525.Az

Rəhilə Həsənovanın valehedici bədii kəşfləri - Zümrüd Dadaşzadə yazır


 

Rəhilə Həsənovanın valehedici bədii kəşfləri -<b style="color:red"> Zümrüd Dadaşzadə yazır</b>

İllər öncə məşhur alim Leo Mazel  musiqidə “bədii  kəşf”  anlamının tərifini  verməyə cəhd göstərmişdir. Alimin fikrincə, həmin kəşfin məğzi  önəmli, lakin çətin bir araya gətirilən xüsusiyyətlərin keyfiyyətcə yeni tərzdə uzlaşmasındadır.

Azərbaycan akademik musiqisində  bəzi cazibədar  bədii tapıntıları ilə diqqəti cəlb edən  bəstəkarlardan biri, şübhəsiz, Rəhilə Həsənovadır.
Onun yaratmaları, bir qayda olaraq qızğın mübahisələr, rəy  qütbləşməsi doğurur, heyrətləndirir, bəzən  anlanılmır, inkar edilir, amma heç zaman laqeyd qoymur. Bu da sənətkarın daxili müstəqilliyinə, möhkəm iradəsinə, bədii qayələrinin  özünəməxsusluğuna dəlalət edir.

R.Həsənovanın bir  yaradıcı şəxs kimi formalaşmasında  milli musiqi irsi ilə yanaşı, dünya mədəniyyətinin, o cümlədən Şərq musiqi sənətinin müxtəlif  ənənələri, rituallar,  etnik musiqi alətlərinin səslənmələri və s. önəmli rol oynamışdır. Müəllim baxımdan da bəxti gətirmişdir. A.Zeynallı adına Bakı Musiqi Texnikumunda o, “yeganə və təkrarsız”  adlandırdığı Xəyyam Mirzəzadədən dərs almışdır. Konservatoriya müəllimləri arasında isə Rəhilə xanın Fərəc  Qarayevi və Boric Yermolayevi  minnətdarlıqla xatırlayır. Lakin, əlbəttə, onun tərcümeyi-halında Qara Qarayev kimi müqtədir şəxsiyyətin rolu müstəsnadır. Ustadına dərin ehtiram bəsləyən R.Həsənova məqalələrindən  birində yazırdı: “O, axtarış tələb edirdi, çünki öz yaradıcılığı elə axtarış timsalı idi... Bəzən  Müəllimin dərslərində möcüzə baş verirdi: tələbənin “uğursuz” yaratması – “çirkin ördək balası” - xırda düzəlişdən sonra “qamətli ağ qu quşuna” çevrilərdi...” 

Konservatoriyada Rəhilə yeni səslər dünyası – avanqard yönlü musiqinin o zaman  da hələ   çətinliklə ölkəyə daxil olan nümunələri ilə görüşür. Eyni zamanda muğamları da dərindən mənimsəyib,  strukturunu tədqiq edib, onu bir model kimi əsərlərində istifadə etmək barədə düşüncələrə varır. Beləliklə, ən müxtəlif təsirlərin, maraqların çarpazlaşması  Rəhilə xanımın tam fərqli musiqi  üslubunu ərsəyə gətirir.

R.Həsənova yetmişincilər nəslinin ən maraqlı, müstəqil mövqeyə malik simalarındandır. Onun yaradıcılığı həmin nəsli düşündürən məsələləri, axtarış ruhunu  çox bariz əks etdirir. Əsas məqsəd öz yolunu tapmaq, öz mövzularını təklif etmək və həmin mövzuların məxsusi yozumunu vermək idi.

R.Həsənova öz obrazlarını, ideyalarını müxtəlif məxəzlərdən -  Azərbaycan xalqının mərasimləri,  qədim  oyunları, dini musiqi,  təsəvvüf fəlsəfəsi, xalça sənətindən  əxz edir. Əlbəttə, belə bir təsnifat  müəyyən mənada onun yaradıcılıq palitrasının məhdudlaşdırılmasına gətirib çıxara bilər.  Aydındır ki, bəstəkarın sənət dünyası daha geniş, çoxçalarlı və maraqlıdır.  Bəstəkar Köln radiosuna verdiyi müsahibədə (26 noyabr, 2004) qeyd edir ki,  Azərbaycan mədəniyyətinin çox qədim qatları ilə təxtəlşüur səviyyədə əlaqəsini duyur: “Çox zaman mən arxetipik ideal axtarışı  vəziyyətində oluram. Hətta bəzən düşüncələrimdə  bəşəriyyət  tarixinin dərinliklərinə varıram:  sanki mənim 2000, 3000 yaşım var...  Fikrimdə qədim köklərimlə  əlaqəni yaratdıqdan sonra, ideyalar  özləri ərsəyə gəlir”. Bu,   musiqili xalça,  və ya   ritual rəqs, və ya qayaüstü rəsmlər və qədim teatr sənəti ilə bağlı ideyalar ola bilər.

