525.Az

"Kitabi-Dədə Qorqud"un yeni tapılmış boyu - Qəzənfər Paşayev yazır


 

DİLİMİZ, TARİXİMİZ HAQQINDA MÜLAHİZƏLƏR

"Kitabi-Dədə Qorqud"un yeni tapılmış boyu -<b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Bu günlərdə akademik Möhsün Nağısoylu təzəcə çapdan çıxmış "Kitabi-Dədə Qorqud"un "Günbəd əlyazması" kitabını (Bakı, "Elm və təhsil", 2021, 366 səh.) avtoqrafla mənə hədiyyə etdi. Monoqrafiyada "Günbəd əlyazması"nın mətni dilçilik yönündən tədqiqata cəlb edilmişdir.

Görkəmli mətnşünas alimin əsəri ön sözdən və iki fəsildən ibarətdir. "Əlyazmanın tekstoloji təhlili" adlanan I fəsildə əlyazma haqqında ümumi məlumat verilib. Burada çox maraqlı "Əlyazma ilə "Kitabi-Dədə Qorqud" eposu və "Oğuznamə"lər arasında səsləşmələr" yarımfəsli yer alıb. Əsərin "Əlyazmanın filoloji tədqiqi" adlanan ikinci fəslində "Əlyazmanın səciyyəvi orfoqrafik fonetik və leksik xüsusiyyətləri" tədqiqat süzgəcindən keçirilib. Eyni zamanda, əsərdə əlyazmanın tənqidi mətni və fotofaksimilesi (əlyazmanın surəti) verilib. Müəllif yüksək elmi səviyyədə yazılan monoqrafiya üzərində iki ilə yaxın işləmişdir.

Buna qədər görkəmli türkoloq və qorqudşünas alim, Xalq yazıçısı, akademik Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində yeni tapılmış bu boyun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdi. Müzakirələrdə görkəmli türk alimlərindən Osman Fikri Sərtqaya, Əhməd Bican Ərcilasun, Mətin Əkici, Saim Sakoğlu, Azərbaycan alimlərindən Kamal Abdulla, Möhsün Nağısoylu, Muxtar İmanov, Ramiz Əskər, Ramazan Qafarlı, Seyfəddin Rzasoy və bu sətirlərin müəllifi çıxış etmişdilər. 

Əlyazmanı Əski Xorasan vilayətinin Günbəd şəhərindən (İraqda Kərkük yaxınlığında da Günbəd kəndi vardır (Q.P.) olan tanınmış mühəndis Vəli Məhəmməd Xoca bukinist mağazasında üzə çıxarmışdır. Yəqin buna görədir ki, tədqiqatçılar onu "Günbəd əlyazması" adlandırmışlar. "Kitabi-Dədə Qorqud"un bu əlyazması İstanbulda Yusif Azmun və İzmirdə Mətin Əkici tərəfindən ayrıca kitab halında çap olunmuşdur. Bakıda isə əlyazmanı görkəmli türkoloq alimimiz Ramiz Əskər maraqlı ön sözlə, əlyazmanın tənqidi mətni və fotofaksimilesi ilə dərc etmişdir. 

Prof.Dr. Ramiz Əskər və Prof.Dr. Əhməd Bican Ərcilasun əlyazmanın dili üzərində tədqiqat apararaq o qənaətə gəlmişlər ki, bu əlyazma da Drezden nüsxəsi kimi Azərbaycan dilində yazılmışdır. 

Əlyazma başdan-başa Azərbaycanla bağlıdır. Əlyazmanın səhifələrində Təbriz, Ərdəbil, Həmədan, Şamaxı, Naxçıvan, Dəmir Qapı Dərbənd, Qəzvin, Xalxal, Kür, Araz, Qarasu, Samur kimi adları oxuyanda adam qürur hissi keçirir.

