525.Az

Rəbiyyət Aslanova Venesiya Komissiyasının rəyinə münasibət bildirdi


 

Rəbiyyət Aslanova Venesiya Komissiyasının rəyinə münasibət bildirdi<b style="color:red"></b>

"Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəyə dövlət rəsmiləri, müvafiq strukturlar, o cümlədən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri kimi biz də öz münasibətimizi bildirmişik.

Eyni zamanda, məsələ dini etiqad və hisslər kimi olduqca həssas sahədən getdiyi üçün ictimai rəydə yanlış yönləndirmə cəhdlərini nəzərə alaraq münasibətimizi bir qədər geniş aspektdən izah etməyə ehtiyac duyuruq".
 
525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor  Rəbiyyət Aslanova dilə gətirib.

Komitə sədrinin dediyinə görə, dini-etiqad azadlığı ilə bağlı qanunlar dünyəvi dövlətlərin təcrübəsidir.
 
O qeyd edib ki, dünyəvi dövlət həm sivilizasiyanın, həm də Azərbaycan xalqının ən mühüm nailiyyətidir, eyni zamanda, dünyəvi dövlət dindən ayrılma nəticəsində yaranan dövlətdir.

R.Aslanovanın sözlərinə görə, dövlət-din münasibətlərinin konstitusion əsaslarla tənzimlənməsi dünyəviliyi təmin edən əsas məsələlərdən biridir:

 “Müasir dövrdə mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, insan hüquqlarının, dini-etiqad azadlığının təminatı ümumi məqsədlər sırasında dünyəviliyi ən mütərəqqi imperativ kimi irəli sürür.

Belə dövlətin dinlə münasibətləri dedikdə, vətəndaşların vicdan və din azadlığının təmin edilməsinə, onların dini-əxlaqi ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlərin yaradılmasına və dini qurumların, ibadət təcrübəsi çərçivəsindən çıxan və bu səbəbdən ictimai fəaliyyətə çevrilən fəaliyyətlərinin tənzimlənməsinə yönəldilmiş hüquqi aktlar, eləcə də təşkilati və əməli tədbirlər sistemi nəzərdə tutulur.

Hazırkı dövrdə  bütün Avropa dövlətləri, eləcə də bir sıra Cənub-Şərqi Asiya dövlətləri dünyəvi dövlətlərdir. Reallıq belədir ki, Şərq-müsəlman ölkələrinin böyük bir qismində dünyəvi dövlət meyarları müxtəlifdir.

Buna görə də Şərqdə dünyəvi dövlətçilik problemi özü ayrıca bir tədqiqatın mövzusudur. Qürur doğurucu məqamdır ki, Azərbaycan bu məkanda-müsəlman Şərqində dünyəvi dövlət quran ilk respublika olmuşdur. Şərq məkanında Türkiyə və bir sıra MDB ölkələri də rəsmi dünyəvi dövlətlər sırasındadır”.
           
Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada dini-etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan cəmiyyətin birgəyaşayışı və tolerantlığın təmin edilməsinə təhdid yarada biləcəyi təqdirdə mütərəqqi dəyişikliklər edilir.

R.Aslanovanın bildirdiyinə görə, dünyəvi dövlətçilik və tolerantlıq mühitinin təmin edilməsi Azərbaycan xalqının müstəqilliyini təmin edən ən vacib sərvətlərdəndir:
 
“Məhdudiyyətlərdən danışılır, bəlkə də çoxları da bilmir ki, “məhdudiyyət” Avropa Konvensiyasında tətbiq edilən hüquqi termindir. Dini-etiqad azadlığının məhdulaşdırıla biləcəyi məqamlar konkret olaraq Avropa Konvensiyasında vurğulanıb və qanuna edilən mütərəqqi dəyişikliklər yalnız bu məqsədlə edilir və ediləcək.

20-ci əsrə qədər Avropada nə dini-etiqad azadlığı sözü, nə də problemi dilə belə gətirilə bilməzdi. Çünki rəsmi bəyan edilən dinlər var idi və söhbət bununla da bitirdi.

Yalnız II Dünya müharibəsini fəlakətli səbəb və nəticələri bu məsələyə diqqəti yönəltməyə vadar edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu Həmin Venesiya Komissiyasının təmsil etdiyi Avropa Şurası 1949-cu ildə yarandı və 1950-cu ildə Avropa İnsan Hüquqları Konvensiyasını qəbul edib”.