 Onu da deyək ki,  mədəniyyət tariximizlə bağlı bəzi bu kimi  mövzular  70-ci illərdən başlayaraq,  bir sıra Azərbaycan bəstəkarlarının  (A.Əzimov, F.Əlizadə. C.Quliyev, C.Abbasov) diqqət mərkəzində idi.  Odur, əsas məsələ mövzunun həlli,   konkret təcəssümü  ilə bağlıdır.  Burada R.Həsənova həqiqətən  fərqli bir cığırla addımlayır, öz yanaşması, öz metodunu ortalığa qoyur.

Rəhilə xanıma zövq məhdudluğu tam yabançıdır. Onun fikrincə, istənilən dövrə, ənənəyə aid musiqi, məsələn, hind raqası, Çin ənənəvi sənəti, XX yüzilin avanqardı və ya Avropa klassik musiqi mədəniyyəti yaradıcılığa təkan verə bilər. 

“XX əsrin sekvensiyası” (B.Yarustovski) kimi dəyərləndirilən ostinato texnikası,  musiqi toxumasının  modal təşkili,   yığcam ilkin ritmointonasiyanın intensiv işlənməyə məruz qalması,   ritmin önəmliliyi  - bu xüsusiyyətləri  bəstəkarın artıq ilk əsərlərində aşkarlamaq olar. Bütün sadaladıqlarım  minimalizm cərəyanının başlıca əlamətləri sırasındadır.

Onu da deyim ki,  azərbaycanlı müəllifin əsrimizin son rübündə kifayət qədər geniş yayılmış texnika ilə görüşü müəyyən mənada təsadüfi xarakter daşıyırdı: yəni bəstəkar özü, müstəqil surətdə muğamı dərindən mənimsəyib, xalqımızın fəlsəfı, estetik tarixinə dair araşdırmalarla tanış olub, “minimuma qədər reduksiya”nı (A.Pyart) və variantvari təkrarlanmanı əsərlərinin  əsas quruluş prinsipinə çevirir.

Bəstəkarın üslubunu sərgiləyən əsərlər sırasında  Üçüncü simfoniya,  qeyri-ənənəvi tərkibli  ansambllar (Radviloviçin definisiyasıdır)  üçün yazılmış “Dərviş”, “Səma’ ”, “Mərsiyə”, “Pirəbədil”  kompozisiyaları, “Tetraksis” adlı Üçüncü simli kvartet, fortepiano üçün “Alla Meyxana”,   Sonata (“Monad”)  diqqəti çəkir.   Akademik  musiqi üçün tamamilə yeni olan obrazlara üz tutan müəllif  öz ideyalarını  müasir musiqinin kompozisiya texnologiyaları (minimalizmlə yanaşı aleatorika və sonorikanı da qeyd edək)  əsasında  təcəssüm etdirir: həmin yazı üsulları  parlaq milli  xarakteri ilə  fərqlənən mövzuları  tamamilə yeni – təravətli və olduqca özünəməxsus səpkidə, müasir “libasda” təqdim etmək imkanı verir.  