Mən çıxışımda yeni tapılan boyun əhəmiyyətindən, qorqudşünaslıqda hadisə olduğundan söz açdım. Eyni zamanda qeyd etdim ki, Yusif Azmunun və Ramiz Əskərin əlyazmanı İstanbulda və Bakıda 2019-cu ildə "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazması" adı ilə çap etdirmələrinə haqq qazandırmaq olmaz. Bu, üçüncü əlyazma deyil, Dədə Qorqudun bir boyudur. Kiçik bir əlyazmanı abidənin möhtəşəm Drezden və Vatikan nüsxələrinə tay tutmaq heç bir məntiqə sığmır. 

"Kitabi-Dədə Qorqud"un "Günbəd əlyazması"nın orijinalı və alimlərimizin bu əlyazmaya dair tədqiqatları ilə tanışlıqdan sonra araşdırıcılarımızın diqqətsizliyi aşkar oldu. Məsələ burasındadır ki, alimlərimiz açıq-aşkar əliflə yazılan, türkman kimi oxunan bu sözü türkmən kimi təqdim ediblər.
Elə buradaca deyək ki, türkmən dilini Azərbaycan dilindən, onun Kərkük dialektindən və "Kitabi-Dədə Qorqud"dan fərqləndirən əsaslı fərqlər vardır. İkicə misalla kifayətlənəcəyik.

1. Türkmən dilində ilkin uzanan saitlər geniş yayılaraq ingilis dilində olduğu kimi sözün mənasının dəyişməsinə səbəb olur; məsələn: baş-baş, baaş-yara, gör-gör-göör-gor və s.

2. Ərəb və ingilis dilləri üçün səciyyəvi olan dişarası s, z səsləri eynilə türkmən dili üçün də səciyyəvidir.

İlkin uzanma və dişarası səslərə nə Azərbaycan dilində, nə Kərkük dialektində, nə "Kitabi-Dədə Qorqud"da, nə də "Günbəd əlyazması"nda rast gəlinir. Odur ki, türkman sözünün yazılışının və oxunuşunun fərqinə varmamaq bir yandan "Kitabi-Dədə Qorqud"u, digər tərəfdən İraqda yaşayan soydaşlarımızı istəsək də, istəməsək də, bizdən uzaqlaşdırmağa yönəlmiş olur. Təəssüf ki, burada tariximizə diqqət yetirilməməsi də aydın olur.
Görkəmli alimlərimiz Fərhad Zeynalov və Samət Əlizadənin bu münasibətlə dedikləri tarixi sözləri burada verməyi münasib bildik: "Drezden nüsxəsində aydın-aşkar əliflə yazılan sözün türkman oxunması xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, türkmanlar - İraqdakı azərbaycanlılar, kərküklülərdir".

İraqdakı soydaşlarımız özlərini də, bizi də türkman  adlandırırlar.

Akademik Şahin Mustafayevin "Tarixin və bugünün işığında Nadir şah" məqaləsi bu baxımdan deyilənlərə aydınlıq gətirir. Müəllif yazır: "Artıq XIV-XV əsrlərdə Azərbaycan və Şərqi Anadoluda yaranan dövlətlər özlərini "Türkman" dövlətləri kimi təqdim edirdilər. Xüsusilə Qaraqoyunlu və Ağqoyunlu hökmdarlar. Bunu XV əsrin əvvəllərində Qaraqoyunlu hökmdarı Qara Yusifin Ağqoyunlu bəyi Qara Yölük Osmana sülh bağlamaq haqqındakı məktubundan da görmək olur. Qara Yusif barışığın zərurətini məhz ortaq etnik mənsubiyyəti - türkmançılığı ilə əsaslandırırdı: "Biz hər ikimiz türkman xalqındanıq".

Tədqiqatçı göstərir ki, bu dövlətlərin mərkəzini təşkil edən Azərbaycan və Şərqi Anadolu da tarixi qaynaqlarda "Türkman eli" olaraq tanıtdırılırdı. Məsələn, Osmanlı tarixçisi İbn Kamal XV əsrdə Qaraqoyunlu bəyi Pir Əhmədin Ağqoyunlu Uzun Həsənin sarayına qaçması haqqında yazırdı ki, o, tərki-diyar edib "Türkman eli"nə qaçdı, vardı Azərbaycanda qərar etdi.