Komitə sədri deyib ki, dini-etiqad azadlığına həmin Konvensiyanın 9-cu bəndi həsr edilib, o cümlədən,  bu bəndin ikinci hissəsində dini-etiqad azadlığının məhdudlaşdırıla biləcəyi məqamlar ilk dəfə əksini tapıb ki, həmin məqamlar da bunlardan ibarətdir:

“Məhdudiyyətlər ancaq qanunla müəyyən edildiyi halda; demokratik cəmiyyətdə ictimai sabitlik və asayişin təmin olunması maraqlarına xidmət etdiyi halda; cəmiyyətin sağlamlıq və mənəviyyatının qorunmasına yönəldiyi halda; yaxud da, başqa insanlarının hüquq və azadlıqlarının  qorunmasının zəruri olduğu halda tətbiq edilir.  

Beləliklə də, hər bir dövlət bu sadalanan maraqlar çərçivəsində məhdudiyyətləri tətbiq edə bilər və onların sırası genişlənə bilməz.

 Konvensiyaya görə, dini-etiqad azadlığının əsas istiqaməti tolerantlığın və ictimai konsensusun təminatı kimi başa düşülməsi, yəni, bir qismin hüquqlarının başqalarının hüquqlarını pozulması hesabına reallaşmasına yol verməməkdir.

Konvensiyanın 6-cı maddəsində onu imzalayan dövlətlərin “mədəniyyətlərarası dialoq və dözümlülük ruhunu təşviq etməsi” vurğulanır. Azərbaycan bu Konvensiyaya qoşulub və Qanuna dəyişiklik və  əlavələrdən söz düşəndə söhbət məhz yalnız bundan gedir”.

R.Aslanovanın eyni zamanda qeyd etdiyinə görə, mədəniyyətlərarası dialoqun təşviqində isə Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə demək olar ki, yoxdur:

“İradlara baxsaq orada “icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr, dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunması” və sairəni görərik. Dünyanın hansı dünyəvi ölkəsində bundan fərqli hallar varmı? 

İstərdim ki, cəmiyyətimiz bir daha Venesiya Komissiyasının Azərbaycanda “Dini-etiqad azadlığı haqqında” qanunda məhdudiyyət adlandırdığı və verdiyi əsas tövsiyələrə nəzər salsın və bu barədə aydın təsəvvürləri olsun.

Onlar belədir, yəni, vətəndaşlığı olmayan şəxslərin və xarici vətəndaşların dini təbliğat aparmasına qadağanı aradan qaldırmaq; dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq;

dini icmalara daha çox muxtariyyət hüququ tanımaq; dini icmaların dövlət qeydiyyatında alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi;

dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək;

İslam dininə aid ayin və mərasimlər yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər” maddəsini çıxarmaq; vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etmək”.

Millət vəkili daha sonra bildirib ki, Venesiya Komissiyasının rəyində iradlardan biri də alternativ hərbi xidmətlə bağlıdır:
 
“Gəlin məsələnin kökünə baxaq. Avropa Şurası 2000-ci ildə əsas hüquqlar haqqında Xartiya qəbul edib. Bu sənədin 10-cu maddəsi dini-etiqad azadlığının təminatını əks etdirir. Maddənin 2-ci bəndində novasiya əlavə edilərək ilk dəfə “milli qanunvericiliklərə uyğunlaşdırılmış şəkildə, dini-etiqad əsasında hərbi xidmətdən imtina etmək hüququ” ifadəsini tapıb.

Yəni, cəmi 10 il əvvəl bir əlavə edilib və o zaman artıq 10 ildən çox idi ki, Azərbaycan işğalçı müharibəyə məruz qalmışdı.

 Necə deyərlər, şərhə ehtiyac yoxdur. Amma hər halda bu əlavədə milli qanunvericiliklərə uyğun şəkildə ifadəsinin vurğulanması da əhəmiyyətli sayılmalıdır.

Bu baxımdan, Azərbaycan müharibə şəraitində yaşayan dövlət kimi öz mövqeyini milli praktikadan çıxış edərək bildirir. Azərbaycan müharibə vəziyyətində yaşayır. İşğal altında olan torpaqlarımızda minlərlə məscidlər və dini inanc yerlərimiz var.

Şuşadakı “Gövhərağa” məscidi darmadağın edilib. Bu azmış kimi ölkəmizdəki tolerantlıq mühitindən sui-istifadə edərək, dini-etiqad adı ilə Azərbaycan dövlətçiliyinə qarşı təxribat, konstitusion əsaslara qəsd cəhdlərinin qarşısını ala biləcək əlavə və dəyişiklikləri dini etiqad azadlığının məhdudlaşdırılması kimi qələmə vermək subyektvlik və qərəzdir.  

Bu qədər həssas və mürəkkəb bir sahədə Venesiya Komissiyasının rəyində tələb edilən  “mükəmməllik” anlayışına dünyada hansı dövlətdə rast gəlinir?
Gəlin fikir verək. Venesiya Komissiyasının rəyi “Azərbaycanda din haqqında qanunvericilik mükəmməl deyil” adlanır. 