 Bəstəkarın yaradıcılığında minimalizm, repetitiv texnika dramaturgiyanın dinamizasiyası və musiqinin emosional təsir qüvvəsinin artırılması vasitəsidir. Odur, klassik minimalistlərdən fərqli olaraq R.Həsənova əsərləri kreşşendovari profilə malikdir, burda kulminasiya və eniş də var. Minimalizmin etnomədəniyyətin vizual obrazları, xalça, şəbəkə, qurama kimi arxetiplərlə bağlılığını da  nəzərdən qaçırmaq olmaz. Başqa sözlə, müvafiq  texnikanın köməyi ilə bəstəkar  milli mədəniyyətin  ona qədər “tədqiq” olunmayan obrazlarını  təqdim edə bilir: “Məni həmişə sufizm ruhunu minimalizmin köməyi ilə ifadə etmək ideyası cəlb edirdi. Yalnız elə bir texnika tapmaq tələb olunurdu ki, o,  uzlaşmanın üzviliyini təmin etsin. Mən materialın  modal-meditativ səpkidə təşkilinə və ostinato texnikasına müraciət etdim.  Hər ikisi, zənnimcə, qədim musiqi mədəniyyətinə xas olub mənim genetik yaddaşımda yaşayır”, - deyə bəstəkar qeyd edir.

Onu da vurğulayım ki, Rəhilə xanımın təsəvvüf və mistik fəlsəfədən  qaynaqlanan əsərlərinin musiqi tariximizdə yeri xüsusidir.   Onun  yaratmalarının adlarına diqqət yetirək: “Qəsidə”, “Dərviş”, “Mərsiyə”, “Səma’”. Fərəh Əliyevanın təbirincə, “bu əsərləri ilə bəstəkar Azərbaycan musiqisində yeni  obraz və mövzu ilə bağlı yeni səhifə açmış, bu istiqamətdə ilk maraqlı nümunələr yaratmışdır”. R.Həsənovanın “Səma’” kompozisiyası  1999-cu ildə Milleniuma Rekviyem – “Yeni  Dini Musiqi” (Festival Niewu Spirituele Muziek)  festivalında  A.Pyart, G.Kançeli,  C.Adams, Tan Dun, G. Brayersın ( Bryars) əsərləri ilə  bir sırada ifa edilib. Özü də Rəhilə xanım  bu festivalda islam dünyasını  təmsil edən yeganə  bəstəkar olub!

R.Həsənovanın  “musiqili xalçalar” silsiləsi (“Pirəbədil”, “Şəddə”, “Verni”, “Zili”, “Pazırıq”) də sənətimizdə olduqca maraqlı hadisədir. Xalçanı “səsləndirmək” ideyasının kökündə Rəhilə xanımın  çox erkən təmasları və  tələbəlik illərinə təsadüf edən  müstəqil araşdırmaları durur.   Belə ki,   hər bir xalçanı mahnı və ya  rəvayət kimi yozan bir yaşlı xanımla söhbətlər onun yaddaşında  dərin iz buraxmışdır. Sonralar bəstəkar özü də xalçanın utilitar məqsədlə deyil, müəyyən informasiya daşıyıcısı kimi  ərsəyə gətirildiyi ideyasına gəlib çıxır. 

“Mən xalçalardakı rəmzləri, ornamentləri, həndəsə və rəqəmlərlə bağlı təkrarlanan fiqurların musiqi analoqunu yaratmaq istədim”, - deyə bəstəkar vurğulayır. R.Həsənova xalça və musiqi sənəti arasında paralellər apararaq, rəngləri məqamlar, simvolları akkordlar, ümumi kompozisiyanı dramaturgiya, bordürləri ritmlə müqayisə edir.

R.Həsənovanın   əsərləri   həm  Bakıda, həm də vətənindən kənarda – ABŞ, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə, Rusiya, Ukrayna,   Hollandiya, Yaponiya, İsrail və başqa ölkələrdə ifa olunmuş, nüfuzlu  beynəlxalq  festivalların proqramına daxil edilmişdir.  ABŞ, Böyük Britaniya, Almaniya və Polşada bəstəkarın müəllif konsertləri böyük uğurla keçirilmişdir.   Almaniyada “Dərviş” adlı kompakt-diski  işıq üzü görmüşdür (2004). R.Həsənova  İtaliyada Adkins Chiti tərəfindən yaradılan “Donne in Musica” fondunun  ard-arda 3 festivalında (1998-2000-ci illər) Azərbaycanı  təmsil etmişdir. “Üzü zirvəyə” (1989), Qarayev adına “XX əsr musiqisi” (1990),  “25 il Qara Qarayevsiz” (2008) festivallarında da onun əsərləri yer almış, “Pirəbədil” kompozisiyası 1996-cı ildə  Amsterdamda “Köhnə Rusiya  - Yeni Azərbaycan” konsertinin proqramına salınmışdır.  2004-cü ildə isə həmin kompozisiya Moskvada “Qara Qarayev və onun məktəbi” musiqi gecəsində səslənmişdir. Bəstəkarın “Merac gecəsi”  adı ilə  vətənində baş tutan iki müəllif konserti (1993, 2003) musiqi həyatımızda önəmli hadisə olmuş,  elmi, ədəbi ictimaiyyətdə böyük rezonans doğurmuşdu. 

