525.Az

Sonuncu qatarı gözləmək - Təranə Arifqızının hekayəsi


 

Sonuncu qatarı gözləmək -<b style="color:red"> Təranə Arifqızının hekayəsi</b>

Özümü qatarın pilləkənindən atamın üstünə necə atdımsa, kişi yerində səndələyib yıxılmaqdan özünü güclə saxladı.

-Yavaş, ay bala,- deyib, boynumu qucaqladı. Nə olub belə, deyəsən, çox darıxıbsan. 

Gözlərim doldu. Nə bilim, dedim. 

-İsmayılın nəvəsi, necəsən? 

Səsə döndüm. Bayaqdan həyəcandan gözümün görmədiyi Zellabdın əmi idi, atamın əmisioğlu. İsmayıl mənim ana babam idi. Kəndin sayılıb- seçılən kişilərindən biri idi. Xətrini hamı istəyərdi. O öləndə bir il bütün kənd ona yas saxlamışdı. Toy- zad eləyən olmamışdı. Adamların hörməti-urvatı var idi e, onda. Yoxsa, indiki kimi? Zellabdın əmi məni çox vaxt elə çağırardı. Bəlkə də adımı bilmirdi, ona görə. Məni qarşılamağa onun “Jiquli”sində gəlmişdilər. 

-Bakı sənə düşüb, maşallah! Elə bil o qara- qura qız deyilsən.-  Üzü qırmızı rəngli şadalankadan olan çəmədanı əlimdən alıb maşına apardı. Atam diqqətlə mənə baxıb: 

-Gəl gedək, şükür ki, sağ-salamat gəldiz, - deyə gülümsədi. Elə bil müharibədən, əsgərlikdən gəlmişdim. Yadıma urisetdə əsgərlik edib, evlərinə dönən məhlə uşaqları düşdü...

Bir də görürdün səs düşürdü ki, filankəs bu gün əsgərlikdən gələcək. Urisetin əsgərliyini eləyənlər iki-üç il ev üzü görmürdülər axı. Nadir hallarda “otpuskuya” gəlirdilər. Buna görə də onların gəlişi çox maraqlı, həyəcanlı olurdu. Biz uşaqlar yolu güdməkdən, gün uzunu neçə dəfə xəstəxana yoluna, poçt yoluna baş vurub qayıtmaqdan yorulmurduq. Nədi, nədi içində əsgər olan maşını görər-görməz muştuluğa qaçırdıq. Indiki kimi hərənin əlində bir telefon yoxuydu ki, gələn əsgərin addımından xəbərimiz olsun. Oğlan uşaqları daha zirəng olurdular. Bircə dəfə əsgər muştuluğu almaq nəsibim olmuşdu. Bəyim xalanın oğlu Afanın( əsil adı Afiq idi)   muştulugun mən vermişdim. Bəyim xala dizlərinə vura-vura öğlunun qabağına qaçmışdı. Oğlunu qucaqlayıb elə ağlamışdı ki, kənarda  boynumu burub muştuluq gözləyə-gözləyə gözlərim dolmuşdu.  Afanın bacıları da “qardaş, şükür, gəldin” deyib, səs-səsə vermişdilər. Məhləyə hay düşmüşdü. Qonum- qonşu gözaydınlığına tökülmüşdü. Gördüm ki, mənə fikir verib, saya salan yoxdu, küskün bir tövr alıb evimizə getmişdim.  Necə yəni, ən gözəl xəbəri mən gətirmişdım, yaddan çıxmamalıydım axı. Çox zaman xəbərə gedənin muştuluğunu əlüstü verirdilər. Nəsə, yəqin mənim bəxtimdəndi. Axşamüstü mamam gözaydınlığına gedəndə, bir qırmızı onluq vermişdi Bəyim xala. Ürəyim “yerinə gəlmişdi”.  Özümə bir şey almasalar da, o vaxt bir qırmızı onluqla üç kilo ət, ya yetmiş qutu duz ( bir kiloluq qutu  yeddi qəpik idi),  ya da qırx kilo qənd almaq olurdu. Yazıram, yazdığıma inanmıram. Amma doğrudan da elə idi. Həmin günü atam kənddəki univermaqdan mənə bir cut “naskı” ( corab) alıb gətirmişdi. Elə sevinmişdim ki...Ondan sonra əsgər gələndə yola daha çox diqqət kəsilmişdim. Ehh, nə günlər idi bizim uşaqlığımız...

Bu fikirləri beynimdən ürəyimə, ürəyimdən dodağımdakı təbəssumə gətirənəcən Zellabdın əminin “Jiquli”si vağzaldakı səs-küyü arxada qoyub “Dördyola” dönmüşdü. 

- Narahatçılıq olmadı ki, yolda?- atam dilləndi.

- Mehrini keçəndən sonra özümüzə gəlmişik. Lənətə gəlmişlərin üzündən sabahdan yol bağlanacaq. Narahatçılıq yəqin ki, ondan sonra olacaq. 

- Bu millətin axırı hara gedir, bilmirəm.- Zellabdın əmi maşının içi olmasına baxmayaraq siqaret yandırıb, tüstüsünü dərindən ciyərlərinə çəkdi.

