çox maraqlı insandır. Bütün bunlara görə də xalqımız onu çox sevir".
Televiziya xadimlərindən Telli Pənahqızı, Şərqiyyə Hüseynova yubilyarın Azərbaycan televiziyasındakı xidmətlərindən, peşəkarlığından, örnək peşə fəaliyyətindən danışıblar.
Rejissor Şeyx Əbdül Mahmudbəyov Nurəngiz Günün çoxşəxəli fəaliyyətinin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük töhfələr verdiyini deyib.
Şairlər Oqtay Rza, Ənvər Əhməd, Adil Cəmil, Sevinc Mürvətqızı Azərbaycan poeziyasında Nurəngiz Günün özünəməxsus yeri olduğunu, səmimi və emosional şeirlərinə görə həmişə seviləcəyini vurğulayıblar.
Tədbirin gedişində yubilyar şeirlərini oxuyub və təşkilatçılara, qonaqlara minnətdarlığını ifadə edib.
Sonda çıxış edən millət vəkili Jalə Əliyeva AYB rəhbərliyinə, şəxsən Anara təşəkkür edib, tədbirin təşkilinə, yubilyara göstərilən diqqətə görə minnətdarlığını bildirib. J.Əliyeva Nurəngiz Günün iştirak etdiyi istənilən məclisdə danışmağın məsuliyyətli olduğunu vurğulayıb: "Nurəngiz xanımın söz yükü, poeziyasının məna tutumu o qədər böyükdür ki, onun qarşısında danışmaq böyük məsuliyyətdir. Həm də ana qarşısında çıxış etmək övlad üçün çətindir. Bir təəssüfüm var ki, mən doktorluq işimi Nurəngiz xanımın yaradıcılığından yaza bilməmişəm, bunun subyektiv qarşılanacağını düşünmüşəm. Amma arzulayıram ki, gələcəkdə Nurəngiz Günün yaradıcılığı elmi işlərin, dissertasiyaların mövzusuna çevrilsin. Övladı olaraq da onun yaradıcılığının öz layiqli qiymətini almasını arzulayıram".
Sevinc MÜRVƏTQIZI