Hal-hazırda ABŞ-da yaşayan Rəhilə Həsənova  bəstəkar və pedaqoq kimi çox fəal çalışır.  Onun son  on ildə yazdığı  opusların sayı  50 rəqəmini adlayır. Əlbəttə,  kəmiyyət o qədər də vacib amil deyil.  Məsələ Həsənovanın şəksiz   ustalığı və  hüdudsuz ixtiraçılıq qabiliyyətindədir. Onun hər bir ideyası    orijinal başlıqda əks olunur, əsərin kodunu özündə ehtiva edir.  “Plasma  clusters”  gitaralar kvarteti,  “Xəzri-Gilavar”  klarnetlər kvarteti və zərb alətləri, “Rainforest” arfa  və saxsofon-alto, “Spinning  spheres”  valtorna və marimba  üçün – siyahını davam etdirmək olar – nəzərdə tutulub.  Əsərlərin adları ( “Rihthmical Streams”, “Pulse”), bir çox opuslarda zərb alətlərinin dominantlığı həm də onların dinamik, enerjili, hərəkət aşılanmış məzmununa dəlalət edir. 

Xaricdə yaşadığı illərdə R.Həsənova - yer kürəsinin başqa qütbündə püxtələşmiş bir  insan  - öz yaradıcılığını tamam fərqli bir görüm bucağından seyr etmək, ona təzə nəzərlə baxmaq imkanı əldə etmişdir. Perfeksionizmi ilə seçilən Rəhilə xanım  bir çox əsərlərini  əsaslı tərzdə redaktə etmiş, köhnə əsərlərə “yeni həyat” vermişdir.  Ümumiyyətlə, seçdiyi yolun səmərəli olduğunu yəqin etsə də, R.Həsənova həmişə  yeni  qəfil dönümlər sorağındadır: “Bir yerdə durmaq ölümə bərabərdir, mənim üçün  daim  inkişaf etmək, irəliləmək  daha önəmli olub... Necə  yaradasan ki, arxaya yuvarlanmayıb,  saxta müasirliyə uymayıb, muğamın istismarına son qoyub bir yenilik  ərsəyə gətirəsən?” Rəhilə xanım  indi bu düşüncələrlə yaşayır.

Tələbəlik  dönəmindən dəqiq elmlərə meyli olan  bəstəkar ən yeni elmi tədqiqatlarla mütəmadi tanış olur, elmi məqalələrin mütaliəsinə  xeyli vaxt ayırır.  Son zamanlar o, elmi bilikləri emosiyalar süzgəcindən keçirib öz üslubunu yeni cəhətlərlə zənginləşdirməyə çalışır. Bəstəkar əmindir ki,  musiqidə gözəllik önəmlidir. Burada dəqiq məntiq  həmin ali gözəlliyi təmin etməlidir. 

Bəstəkarın emala cəlb etdiyi  estetik material öz genişliyi və rəngarəngliyi ilə  valeh edir. Eyni zamanda “muğam, milli musiqi qanımdadır və bunu dəf etmək qeyri-mümkün və lüzumsuzdur”, -deyən R.Həsənovanın Vətəndən uzaqda yazdığı əsərlərinin, demək olar ki, hamısında -  bəzi əcnəbi başlıqlara rəğmən- onun “azərbaycanlı əllərinin izi” (Q.Qarayev) sezilməkdədir.