Akademik eləcə də yazır ki, XV əsrdə Azərbaycan türkləri öz vətənlərini "Türkman eli" məfhumu ilə ifadə edirdilər. İki əsrdən sonra da Nadir şahın Osmanlı sultanına yazdığı məktubda özünü "Türkman eli"nin böyüyü adlandırması bu ənənənin davamçısı kimi çıxış etdiyini göstərir.

Günümüzdə Güney və Quzey Azərbaycanda "Türkman eli" və "Türkman" məfhumları işlənmədiyi halda, İraqda yaşayan soydaşlarımız "Türkman" kimliyini saxlayır. Yaşadıqları əraziləri isə "Türkman eli" kimi təqdim edirlər. Onların "Türkmaneli" adlanan qəzet, jurnalları və Televiziya kanalı deyilənlərə dayaq olur.

Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabında da "türkman" məfhumu ilə bağlı bir çox bilgilər vardır. Bircə faktla kifayətlənəcəyik. Kitabda göstərilir ki, III Toğrul dayısı Qızıl Arslana qarşı çıxır. Qızıl Arslan III Toğrulun və İzzətdin Həsənin türkmanlardan ibarət ordusunu Naxçıvan yaxınlığında darmadağın edir. Onlar döyüş meydanından qaçaraq İzzətdin Həsənin Kərkük yaxınlığındakı Kərxın qalasına gəlirlər.

Deyilənlərə klassik şairlərimizin əsərləri və başqa məxəzlər də dayaq olur: 

Ərəbin nitqi bağlandı dilindən,
Sənə kimdir deyən kim türkmansan. 
(Nəsimi)

Getdikcə tükənir ərəbin kuhi-məskəni,
Bağdad içrə hər neçə kim türkman qonar.
(Xətai)

"Kitabi-Dədə Qorqud"da "türkman" etnoniminə tez-tez təsadüf edilir. "Qanlı qoca oğlu Qanturalı" boyunda oxuyuruq: "Bəli, canım baba, eylə istərəm! Pəs varasın, bir cici-bici türkman qızını alasan..."

İraq türkman alimləri daxil, bütün tədqiqatçılar "türkman" etnonimindən danışarkən, onun "ulu türk", "xalis türk", "əsl türk", "qüdrətli türk", "böyük türk" mənasını verdiyini xüsusi vurğulayırlar. İndinin özündə belə, ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan "azman", "qocaman", "orman", "ataman", "şişman - (kök), "keçəman" (böyük kərtənkələ) və s. kəlmələrdə "man"ın ulu, böyük, əzəmətli anlamına gəlməsi dediklərimizi təsdiqləyir.

Görkəmli türk alimi Məhəmməd Fuad Köprülüzadə də "Azəri ədəbiyyatına aid tədqiqlər" əsərində Məhəmməd Füzulidən bəhs edərkən yazır:

"Füzuli İraq türkmanlarındandır və ləhcəsi etibarı ilə azəri ünvanına verdiyimiz lisan dairəsinə mənsubdur. Füzulinin tədqiqinə girişməzdən əvvəl, əvvəla İraq və Azərbaycan türklərinin ləhcəsi olan azəri ləhcəsi ilə, bu ləhcə ədəbiyyatının Füzuliyə qədər keçirdiyi təkamül dövrləri haqqında ümumi məlumat verəcəyiz".

Fuad Köprülüzadə böyük həqiqətdən söz açır. Tədqiqatçılar Azərbaycan ədəbi dili tarixindən bəhs edərkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyini göstərmişlər. Eyni zamanda, İraq-Türkman ləhcəsi Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri sırasına (Naxçıvan, Ordubad, Təbriz, İraq-Kərkük) daxil edilmişdir.

Keçmişimizi güzgü kimi əks etdirən "əcdadlarımızın zəngin idrak və təxəyyülünün məhsulu olan" monumental "Kitabi-Dədə Qorqud" abidəsi dilimizə və tariximizə diqqətlə yanaşmağı tələb edir. 
 

 





16.10.2021    çap et  çap et