525.Az

Çiçəklərin söhbəti - Zülfiyyə Mirzəyeva yazır


 

Çiçəklərin söhbəti  -<b style="color:red"> Zülfiyyə Mirzəyeva yazır</b>

İstinin soyuqla yarışdığı, yağış sularının çayın şırıltısına qovuşduğu günlərdən biri idi. Bir tərəfdən Çoban babanın çaldığı tütəklə təbiət yuxuya gedirdisə, quşların səs-səsə verərək oxuduğu mahnı onları yatmağa qoymur, şirin yuxudan oyadırdı. 

Təbiətdən gələn səslər ancaq insanların deyil, çiçəklərin də qəlbini oxşayırdı. Kimsə kənardan onları görsəydi, elə hesab edərdi ki, sanki dil açıb danışırlar. Həqiqətdə isə güllər nə çayın şırıltısını, nə də Çoban babanın çaldığı tütəyin səsini eşidirdilər. Çünki öz aralarında qızğın mübahisə edirdilər. Gah Lalə, gah Qızılgül, gah da Yasəmən gülü qabağa atılır, özlərini tərifləyirdilər. Mübahisəyə son qoymaq üçün Yasəmən bir addım da irəli gəlib yenidən sözə başladı:

Yasəmən: "Mənim əziz qızlarım, gəlin mübahisə etməyək. Qəbul edək ki, güllərin yaraşığı elə məhz özüməm. Həm faydalı, həm ətirliyəm. Görünüşümə isə söz ola bilməz. Ana vətənim Filippində ən əziz qonaqlara dəyərli hədiyyə kimi məni verirlər. Qadınlar saçlarının parlaqlığını mənə borcludular. Əsəbləşən insan məni qoxlasa, dünya onun gözünə cənnət kimi görünər. Görürsünüzmü, mənim faydalarım saymaqla bitməz". 

Bunu eşidən Qızılgül qəzəbləndi, Yasəmənin sözünü kəsib danışmağa başladı: "Özünü çox öymə, Yasəmən! Güllərin şahı mənəm. Şad günlərdə hamı bir-birinə məni hədiyyə edir və könülləri sevindirirlər. İstər qırmızı, sarı, istərsə də mavi, ağ rənglərim qızların evlərinin bəzəyinə çevrilib. Analar, nənələr isti yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı hazırlayırlar. Qızların simalarını məndən hazırlanan gül suyu gözəlləşdirir".

Eşitdiklərinə tab gətirə bilməyən Lalə elə qışqırdı ki, az qaldı bağrı yarılsın: "Gedib bütün dünyanı gəzsəniz, mənim kimi zərif, gözəl gül tapa bilməzsiniz. Axı, məndə olan zərafət hansı çiçəkdə var? Şairlər qədim zamanlardan başlayaraq, mənim adıma şeirlər yazıb, tərifləyiblər. Mənim ləçəklərim o qədər incədir ki, əl vuran kimi dağıla bilir. Bax, buna görə də mənim kimi zərif olan qızlar məni sevir, qorumağa çalışırlar". 

Güllərin səsi o qədər möhkəm çıxırdı ki, artıq qıraq-bucaqdan digər güllər də buraya gəlir, nələrin baş verdiyini öyrənməyə çalışırdılar. Yaxın gələn güllərdən biri də Çobanyastığı idi. O, güllərin söhbətinə gülümsəyərək qulaq asır və mane olmamaq üçün sakitcə onlara tamaşa edirdi. Amma Bənövşə və Nərgiz Çobanyastığı kimi sakit deyildilər. Çiçəklər eşitdiklərinə dözə bilməyib, söhbətə qarışdılar. Birinci sözə Nərgiz başladı: "Qızlar, söhbətinizi bölürəm, amma heç düz danışmırsız. Əgər burda mən olmasaydım, sözləriniz düz olardı. Lakin dağ boyda Nərgiz gülü qarşınızda dayanıb. İstər ətrim, istərsə də görünüşüm bütün dünyaya səs salıb. Əbəs yerə mənə şairlər çiçəyi deməyiblər. Mən bir çox şairlərin ilham mənbəyi də olmuşam. Bunlar azmış kimi, xəstələrə şəfa olsun deyə məndən dərman da hazırlayırlar".

Bənövşə: "Ay Nərgiz, mən səni tanımasaydım, dediklərinə doğrudan da inanardım. Amma elə deyil. İndi həkimlər müalicə üçün səndən çox istifadə etmirlər. Ətrin isə bir çox insanların başını ağrıdır. Amma mən isə tamam başqa aləməm. Qarın altından günəşə boylanan rəngli çiçəklərim, ürək formalı yarpaqlarım yazını gəlişini xəbər verir. Qızdırmanın, öskürəyin cəlladıyam. Mənim ləçəklərimdən dəmlənmiş çayı içən xəstə elə bil dünyaya yenidən gəlir". 

