525.Az

“Mənim sənətim öz-özlüyündə böyük mükafatdı” (Müsahibə)


 

“Mənim sənətim öz-özlüyündə böyük mükafatdı”<b style="color:red"> (Müsahibə)</b>

Pərvinin həmsöhbəti latviyalı şair, tərcüməçi, türkoloq, Latviya Elmlər Akademiyasının fəxri akademiki Uldis Berzinşdi.

Pərvin: Azərbaycana xoş gəlmisiniz, Uldis. Söhbətimizə başlamazdan əvvəl soruşmaq istəyirəm ki, hansı dildə danışmağa üstünlük verirsiniz?

Uldis Berzinş: Maraqlıdı... Bəzən bildiyim dillərin sayını itirirəm. Türk, azəri türkcəsi, qədim yəhudi, müasir ivrit, fars, ərəb, tatar, çuvaş... (düşünür) İyirmiyə yaxın olmalıdı. Amma indi sizinlə azəricə “konuşmaq” istəyirəm. Çünki bu dili çox sevirəm və daha da dərindən öyrənmək arzusundayam.

Pərvin: Azərbaycan dilinə və ədəbiyyatına sevginin kökü, təməli hardan başlayır?

Uldis Berzinş: Bu həm də tale işidi. 1968-1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq fakültəsində oxuyurdum, türk dilini öyrənirdim. 1969-cu ildə Leninqrad Universitetinin göndərişi ilə Bakıya gəldim. O zamankı Kirov adına Azərbaycan Dövlət Universitetində təcrübə keçdim. O vaxtlar Azərbaycan Sovetlərin tərkibində idi. Amma türk, azəri atmosferi də qorunurdu. Bura bağlılığımın yaranması, möhkəmlənməsi həm də dostlarımın xidmətidi. Əkrəm Əylisli, Anar və Ramiz Rövşənlə gənclik illərindən dostam.

Pərvin: Artıq 30 ildən çoxdu ki, ədəbiyyatımız və ölkəmizlə əlaqələriniz var. Bildiyimə görə bura ara-sıra səfərləriniz də olur. Sizcə 30 il ərzində ən çox nə dəyişilib?

Uldis Berzinş: Bilirsiniz, mənim hələ Brejnev zamanında burada görüb tənqid etdiyim bəzi məsələlər var idi... Axırıncı dəfə üç il öncə Azərbaycanda olmuşam. Ümumiyyətlə, ölkəniz müstəqil olandan sonra bir neçə səfərim olub bura. İnsanların psixologiyasında, davranışında xeyli fərqlər görürəm. Azadlıq, “özgürlük” hər yerdə hiss olunur. Hətta şəhərinizin müasirləşməsində belə... Amma təəssüf ki, Brejnev zamanında tənqid etdiyim bəzi məqamlar hələ də tam həll olmayıb. Bəlkə də buna daha artıq zaman lazımdır. 



Pərvin: Maraqlıdı, bir neçə misal gətirə bilərsinizmi?


Uldis Berzinş: Elə bu günlərdə şahidi olduğum məsələni deyəcəyəm. Nizami ilə bağlı olacaq iradım. 30 il bundan əvvəl Nizami Gəncəvinin 840 illik yubileyində dahi şairin yaradıcılığı yalnız Azərbaycan dilində səsləndirildi. Nizamini azəricə oxumağımız və gənc nəslə öyrətməyimiz çox maraqlıdı. Səməd Vurğun, Abdulla Şaiq və başqa sənətkarlar onun əsərlərini Azərbaycan dilinə çox gözəl tərcümə ediblər. Ancaq doğrusu mən Nizami şeirini orijinalda da eşitmək istəyirəm. Sovet dövründə bunun yasaq edilməsi məlumdu. Amma indi...

Pərvin: Düşünürsünüz ki, Nizaminin əsərlərindən parçalar farscada səsləndirilsə, onun ahəngini, “melodiya”sını daha gözəl anlayarıq elə deyilmi?

Uldis Berzinş: Bəli. Haqlısınız. Mən belə düşünürəm... Bilirsiniz, mən Nizamini rusca da oxumuşam. O bu torpağın yetirməsidi, “sərvət”inizin bir parçasıdı. Məncə, o mövzuları, yanaşması, düşüncəsi ilə əsl türk şairidi. Lakin burada bir məqam var. Nizami çox güman ki, övladı, valideyni, yaxınları, hətta sevdiyi xanımı ilə Azərbaycan türkcəsində söhbət edib. Lakin heç şübhəsiz ki, o, ilham pərisi ilə farsca danışıb. Belə olduğu halda biz niyə onların dialoqunu orijinal variantda dinləməyək? Ümid edirəm ki, növbəti yubileylərdə dinləmək imkanımız olacaq.

Pərvin: “Kitabi-Dədə Qorqud” dastanını latış dilinə tərcümə etmisiniz. Latviyada türk dastanı necə qarşılanmışdı?

Uldis Berzinş: “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” boyunun tərcüməsinə hələ gənclik illərimdən başlamışdım. Dastanın tam mətnini isə 20 ilə  tərcümə edib bitirdim. Fasilələrlə təbii. Türk dastanı latış oxucuları tərəfindən çox böyük maraqla qarşılanmışdı. Hətta xatırlayıram ki, “Dəli Domrul” boyu səhnələşdirilmişdi. Tamaşaçılar bu səhnə əsərini çox bəyənmişdilər.

Pərvin: Latış oxucusu sizin tərcümələriniz sayəsində bir neçə Azərbaycan yazıçısı ilə, əsərləriylə tanış olub. Sizcə hazırda Latviyada bizim ədəbiyyata maraq varmı?