- Qatar olmasa biz batdıq. Kimdə pul var ki, neçə manat verib təyyarəyə minsin. Bunun tələbəsi var, xeyri var, şəri var... – atam istər-istəməz gileyləndi.

- Ta neyniyək? Vacib işi olanlar gedər də, allaha təvəkkül..

- Bilirsən, camaat nə günə düşəcək? Dolanışıq olmayacaq e.. Hələ duza gedirik.

- Pul da qiymətdən düşüb, dəyəri də yoxdu... Təki sağ-salamatçılıq olsun..nə bilim, vallah- atamın əmoğlusu köksünü ötürdü.

***

Bakıdan Naxçıvana gələn sonuncu qatar  düz otuz il idi ki, sərnişinlərindən xəcalətli idi. Bu səhər isə həyəcanla fit verə- verə perrona yaxınlaşırdı. Üzümüzü ağardanlar Naxçıvan- Bakı qatarını da xəcalətdən qurtarmışdı...

Səməd Vurğun bağının yanından keçib dəmiryolu vağzalına yaxınlaşdıq. Yola salmağa az qala bütün tayfa gəlmişdi. Yəni bu otuz ildə ailəmizin səksən faizi Bakıya köçmüşdü. Otuz il bundan qabaq təkcə tələbə vaxtı evində qaldığım Məhəmməd dayım bakılı idisə, indi cicimdən tutmuş bacıma qədər hamısı paytaxt sakini olmuşdu. Onları da qınamıram. Vaxtilə rəhmətlik atamla Zellabdın əminin dolanışıq barədə dedikləri düz çıxmışdı. Heydər babamın bizə gün ağlaması, Türkiyədən, İrandan gələn yardımlar olmasa millət qırılıb batacaqdı. Aralar bir az da düzələndən sonra qardaş ölkəyə işləməyə gedənlərimiz də çox oldu. Amma hara kimi? Bir yerdə adam özünə, doğmalarına dönmək istəyir. Döndülər və Bakıya axın başladı. Hərə ozünə azdan-çoxdan gün- güzəran qurdu. Təzədən kim dönüb mərkəzdən kəndə gələr? Bəzən qınayırlar bizi. Vallah -billah qınamayın. Bizdə günah yoxdu. Allah erməniyə lənət eləsin. Çamaatı yurd-yuvasından elədi. Nə isə...

İndi paytaxt dönüb olub böyük bir kənd. Hər kəndin filialı da var, qəbirstanlığı da var. Ölülərimiz də bakılı olublar. O günü bir yerdə oxuyuram ki, 1850- ci ildə Bakının yeddi min yarım əhalisi olub. Oxuyub, güldüm. Başıma xeyir, Bakı elə kənddən yaranıb ki... O vaxt yeddi min idi, bu gedişlə bir azdan yeddi milyon olacaq. Əlac ona qalıb ki, ucsuz- bucaqsız kəndə dönən paytaxtı dəyişsinlər. Görəsən, belə bir şey olsa, mərkəz hara olar? Gəncə, Kürdəmir, Göyçay, Ağdam, bəlkə elə Şuşa? Birdən Naxçıvan olsa? Elə gözəl olar ki. Mən də əyalət şairi, jurnalisti adını üstümdən birdəfəlik silərəm. Məsəl var, deyərlər ki, dağ görsə ki, Məhəmməd ona sarı gəlmir, özü Məhəmmədə sarı getsin. Həyat möcüzələrlə doludur. Son möcüzəni də Azərbaycan əsgəri yaratdı. Bütün dünya şahid oldu. Nə bilim, vallah...

Hə, harda qalmışdım axı? Mən də ucun tutanda ucuzluğuna gedirəm. Deynən, kim haranın paytaxtı olur, hansı şəhər ana, hansı şəhər ata olur? Nə işinə qalıb kim harda yaşayır? Kimin ruzisi hardan gəlir, bağlanıb qalır orda dayna. Təki can sağlığı olsun. Təki, qatar yolumuz, maşın yolumuz belə işləsin. Təzə ayaq tutan, dirçəlməyə başlayan Qarabağa, Şuşaya, Zəngilana, Laçına üz tutaq, ordakı turistik məkanlardan qazanc əldə edək, Kəlbəcərin qızıl yataqlarına işləməyə gedək, qəlbimizi qızıla döndərək. Şəhidlərimizə qızıldan abidə qoyaq. Onları vicdanımızın, mənliyimizin, könlümüzün paytaxtına döndərək. Hara getsək, nə iş görsək Onların adı ilə başlayaq. Mərkəz nöqtəmiz azad vətənimz olsun...

****
Qatar yavaş-yavaş perrona yaxınlaşırdı. Məni qarşılamağa gələn hərbi geyimli cavanı az qala tanımayacaqdım. Vaqonun qapısından onun boy-buxununu doyunca süzüb, pıçıldadım:

- Maşallah, Allah pis gözdən saxlasın.

Qucaqlaşıb,öpüşdük. Bir anlıq atasının iyini his etdim. Torpağı sanı yaşasın. Arıf  qucağımdakı qıpqırmızı Abşeron qərənfillərini alıb maşına qoydu:

- Hara gedək , bibi?

- Kənd məzarlığına. Əvvəl şəhidləri, sonra atanla babanı ziyarət edək, bibiqurban.

 





05.11.2021    çap et  çap et