525.Az

Oqtay Rzanı anarkən...


 

Oqtay Rzanı anarkən...  <b style="color:red"> </b>

Oqtay Rza Salyan torpağına, ümumiyyətlə, Azərbaycana şöhrət gətirən şairlərdən olub. Fikirləşirəm ki, bu məhəbbət haradan idi? Dəfələrlə müxtəlif məclislərdə, poeziya yığıncaqlarında iştrak etmişdik. Arada zarafatla deyirdik ki, Oqtay müəllim əməkdar salyançıdır, həm də azərbaycançıdır. O, dəvət gözləməzdi, tədbirlərdə kefinə düşəndə Əliağa Kürçaylıdan, Xəlil Rzadan, Aşıq Pənahdan, Ağacavad Əlizadədən gen-bol danışar, onların sevgiyə, məhəbbətə layiq obrazını yaradardı. Bir dəfə şeirlərinin birində yarızarafat, yarıciddi yazmışdı:

...İndi mən qalmışam 
o beş nəfərdən.

Onlar Oqtay müəllimlə birgə yaşayan nəslin nümayəndələri idilər. O dörd nəfər dünyasını dəyişəndə özündə bir mənəvi yetimlik hiss edirdi, üzə vurmurdu, şirin-şəkər şeirləri ilə bu boşluğu aradan qaldırmaq istəyirdi. 

Bu dünyadan Oqtay Rza da gəlib getdi. Hələ elə bir adam tanımıram ki, onun adı ilə yanaşı "Allah rəhmət eləsin" sözlərini işlətməsin. Qırxı günü Salyanda qəbri üstünə toplaşmışdıq. Tanımadığım bir nəfər yaxınlaşıb tanışlıq verdi: şair Zöhrab Qəmli. Dedi ki, şeir yazmışam, istərdim baxasız. Qoşa vərəqə əllə yazılmış şeirləri götürdüm, söz vermədim ki, hardasa dərc etdirəcəyəm. Amma elə şirin yazılmışdı ki, bu şeiri Oqtay Rza ruhuna ehsanat sandım. 

Noyabrın 2-də Oqtay müəllimin ad günü idi. Gəlin o şeirlə biz də tanış olaq, müəllifinə təşəkkür edək.

***

Zöhrab QƏMLİ 


Oqtay Rzanın ölümünə...

Ölüm karvan kimi baş alıb gedir,
Ömür kərpicindən daş alıb gedir,
Ağlayan gözlərdən yaş alıb gedir,
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Həyat pəncərədir, baxıb, gedirsən,
Ölüm libasını taxıb, gedirsən.
Qaranlıq məzara axıb, gedirsən.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!
 
Ömür çata bilmir, uca yüzlərə.
Ömürdən nə qalır, belə bizlərə?!
Kəfən örtük olur, solan üzlərə.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Kəfənin üstündə qara göndərib,
Səni məzarında dara göndərib,
Allahım gör səni, hara göndərib?
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Şirin nəğmələri dillərdən soruş,
Baharın ətrini güllərdən soruş,
Sən öz qiymətini ellərdən soruş.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!
Məzardan dön bəri, üzünə bir bax,
Zöhrabın qəlbinin gözünə bir bax.
Səninçin ağlayan gözünə bir bax.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Çəkib ürəyini dara torpağım,
Səni tez apardı, hara torpağım?!
Yastığın, yorğanın qara torpağım.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Neçə ürəklərdə sözün qalardı,
Alovu sönməyən gözüm qalardı,
Yaşamaq dalınca gözüm qalardı,
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

Sonuncu mənzilə çatmısan, indi,
Qaranlıq zülmətə batmısan, indi,
Soyuq məzarında, yatmısan, indi.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!  

Ürək məzarında indi dardadır,
Həmişə gözlərim səni sardadır,
Sənə layla çalan, anan hardadır?!
İndi layla çalır, məzarın sənə!  

Zöhrab yaxşı bilir, köçəri quşdur,
Ömrü əvvəl-axır, ölümə tuşdur,
Soyuq məzarının yazıda, qışdır.
Oqtay, nə tez qıydı, azarın sənə?!
İndi layla çalır, məzarın sənə!

 





03.11.2021    çap et  çap et