Uldis Berzinş: Ümumilikdə ədəbiyyata maraq azalıb. Amma mən deyərdim ki, hələ o dövrdə Azərbaycan dilindən latış dilinə ilk tərcümə etdiyim kitab Rəsul Rzanın şeirlər kitabı olmuşdu. Latviyada bu kitab çox sevildi. Yaxud Əkrəm Əylislinin “Adamlar və ağaclar” kitabı böyük maraqla qarşılanmışdı. Ramiz Rövşənin bir neçə şeirini və hekayəsini latışcaya tərcümə etmişəm. Lakin onun “Nəfəs” kitablar-kitabını bütövlüklə tərcümə edib öz həmyerlilərimə oxutdurmağı çox arzulayıram. Məncə, yaxşı əsəri harda yazılmasından asılı olmayaraq, oxucu sevir və qəbul edir. Şübhəsiz, keyfiyyətli tərcümə də çox vacib şərtdi.

Pərvin: Azərbaycan ədəbiyyatı ilə bağlı görmək istədiyiniz çoxmu işlər qalır?

Uldis Berzinş: İllər öncə Rəsul Rzanın “Rənglər” silsiləsini tərcümə etmişəm. Son vaxtlarda bu əsərə yenidən baxdım, daha dəqiq işlədim üzərində. Mənim İsveçdə yaşayan latış dostum da bu əsəri isveç dilinə çevirib. Əslində biz Rəsul Rzanın 100 illiyinə bu işləri yekunlaşdırıb kitab halında çap etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Lakin indi həm Rəsul Rzanın “Rənglər”ini, həm də 20 il öncə latışca işıq üzü görən “Kitabi-Dədə Qorqud”u yenidən nəşr etməyi planlaşdırırıq.

Pərvin: Yeni yazılan əsərlərin tərcüməsi barədə düşünmürsünüz ki?

Uldis Berzinş: Heyf ki, yeni yazılan əsərlərdən xəbərsizəm. Əgər zövqünə inandığım adam maraqlı bir əsər təqdim etsə, oxuyaram, bəyənsəm, tərcümə edərəm. İndi axtarışlara zamanım heç yoxdur. Hazırda qədim ispan eposu “Mənim Sidem haqqında mahnı”nı latış dilinə tərcümə edirəm. Çoxlu yarımçıq işlərim var. Hərdən o işləri yekunlaşdıracağıma özüm də şübhə ilə yanaşıram. Bəzən bir əsərin tərcüməsi illərlə davam edir...

Pərvin: Belə irihəcmli işlərinizdən biri də Qurani-Kərimin tərcüməsi olub. Müsəlmanların müqəddəs kitabını latışcaya çevirmisiniz. Bu cür  məsuliyyətli və çətin işə başlamağa sövq edən nə idi?

Uldis Berzinş: Qurandan öncə “İncil” və “Tövrat”ın müəyyən bölmələrini latışcaya tərcümə etmişəm. Özüm dindar adam olmasam da, Quran məni qəribə şəkildə cəlb edirdi. Mən Quranda öz əksini tapmış “Müraciət”lə yanaşı, bu mətnin dünyanın tarixini necə, hansı möcüzəylə dəyişdiyini də öyrənmək istəyirdim. Başlanğıcda çox cəsarətsiz idim. Amma mətnin içərisinə “daxil olduqca” daha da cəzb elədi məni.

Pərvin: Quranın mətni ilə iş başqa tərcümələrdən seçilirdi yəqin ki?

Uldis Berzinş: Əlbəttə, daha çətin idi. Amma bilirdim ki, bu işi məndən başqası etməyəcək. Ona görə 15 ilimi sərf etdim. Həm də mən bu kitabın üslubunu, ərəb sintaksisini, məntiqini qorumağa çalışırdım. Bu da tərcümə prosesini ləngidir və qəlizləşdirirdi. Lakin qafiyəni qorumaq heç cür alınmadı (gülür). Çünki o kitabın müəllifini görməmişəm və onunla məsləhətləşmək imkanım olmayıb. Quranda pulun insanlıq üzərində hakimiyyətinə, cəmiyyətin təbəqələşməsinə, rüşvətə, yalançılığa qarşıdı. Ona görə də məncə bu kitabı oxuyan adamların sayı artdıqca, ədalət və sülh qaydaya çevrilər. Bu mənada Qurani-Kərimin latışcaya çevrilməsi ümumbəşəri hadisədi.

Pərvin: Bütün bu söhbətimiz əsnasında böyük işlər gördüyünüzə bir daha əmin oldum. Maraqlıdı ki, əziyyətlərinizin bəhrəsini layiqincə görürsünüzmü?

Uldis Berzinş: Əlbəttə, görürəm! Lakin buna heç ehtiyac da yoxdu. Çünki mənim sənətim öz-özlüyündə böyük mükafatdı.

P.S.  Uldis Berzinş söhbətimizin sonunda özünün Olqa Peterson tərəfindən ruscaya tərcümə olunmuş şeir kitabını avtoqraf yazıb hədiyyə edir mənə. Kitabın arxasında email adresini yazandan sonra üzümə baxıb gülümsəyir. Adresin tərkibində EBA sözü var. Mənasını anlamıram. Soruşmağa macal vermədən özü izah edir:
- Mən körpə olanda anamı öz uşaq dilimdə belə çağırmışam: Eba...
Eşitdiyim cavabdan heyrətlənirəm. 20-ə yaxın dil bilən 62 yaşlı adam öz “uşaq dili”ni hələ də qoruyur. Yəqin çox bilməyin sirri budu. Təkcə oxumaq yox, həm də qorumaq!

 





21.10.2012    çap et  çap et