Bu dəfə Çobanyastığı ancaq sakit-sakit qulaq asmadı, həm də ağlından keçənləri digər güllərlə bölüşdü: "Əziz çiçəklər, bayaqdan baxıram sizə ancaq mübahisə edirsiniz. İndi qulağınızı açın, yaxşı-yaxşı mənə qulaq asın. Bu dünyada nə qədər ki insanlar var, hər biriniz seviləcəksiniz, çünki adamlar müxtəlif olduğu kimi, zövqləri də fərqlidir. Hər gülün bir sevəni var. Biri qızılgülü, biri Nərgizi, başqa biri isə Laləni sevir. Buna görə dalaşmayın, əksinə, bir-birinizi sevin, dəstək olun. Hər biriniz insanlar üçün faydalısınız. Elə mən özüm də lazımlı çiçəklərdənəm. Mənim ağ ləçəklərim insanlara ümid çırağıdır. Onlar arzularının həyata keçib-keçməyəcəyini mənim ləçəklərimlə öyrənməyə çalışlar. Düzdü, ləçəklərimi qopardanda canım yanır, amma biləndəki buna görə kimsə xoşbəxt olur, bütün ağrım, acım yox olub gedir. Birinin üzündə təbəssümə səbəb oluramsa, deməli, mən dünyanın ən bəxtəvər çiçəyiyəm".

"Aha, yenə elmlər namizədi Çobanyastığı danışmağa başladı. Hansı dağın başında öyrənmisən, sənə kim öyrədib bunları ey ağ ləçəkləri ilə mənə bənzəyən, amma mənə yad olan Çobanyastığı? Kimə gərəkdir dediyin bu sözlər? Əmin ol ki, dediklərinə heç bir çiçək qulaq asmadı" - deyən İnciçiçəyi digər güllərin söhbətini eşidib dodaqaltı deyindi. "Hələ sən digər çiçəklərin dediyi sözlərə bax! Biri güllərin şahı olub, bir də şairlərin çiçəyi. İndi burada bir külək əsdirərəm ki, kimin şah, kimin kölə olduğunu bilərlər. Mənim kimi min bir dərdə dərman çiçək dura-dura bunlar özlərinə tərif yağdırırlar. Şöhrətim-şanım bütün dünyada yayılıb mənim. Hətta nadir çiçək kimi adımı "Qırmızı kitab"a da salıblar".

"Bir sən danışmamışdın, axır sən də dilləndin. Sizə görə səhər tezdən Çoban babanın çaldığı tütəyin səsinə həsrət qalmışam. Qoymadınız ki, o incə səsə qulaq asa-asa öz gözəlliyimdən ləzzət alım. Mən təbiətin yaratdığı ən gözəl canlı abidəyəm. Məni gözəllik rəmzi olan göy qurşağına bənzədirlər. Görünüşümə xüsusi gözəllik verən rəngli ləçəklərim təravətli ətrimlə birləşəndə dünyanın yeddi möcüzəsindən birinə çevrilir"- deyən Süsəni Qərənfilin gəlişi susdurdu. 

Ağır-ağır addımlayan Qərənfil bir sağa, bir sola baxırdı. Qırmızı ləçəklərini sığallayıb bayaqdan danışan çiçəklərin yanına gəldi və danışmağa başladı: "Əzizlərim, o qədər bərkdən danışırsınız ki, səsiniz lap uzaqdan eşidilir. Bu qədər mübahisə, dava-dalaş nədəndir axı? Biriniz gözəllikdən, digərinizsə, faydalarınızdan danışırsınız - deyən Qərənfil bir qədər susdu, dərindən nəfəs alıb yenidən sözə başladı. Bilirsinizmi, bir vaxtlar mən də sizin kimi, şən, xoşbəxt idim. İnsanlar dünyanın ən dəyərli hədiyyəsi kimi əzizlərinə məni bağışlayardı. Amma bir gün xalqın açılan sabahı xoş gəlmədi. Sonu qələbə ilə bitən qanlı yanvar günü bütün insanların həyatını dəyişdi. Minlərlə insan azadlıq yolunda canından keçib, tarixin unudulmaz səhifələrinə adlarını yazdırdı. Həmin gün cəlladların axıtdıqları günahsız qanlar mənim ləçəklərimi də qızıl qana boyadı. Bir zamanlar sevginin rəmzi olan mən, həmin vaxtdan sonra şəhid balaların nakam ömürlərinə ağlayan çiçəyə çevrildim. Mən də istərdim ki, sizin kimi özümü tərifləyim, amma şəhid analarının, bacılarının yanında boynum bükükdür. Başımı qaldırıb onların kədərli gözlərinə baxa bilmirəm.Utanıram, elə bilirəm ki, hər məni görəndə 31 il bundan əvvəl baş verən hadisələr onların yadına düşür". 