Mükəmməllik “ideal” sözü ilə sinonimdir və məgər Avropada, yaxud, dünyanın hansısa ölkəsində  ideal və mükəmməl olan hansısa qanun və ona riayət praktikası mövcuddurmu? 

Əgər belə olsaydı, nə üçün dini-etiqad azadlığı institutu 21-ci əsrin ən mübahisəli və mürəkkəb  sahəsi adlanırdı?
Əgər mükəmməllik varsa, o zaman sual olunur: hansı ölkələrdə dini durum bu anlayışla təsvir edilə bilər. Azərbaycanda insanların dini hisslərini təhqir edən müqəddəs kitabların yandırılması, din peyğəmbərlərinin təhqir edilməsi və karikaturalarının çəkilməsi, sivilizasiyalararası münasibətləri qanlı toqquşmalara sürükləyən filmlər çəkilməsi kimi misallar, dözümsüzlüyün, islamafobiyanın “Breyvik nümunəsi” yoxdur”.
Komitə sədrinin həmçinin vurğuladığına görə, seçkilərdə səs toplamaq istəyən siyasi partiyalar Avropadakı kimi öz təbliğatlarını islamafobiya üzərində qurmurlar, Azərbaycanda dini konfessiyalara qarşı ayrı-seçkilik dalğasının yayılması yoxdur:
“Hansı mükəmməllikdən söz gedə bilər ki, bu gün Avropada İslamın mahiyyətindən tamamilə təhrif edilərək tanıdılması, “vəhşi müsəlman” obrazının yaradılması yönündə fəaliyyət görünməmiş hədə çatıb.
Təsadüfi deyil ki, nəhayət  beynəlxalq təşkilatlar Avropadakı vəziyyət haqqında, Avropada müsəlmanlara qarşı diskriminasiyaya aid faktların yer aldığı hesabatlar hazırlayırlar. Əvvəllər isə bu hesabatlar ümumiyyətlə olmayıb.
Sual olunur, neçə yüz ilin demokratik cəmiyyətlərində bu durum pisləşməkdə davam edirsə, Azərbaycan haqda deyilənlərin heç bir əsası yoxdur. Azərbaycan isə  dünyada dini dözümlülüyün təminatına nümunə olan ölkədir və burada tarix boyu heç vaxt dini zəmində qarşıdurma baş verməyib.
Tədqiqat və sorğular göstərir ki, avropalıların yalnız 10-2 faizi dini ibadət və ayinlərə, dəyərlərə ciddi əməl edirlər. Azərbaycan isə öz dini-mənəvi köklərinə olduqca bağlı olan bir ölkədir. Burada hətta 70 illik sovet dönəmində belə xalq öz dini dəyərlərini qoruyub, yaşadıb.
Daha yaxşı olardı ki, Venesiya Komissiyası bir Avropa qurumu olaraq dünyəvi adlanan dövlətlərində bu meyllərin kökünün və gələcək nəticələrinin nə olacağına dair rəyini versin. Dini qanunvericiliyi dəyərləndirərkən adekvat ifadələr işlətsin.

Təşkilat rəyində “ideal, mükəmməl” sözlərini tətbiq edir və həm də yazır ki, “qanun qarışıq terminologiya ilə zəngindir ki, bu da müddəaların dolayı təfsirinə imkan verir”. Qanunvericiliyin dəyərləndirilməsində adekvat terminlərdən istifadə edilmədiyi halda bu bizə tövsiyə edilir. Yenə də şərhə ehtiyac yoxdur.

Venesiya Komissiyasının rəyini alqışlayanlara, onunla həmrəy olan bəzi mövqelərə, hay-küy qoparmalara gəldikdə isə xatırlatmaq istərdik ki, Azərbaycan hüquqi islahatlara, qanunvericilik  proseslərinə milli reallıqdan çıxış edərək, həm yaradıcı, həm də tənqidi yanaşır. Həmin insanlar “Eurovision” müsabiqəsi keçiriləndə də hay-küy qoparanlardır.

İndi isə Venesiya Komissiyası ilə eyni cür düşünənlərə çevriliblər. Azərbaycan qanunvericiliyində təqliddən söhbət getmir. Belə olsaydı eynicinsli nikahlar, cini azlıqlar haqda qanunlar da gündəmə gələ bilərdi. Bunu unutmaq lazım deyil. Azərbaycan dünya hüquq məkanına  tarixi mənəvi dəyərlərini, sivilizasion irsini qoruyaraq inteqrasiya edir. Əks təqdirdə cəmiyyət ifrat liberalizm, mənəvi-əxlaqi relyativizm və dediyimiz “azadlıq dini” fenomenləri ilə üzləşə bilər”.

 





20.10.2012    çap et  çap et