Məhz xaricdə Rəhilə xanım öz “musiqili xalçalar qalereyası”nı ( “Şəddə”, “Verni”, “Zili”, “Pazırık”)   gerçəkləşdirmiş, “Qavaldaş”, “Xəzri- Gilavar” kimi “doğma” adlara malik opuslarını yaratmışdır.  Bu “milli” nümunələrdən başqa müəllif simfonik orkestr üçün  “Yurt”u, “Eos-Helios”u, “Perfect Equilibrium” piano kvintetini,  “Solar Winds” ağac nəfəsli alətlər kvartetini,  solo  bass  clarinet üçün “Penetrations”ı daha önəmli adlandırı. “Yurt”un konsepsiyası  türk insanının “dünya mənim yurdumdur” ifadəsində əksini tapan fəlsəfəsinə  söykənir. Bəstəkar  öz qayəsini açaraq  aşağıdakı fikri vurğulayır: “Əgər insan yurtun (yurtanın) mərkəzidirsə, onun yurtu Yerin mərkəzidir. Yer Kainatın mərkəzidirsə, onda bütün  Kainat türk insanının  evidir. Beləliklə, yurta  onun üçün Dünyanın rəmzidir. Odur, o, evini xüsusi qüvvəyə malik rəmzlərlə, xalçalarla bəzəyir ki,  Yuva/Yurt/ Dünya qorunmuş olsun”.

Məqalə R. Həsənovanın pedaqoq  və tədqiqatçı kimi  fəaliyyətindən  geniş danışmağa imkan vermir. Uzun illər musiqi məktəbində çalışan  Rəhilə xanımın  misilsiz pedaqoji təcrübəsinin nəticəsi  olaraq musiqi nəzəriyyəsi üzrə proqramı ardıcıl illüstrasiya edən dərslik -  Solfecio ərsəyə gəldi. Vəsaitin sonuncu hissəsində Rəhilə xanım uşaqlara Azərbaycan musiqisini duymaq vərdişini aşılamaq məqsədilə  ayrı-ayrı    məqamlarda özü tərəfindən bəstələnmiş  nümunələr və milli musiqidən  səciyyəvi  fraqmentlər (“Arazbarı”, “Mənsuriyyə” və s.) yerləşdirir. Beləliklə,  R.Həsənovanın Solfeciosu şagirdləri lap erkən yaşlarından milli qaynaqlarımızla görüşdürür, onların  musiqi duyumunu bir növ milli kökə “sazlayır”.

1997-2009-cu illərdə Rəhilə Həsənovanın fəaliyyəti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə bağlıdır. Burada o, Akademiya nəzdində məktəb-studiyada, habelə “Musiqi tarixi” kafedrasında (2006-cı ildən dosentdir) çalışmışdır.     R.Həsənovanın “Musiqili-səhnə əsərlərinin təhlilində fono-informativ və antropoloji metodların əhəmiyyəti haqqında” (2007), “İnformasiya cəmiyyətində musiqi təfəkkürünün təkamülü prosesi haqqında” metodik işləmələri, “Menecmentdə kompüter musiqisi”  kursuna dair  tərtib etdiyi Proqram müəllim və tələbələri dəyərli tədris vəsaiti ilə təchiz edib. 

2005-ci ildə Rəhilə xanım “Musiqi nəzəriyyəsi  fənlərarası tədqiqat obyekti kimi” elmi işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. .R.Həsənovanın musiqi sənətinə dair  çoxjanrlı məqalələri, esseləri “Katarsisin yeni modeli” (2006), “Səs cisimlərinin dünyası” (2009) toplularında əksini tapmışdır.

Şadam ki vaxtilə Bəstəkarlar  İttifaqında işə başladığım zaman mən Rəhilə xanımın musiqisi ilə görüşdüm- “Çeşmə” piano silsiləsinin özgün aləminin- əski ritm və saf melodiyalarının cazibəsi altına düşdüm.  Onun sənəti ilə mütəmadi təmas  sonralar da mənə o qədər unudulmaz təəssürat bəxş etdi! Yadıma gəlir, bir dəfə  tanınmış musiqişünas V.Rojnovski belə bir fikir səsləndirmişdir: “Bəzən elə təsəvvür yarana bilər ki, musiqi tənqidçiləri yalnız bu və ya digər əsərin qüsurlarını axtarırlar. Amma bu, əsla belə deyil. Əslində  hər  bir tənqidçi bədii cəhətdən maraqlı nümunələr intizarındadır. Və belə əsərlə qarşılaşırsa, o, hamıdan çox sevinir”.  