Qərənfil artıq danışa bilmədi, bunları deyib bir kənara keçib ağladı. Uzun müddət bütün güllər heç nə danışmadan bir-birlərinə baxdılar. Heç biri addım atıb Qərənfilin yanına gedə bilmədi. Çünki hansı sözlərlə onu təsəlli edəcəklərini bilmirdilər. Elə bu zaman yenidən addım səsləri eşidildi. Bir tərəfdən gülə, digər tərəfdən bülbülə bənzəyən bu gül hər tərəfə diqqətlə baxır, təmiz havanı qoxlayırdı. Bayaqdan susan çiçəklər onu görüb öz aralarında pıçıldaşdılar. Əvvəlcə onu heç kim tanımadı. Biri adına Zanbaq, digəri isə Qönçə dedi. Bayaqdan danışmayan Yonca diqqətlə çiçəyə baxdı və ucadan həyəcanla qışqırdı: "Tapdım, o, bizim keçmişimiz, bu günümüzdür. O, adına əfsanələr yazılmış, xalqın unudulmaz tarixini öz ləçəklərində yaşadan  Xarıbülbüldür. Uzun illər idi ki, bizlərdən ayrı düşmüşdü. İnana bilmirəm, Xarıbülbül, sən bizim yanımızdasan, sən azadsan! Xoş gəldin, doğma xalqının yanına. Danış görək, bu neçə ildə nələr yaşadın?"

Yoncanın sözlərindən təsirlənən Xarıbülbül digər çiçəkləri yanına çağırdı və sözə başladı: "Əvvəlcə onu deyim ki, əziz çiçəklər, sizləri yenidən gördüyümə görə çox şadam. Bu dəqiqə dünyada məndən xoşbəxt çiçək olmaz. Xalqımın ömür sürdüyü torpaqlarda yaşamaq, nəfəs almaq mənə ən dəyərli xəzinədir. Bu illər ərzində ömrümün ən pis fəsillərini yaşadım, amma heç vaxt ümidimin solmasına icazə vermədim. Hər qışın sonunda, yazın əvvəlində yenidən üzümün güləcəyinə, xalqıma qovuşacağıma inanırdım. Bilirdim ki, mənim millətim vəfasız deyil. Mənim o qəddar qaniçənlərin əlində qalmağıma göz yumayacaqlar. Nəhayət, o gün gəldi..." Birdən Xarıbülbül söhbəti dayandırdı və bayaqdan ağlayan Qərənfilin yanına getdi. "Qərənfil, çox istərdim ki, mənim danışdıqlarıma sən də qulaq asasan. Digər güllər kimi, sənin də söylədiklərini eşitdim. Elə bu səbəbdən, dediklərimə qulaq as, əminəm eşitdiklərin sənin kədərini yox edəcək". Qərənfil onun qəlbini qırmayıb yanına getdi və Xarıbülbül gülümsəyərək yenidən sözünə davam etdi: Nəhayət, illərlə səbirlə gözlədiyim həmin gün gəldi. Qaranlıq gecənin hökm sürdüyü bir vaxt idi. Uzaqdan "Biz gəlirik, Xarıbülbül, səni azad etməyə gəlirik!" kimi səslər eşidilirdi. Əvvəlcə, elə bildim yuxudayam, amma birdən "tapdıq səni, harada gizlənmişdin ey Qarabağımızın baş tacı" deyən əsgərin isti əllərində gözlərimi açdım. Bax onda, başa düşdüm ki, muradıma çatmışam. Mənim yuvama yenidən öz sakinləri qayıdıb. O zaman bildim ki, illər əvvəl axıdılan qanların qisasını Azərbaycan xalqının mərd oğulları alıb. Hamı bir ağızdan, "Şuşa bizimdir, Zəngilan bizimdir, Qarabağ bizimdir" deyirdi. Bax buna görə başını dik tut, Qərənfil. İllər öncə zor gücünə alınan torpaqlara qayıtdıq. Düzdü, qələbəmizlə birgə itkilərimiz də çox oldu. Canımızdan, qanımızdan olan balaların qanı axıdıldı. Amma onlar öz qanları ilə tarix yazıb dastana döndülər".

Əziz güllər, sizin söhbətləriniz məni məyus etdi. Çünki bu sözlər sizi bir-birinizə yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır. Hər biriniz ayrı-ayrılıqda dəyərlisiniz. Sevin, dəstək olun. Bunu unutmayın, indi bölünmək yox, birlik zamanıdır. Bizlər birlikdə güclüyük!

Xarıbülbülün sözlərindən sonra, bütün güllər səhvini başa düşdü və bir araya gələrək bir-birlərini qucaqladılar.  

 





03.11.2021    çap et  çap et