Xoşbəxtəm ki,  mənim də araşdırıcılıq fəaliyyətimdə belə xoşbəxt məqamlar olub və onların böyük bir hissəsi məhz   R.Həsənovanın  musiqisi ilə bağlıdır.  Elə son çıxışımlarımda, ICTM kimi nüfuzlu təşkilatın simpoziumunda, Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda  mən ənənələrin çağdaş musiqidə rolu haqda danışarkən   Rəhilə Həsənovanın əsərlərinə də üz tutdum və   xarici ölkələrdən həmkarlarımın onun yaradıcılığına marağını görüb sevindim.

İndi də Almaniyanın “Zeitung Für Moers”   qəzetinin müxbiri Günter Metzner’in Rəna Rzayevanın ifasında “Monad” sonatasını  dinlədikdən sonra yazdıqlarını sitat gətirmək istərdim: “Burada sanki Filip Qlassın minimalist musiqisi Entoni Brekstonun yeni mürəkkəb  cazı ilə birləşib elə bir nəhəng eyforiya yaradırdı ki, Raxmaninov musiqisinin partlayışları müqayisədə qüvvəsini itirir, sakit, sönük  səslənirdi” (3 noyabr, 1993). Bu sitat Rəhilə Həsənovanın  bədii kəşf yaratmaq iqtidarına inandırıcı dəlil deyilmi?

Çağdaş dövrdə “bəstəkarlar zamanının sonu” haqqında  müzakirələr  vüsət almış, bu mövzu hətta  tədqiqat işləri doğurmuşdur. Ən bədbin proqnozlara  baxmayaraq,  dünyanın  müxtəlif guşələrində yaşayan sənətkarlar fəaliyyətini dayandırmır, yeni səslər, obrazlar  sorağında  çalışırlar.  Belə axtarış həvəsli məhsuldar müəlliflərdən biri də  azərbaycanlı  Rəhilə Həsənovadır.  Onun  sənət aləmi dərin, obrazları rəngarəng, aşkarladığı yeni səslər məftunedicidir. Bəstəkar  müasir musiqi burulğanında öz simasını mühafizə etmək  qabiliyyəti sərgiləyir, nə simasız ortastatistik Avropa avanqardına uyur, nə də milli musiqinin insafsız istismarına yol verir. Nadir bir balansa nail olur: çağdaş dövrün   ab-havası ilə aşılanan, eyni zamanda özgünlüyünü itirməyən yaratmalar ərsəyə gətirir. Onun sənət dünyasına  varmaq o qədər də asan deyil:  musiqisi   duyumumuza sığal çəkmir, hətta diskomfort hissi də yaradır.  Yalnız araşdırmaya meyilli, həssas musiqi duyumlu dinləyicilər müəllifin qurduğu labirintlərdən keçə bilərlər. Və əgər bu yol  qət olunarsa, sonucda bir mükafat kimi mənəvi sarsıntı və daxili saflaşma labüddür.

Sonuncu dəfə Rəhilə  xanımın musiqisi Bakıda 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Nəsimi - şeir, incəsənət, mədəniyyət festivalı”nın bağlanışında ifa olunmuşdur. O zaman  Heydər Əliyev Mərkəzinin salonunda bəstəkarın “Ulduzların laylası” kompozisiyası ekranda peyda olan ulduzlu səmanın fonunda səslənib  Nəsimi  poeziyasının ecazı, sonsuzluğu, kosmik vüsəti təəssüratını yaradaraq bizi sanki ovsunlamışdır. Çox istərdim ki,  artıq illər öncə  çağdaş musiqidə  layiqli yer qazanmış Rəhilə Həsənovanın əsərləri onun bütün qəlbi ilə sevdiyi vətənində daha tez-tez  ifa olunsun. Həmin  saxtakarlıqdan tam uzaq, içdən gələn kövrək övlad sevgisini duymaq üçün isə  Rəhilə xanımın   “Bakı”, “Vətən qoxusu” lirik esselərini oxumaq kifayətdir.

Bu günlərdə həyatında yuvarlaq tarix qeyd edən bəstəkara, sənət dostuma əvvəla  sağlıq, enerji, sonra da  şövq, yeni səslər sorağında uğurlar, dinləyicini heyrətləndirən, musiqişünasları araşdırmaya sövq edən  yeni əsərlər, bədii kəşflər  diləmək istərdim.

 





10.11.2021    çap et  çap et